Mən Elxan Zal Qaraxan - Özüm barədə esse


Elxan Zal-65

“Ordu günü” kitabını çapa hazırlayarkən, məsləhət oldu ki, ora özkeçmişimi də salım. Öz-özümə dedim ki, aya qardaş, özüm barədə özümdən yaxşı yazası adamlar yazdıqlarını yazıblar, qalan bir özüməm. İmzam da Allaha şükür, padişah imzası kimi bir şeydir, möhür yerinə vurulur. Demək belə, özüm özüm barədə...

Mən Kaşqarda da doğula bilərdim, Təbrizdə də. Mən türk atlarının nallarının dəydiyi hər bir obada doğula bilərdim. Amma tanrının hökmüylə 1961-də Azərbaycan ulusunda, Tovuz şəhərində doğuldum. Mən uşaq olanda bu şəhərə Taus deyirdilər, sonradan başbilənlərin ağıllarına nə gəldisə Tovuz toponimini qəbul elədilər. Orta məktəbdə müəllimlər bizə belə izah edirdilər ki, bir zamanlar burada çoxlu tovuz quşları yaşadığına görə bu əraziyə Tovuz deyiblər. Hətta şəhərin girəcəyinə heykəl də qoymuşdular, quş nənələrimizin şərəfinə. Biz də uydurmalar aləmində yaşayan bütün Sovet uşaqları kimi günlərlə Tovuzçayın sahilində tovuzquşu lələkləri axtarışlarına çıxırdıq. Bu səyahətlər barədə bir balaca poema da yazmışdım, yəqin Tovuzdakı arxivimdədir.

İlk ədəbiyyat bilgilərimi nənəmdən almışam. Nənəm rus və dünya ədəbiyyatı ilə bağlı geniş bilgilərə malik idi, üstəlik özünün də zəngin folklor fondu vardı və bu bilgilərlə nəvəsi ilə həvəslə bölüşürdü. Ümumən aristokrat əsilli çox bəsirətli qadınıydı nənəm, yüzlərlə şeir bilirdi əzbərdən, nağıl dünyası da elə geniş idi ki. Sonradan bu nağıllar mənim yazılarıma qarışdı, mən çoxdan unudulan qədim mifik personajları Azərbaycan reallıqlarına, hətta Bakı küçələrinə, gətirdim. Nənəmin adında da bir mistika vardı - Elenor, elə nur vermək üçün xəlq olunmuşdu bu qadın. Bu nur mənim əsərlərimdə Azərbaycan dili var olduqca yaşayacaq yəqin.

Azərbaycan ədəbiyyatı ilə tanışlığım isə yəqin ki, orta məktəbdən başlayıb. Məktəbə qədərki dövrdə Azərbaycan dilində yalnız uşaq şeirləri və aşıqların dediyi şeirləri eşitmişdim, həmin dövrdə biz tərəflərdə aşıqsız məclis olmazdı. Atamın doğulduğu Qaraxanlı kəndində toyxanalarda adətən iki mağar qurulardı, birində gövdənniyyatlə məşğul olunurdu, o birində mədəniyyətlə. Peşəkar aşıqların ifasında Koroğlu dastanının heyranıydım, aşıqların söhbətini də Koroğlu dəliləri kimi heyranlıqla dinləyərdik. Artıq belə aşıqlar yoxdur.

Mən Tovuz şəhərindəki A. S.Puşkin adına orta məktəbdə oxumuşam, bizim dövrdə bu məktəb respublikada sayılıb seçilən məktəblərdən sayılırdı, bizə də bütün fənləri yüksək səviyyədə tədris edirdilər. Yəqin ki, indi belə məktəblər yoxdu, uşaqlar uzağı dörd-beş fənn oxuyur. Mən texniki fənləri daha çox sevirdim, amma bir gün yeni ədəbiyyat müəllimimiz gəldi, onun böyük öyrətmə entuziazmı vardı, dərsdən sonra ədəbiyyat məşğələləri təşkil edirdi. Dərsdən əlavə qiraət tapşırıqları verirdi, sistemli ədəbi qiraətlər nənəm Elenorun içimdə formalaşdırdığı duyğular bazisinə qarışaraq məndə fərqli dünya duyumu formalaşdırırdı.

