Bina günümüzədək gəlib çatıb
Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulması tarixi 18 noyabr 1992-ci il göstərilsə də, bu əlaqələrin tarixi daha dərin köklərə malikdir.
Məlumdur ki, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin əsası 1918-ci ildə qoyulub. Həmin ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Gürcüstan Demoktarik Respublikasında (GDR), oktyabrında isə GDR-in AXC-də diplomatik nümayəndəliyi təsis edilib. Deməli, bu gün iki ölkənin diplomatik əlaqələr qurmasından 33 il deyil, 107 il ötür. 18 noyabr diplomatik əlaqələrin bərpası günü kimi qeyd edilməlidir.
Maraqlıdır, AXC-nin Tbilisidə diplomatik missiyası hansı ünvanda yerləşib? Bu suala cavabı tarix elmləri doktoru Fəxri Valehoğlunun“Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” kitabında (Bakı-2025) tapmaq mümkündür.
Nəşrdən məlum olur ki, AXC-nin diplomatik nümayəndəliyi fəaliyyətə başladığı gündən 1919-cu ilin payız aylarınadək Tiflis şəhərində Davit küçəsi 5 ünvanında (indiki Besiki küçəsi) yerləşib. Qeyd edək ki, bu küçə bizə Cəlil Məmmədquluzadənin uzun illərdir fəaliyyətsiz olan ev-muzeyinin (Besiki küçəsi, 24) yerləşdiyi məkan kimi daha çox tanışdır.
Müəllifin ünvanla bağlı istinad etdiyi “Sakartvelo” qəzetinin 1919-cu il 19 iyul tarixli 151-ci sayının 4-cü səhifəsindən:
Tbilisidə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin ünvanları adlı siyahıda 7-ci sırada göstərilib:
Kitabda qeyd olunub ki, missiyanın yerləşdiyi 6 kiçik otaqdan ibarət mənzil iş şəraiti üçün uyğunsuz olub. Bu səbəbdən missiya münasib binanın ayrılması ilə bağlı Gürcüstanın o zamankı Xarici İşlər Nazirliyinə dəfələrlə müraciət ünvanlayıb. 1919-cu ilin oktyabr-noyabr aylarına aid rəsmi arxiv sənədlərindən Azərbaycanın Gürcüstandakı diplomatik missiyasının bir müddət əvvəl Davit küçəsi 5 ünvanından Velyaminov küçəsi 12-yə (hazırkı Şalva Dadiani küçəsi) köçdüyü və bu son ünvanda vəd edilən mənzillərin o dövrdə tam olaraq missiyanın ixtiyarına verilmədiyi bəlli olur. Şalva Dadiani küçəsi 12 ünvanında yerləşən tarixi bina günümüzə qədər gəlib çatıb.
Tbilisinin Besiki küçəsi 5 ünvanında isə 3 tarixi bina yerləşir. Yaşayış binalarından birinin nömrəsi “5”, digəri “5 a” olaraq göstərilib. Üçüncü binanın da fasadında fərqli ad bildirən lövhədə “5” rəqəmi əks olunub. Həmin bina Zubalaşvili qardaşları 1 küçəsi ilə kəsişmədə yerləşir, burada ofislər fəaliyyət göstərir.
Azərbaycanın Gürcüstandakı ilk diplomatik nümayəndəliyinin yerləşdiyi yaşayış binasının aşağıda fotoşəkli birinci göstərilən tikilinin olduğunu daha çox ehtimal etmək olar.
Lakin missiyanın yerləşdiyi binanın dəqiq olaraq müəyyənləşdirilməsi əlavə araşdırma tələb edir. Bunun üçün Tbilisi şəhərinin açıq mənbələrdə rast gəlinməyən 1918 və yaxud 1919-cu il üzrə planında keçmiş Davit küçəsindəki binaların nömrələnməsi tədqiq olunmalıdır.
Binanın dəqiq müəyyən edilməsindən sonra tikilinin fasadına gürcücə və ingiliscə “Bu binada 1918-1919-cu illərdə Azərbaycanın ilk diplomatik missiyası yerləşib” yazılı memorial lövhənin vurulmasına nail olmaq mümkün ola bilər. Ölkələr arasında münasibətlərdə belə bir təcrübə var. Məsələn, 2022-ci ilin iyulunda İsveçrənin paytaxtı Bern şəhərində Gürcüstanın ilk diplomatik missiyasının 1918-1920-ci illərdə yerləşdiyi binaya xatirə lövhəsi vurulub. Həmin ildə iki ölkə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü tamam olmuşdu və lövhənin açılış mərasimi məhz bu əlamətdar tarixə həsr edilmişdi.
Aziz.ge