İlk şerimi nə vaxt yazdığım yadıma gəlmir, bu haradasa erkən yaşlarımda olub. Adətən gizlində yazırdım. Bizim məktəbdə şeir yazanlar çox idi, amma görürdüm ki, onların yazdıqları mənim yazdıqlarıma bənzəmir. Ona görə heç evdə də heç kimə göstərmirdim, artıq nənəm də həyatda yox idi.

İndi qəribə görünsə də, həmin dövrdə ən çox mütaliyə elədiyim şeir kitabları Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirləri idi. Ruslardan M. Lermontovu çox sevirdim, bir də Qoqolun “Dikanka yaxınlığında xutorda axşamlar” əsərini oxumaqdan doymazdım.

Ali təhsilimi Azərbaycan Politexnik İnstitunda almışam, onda Çingiz İldırım adınaydı. Adından da bəllidir ki, orada elə bir ədəbi mühit yox idi, amma texniki təhsil adama dünyanı kəsikdə görmək imkanı verir. Bizimlə paralel oxuyan İmran Əhmədov adlı çox maraqlı bir oğlan vardı, o da şeir yazırdı. Başqalarından fərqli yazırdı, gözəl yazırdı. Ədəbi duyumu güclü idi. Çertyojlardan başımız açılanda yazdığımız şeirləri əsasən bir-birimizə oxuyurduq və dəyərləndirirdik. İndi “Torqovı peyzajı” və “Yaquar yerişli vaxt” kitablarına salınan xeyli şeirlər tələbəlik illərimdə yazılıb. Ədəbi jurnallar onda bizi dərc eləmirdi, redaktorlar onları oxuyub müdrikanə məsləhətlər verirdilər, amma illər ötəndən sonra həmin adamlar bir vaxt dərc etmədikləri şeirlər barədə yüksək fikirlər sözləməyə başladılar. Redaksiyalarda şeirin necə yazılması ilə bağlı aldığım çoxsaylı məsləhətlərdən sonra dərc olunmaq həvəsim öldü.

İnstitutu bitirəndən sonra təyinatla Belorusiyaya getdim. Özümlə götürdüyüm yeganə kitab Sabirin “Hophopnamə”si idi, bir də özümün şeir dəftərlərim vardı yanımda. Orada tamam fərqli ədəbi mühitə düşdüm, ədəbiyyatın yeni üfüqlərini kəşv elədim. O. Mandelştam, B. Pasternak, A. Axmatova, F. Lorka, H. Heyne kimi şairlərin yaradıcılığı ilə ilk dəfə orada tanış oldum. Saşa Lebedev vardı, yahudiydi, o mənə poeziyanın dünyanı fərqli rənglərdə görmək bacarığı olduğunu anlatdı. Belorusiyada rusca da şeirlər yazmağa başladım. Onlardan bəzilərini uşaqlar gitarada ifa edirdilər, bilmirəm bəlkə indi də oxuyurlar. Aradan gör neçə illər keçib. Nə isə...Mən Azərbaycana dönəndə poeziya barədə özümün sistemləşmiş düşüncələrim vardı. Mənim poeziyamın öz dünyası, öz musiqisi, öz havası vardı.

Tovuza gələndə, Kürün qırağında nasos stansiyası vardı, orada başladım işə. Sakit yer idi, əsl şeir yazmaq məkanıydı. Orada yazdığım şeirləri əsasən bizimlə işləyən qızlara oxuyurdum. Qızlar çox bəyənirdi. İndi də rusdilli saytlarda dərc olunan şeirlərimin əksər oxucuları qadınlardı. Orta cinsin nümayəndələrinin mənim şeirlərimə münasibəti məncə yaxşı deyil.

Gün gəldi ölkədə aləm qarışdı. Mitinqlər, ermənilərlə savaş...Savaşda iştirak şeirlərimə savaş havası gətirdi. 1988-ci ildə Aydın Məmmədovun yaratdığı “Ana dili” təşkilatı vardı, onlarla əməkdaşlığa başladıq. 1989-cu ildə orada tanış olduğum Firudin Qurbansoy, Ağası Hun, Orxan Fikrətoğlu ilə birlikdə “Türkün səsi” adlı qeyr-leqal qəzet buraxmağa başladıq, onu “Azadlıq” meydanındakı mitinqlərdə satırdıq. Qəzet Tovuz mətbəəsində çap olunurdu və çox yaxşı satılırdı, özü də bir manatdan. Qazandığımız pulu Tovuzun müdafiyə məsələlərinə xərcləyirdik, onda camaatda heç quş tüfəngi də yox idi. Camaat bir yana, heç polisin tapançadan başqa silahı yox idi. İlk savaş şeirimi də həmin vaxtlarda yazmışam və “Türkün səsi” qəzetində yayınlamışam. “Türklər, haydı qılınca” adlı şeir idi. Məncə pis alınmamışdı, əzbər bilənlər çox idi. Xalq Cəbhəsi hakimiyyəti illərində Tovuz rayon icra hakimiyyəti başçısının birinci müavini işlədim. Başimiz müharibəyə qarışmışdı, ədəbiyyatlıq hal yox idi. Tezliklə məmur həyatı məni bezdirdi, mən müstəqilliyi sevən adamam. O gündən bu günə elə işlərdə işləmişəm ki, kiminsə əmrində olmayım. Bilmirəm bu pisdi, yaxşıdı, amma bu mənim seçimimdi. Ədəbiyyatda da bəxtim gətirib ki, qəbul edilmiş qəliblərdən həmişə qıraqda olmuşam. Buna görə yazdıqlarım da heç kimin yazdığına bənzəməyib...və ədəbi mühitdə mənə ”ağ qarğa” statusu qazandırıb. Necə deyərlər, “bizi dimdikləyər, dimdikləyərlər, qarğalar fillərin leşini sevər”. Ədəbiyyatın öldüyünün elan edildiyi bir zamanda elitar yazılar yazmaq şübhəsiz ki, ən böyük günah sayılır.

...Bir dəfə evə gələndə gördüm ki, anam mənim şeirlərimi oxuyur. Anamın yüksək ədəbi zövqü var idi, rus və Avropa ədəbiyyatını yaxşı bələd idi, İncə dərəsinin folklorunu də yaxşı bilirdi. Mən adətən yazılarımı heç kimə göstərmirdim, onlar təsadüfən anamın əlinə keçmişdi. Dedi bala, çox yaxşı şeirlərdi, amma qəribə bir yuxu görmüşəm. Üca bir dağ başında, böyük bir mağarada doqquz ağ saqqallı, ağ geyimli pir oturmuşdu, dedilər ki, Elxana de türklərdən yazsın, bu onun yoludur”. Anam Taissa da nənəm Elenor kimi qəribə yuxular görərdi...

Bu söhbətdən bir az keçəndən sonra sanki, qeybdən ün gəldi mənə. Xalqımızın çoxdan unutduğu qədim türk havaları üstündə şeirlər yazmağa başladım. Buna qədər yalnız “Türklər, haydı qılınca” şeirinin yazmışdım. Və birdən şeirlər axınla gəldi, sanki ulu babam Qaraxanlı prinsi Mahmud Kaşqari Ulular Uçmağından internetlə göndərirdi. Az müddətdə xeyli şeir toplandı yeni formalaşan düşüncələr faylında. Buna qədər “Günün səsi” və “Ekonomiks” kimi qəzetlərdə baş redaktor işləmişdim, bu qəzetlərin də mövzusu elədir ki, şeirlik halın olmur. Buna görə qəzetçiliyin başını buraxdım. “Türk Törə Ocağı” adlı bir təşkilat qurdum. 1999-cu il idi, Türk əsrinin astanasında dayanmışdıq. Zamanında bu çox populyar təşkilat oldu və Azərbaycanda türkçü mühitin formalaşmasında az rol oynamadı. Biz cəmiyyətə bir sıra törənlər təklif elədik ki, onlar bu gün də davam etdirilir. O zaman təsis etdiyim “San yarlığı” mükafatı bu gün də “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə yanaşı öz nüfuzunu saxlamaqdadır. “ALP” və “BİLGƏ” rütbələri verirdim, əsil xaqanlar kimi. Yadımdadır, Atatürk mərkəzində Nizami Cəfərova və Qənirə Paşayevaya “ALP”, “Firudin Cəlilova “BİLGƏ” titulu vermişdik. Zaman göstərdi ki, bu titullar elə onların boyuna biçilib.

Elə həmin il də qədim türk havaları üstündə yazdığım şeirlərdən ibarət “Qurlar ulaşan gecə” adlı bir kitab buraxdım. İlk kitabımın sponsoru indi Azərbaycan Politexnik Universitetində kafedra müdiri olan Razim Bayramov oldu. Bu son zamanlarda yazdığım şeirlərdən ibarət ilk kitabımıydı. Bundan sonra yaradıcı dostlarım Arif Əmrahoğlu və Azər Turan məni bu mövzuda daha çox yazmağa həvəsləndirməyə başladılar. Azər Turan o zaman “Yeni Azərbaycan” qəzeti nəzdində “Ədəbiyyat əlavəsi” nə rəhbərlik edirdi. O dövrdə gənclər arasında çox populyar bir nəşr idi. Orada nəşr olunan şeirlərimi “Savaş ayələri” adıyla çap etdirdim. Həmin kitabı nəşr edən rəhmətlik Qoşqar Qarayev oradan bir şeir oxuyandan sonra dedi ki, mən səndən nəşrə görə pul almayacam. Yeri cənnətlik olsun, mən onu həmişə minnətdarlıqla anacam, mənim üçün həmişə Qoşqar Kaşqardır, Kaşqar Qoşqar.

“Savaş ayələri” mənə sözün əsl mənasında məşhurluq gətirdi. Bakıya təzə ayaq basırdım, həmin dövrdə ədəbi mühitin passionariləri Murad Köhnəqala, Rasim Qaraca, Əsəd Cahangir kimi yenilikçi qələm adamları kitab barədə yazılar yazdılar. Üstəlik Əsəd Cahangir Yazıçılar Birliyinin qurultayında “Savaş ayələri” barədə gurultulu bir çıxış elədi. Yazıçılar Birliyinin katibi, görkəmli ədəbiyyatşünas-alim, böyük türk kişisi, rəhmətlik Arif Əmrahoğlu da “Savaş ayələri ilə bağlı yazı yazdı, “ruhumun, yaddaşımın, savaşımın kitabı” dedi bu kitaba. Bütün deyilənlərin mahiyyəti ondan ibarət idi ki, “bu şeirlər yenidir, bənzərsizdir, fərqlidir”... Unikal bir ədəbiyyat adamı idi Arif Əmrahoğlu, böyük Şəhriyar demişkən, “ondan sonra dönərgələr doğublar”.

Bundan sonra Rasim Qaracanın “Yaquar yerişli zaman” adlı almanaxı nəşr olundu. Yenilikçi gəncliyin az qala pərəstiş etdiyi bu dərgidə mənim haradasa 47 şeirim nəşr olundu. Almanaxın adı da mənim eyni adlı şeirimdən götürülmüşdü. Burada dərc olunan şeirlər mövzu baxımından “Savaş ayəyələri”ndən tamam fərqli idi və sonradan barəsində çox saylı yazılar yazılan “Torqovı peyzajı” kitabımın əhəmiyyətli hissəsini təşkil elədilər.

...Sonra hadisələr işıq sürətiylə cərəyan eləməyə başladı. Murad Köhnəqala, Rasim Qaraca, Həmid Herisçi ilə birlikdə “Azad Yazarlar Ocağı” adlı bir təşkilat qurduq. Bu təşkilat Azərbaycan ədəbi mühitində əsl təlatüm yaratdı və yeni ədəbiyyatın, müstəqillik dövrünün ədəbiyyatının ortaya çıxması üçün əsl meydan oldu. Ədəbiyyatımıza AYB-nin ciddi-cəhdlə qoruyub saxlamaq istədiyi Sovet qəliblərinə sığmayan xeyli yeni, fərqli üslublu imzalar gəldi. Bu hal AYB rəhbərliyinin çağdaş ədəbiyyata baxış bucağının müsbətə doğru qismən dəyişməsinə səbəb oldu. Sonradan AYO-ya başbilənlik edənlər siyasi müxalifətin təhriki ilə ədəbiyyatda siyasi müxalifət oyunu oynamağa çalışdılar və bu da təşkilatın iflasına gətirib çıxardı. Ədəbiyyat siyasətin altında yox, üstündə olmalıdır...

2005-ci idə Arif Əmrahoğlunun məsləhəti ilə Oljas Suleymenovun şeirlərini və əsas poetik əsəri “Gil kitab” poemasını təmənnasız olaraq dilimizə tərcümə edib “Rəsul Rza fondunun” dəstəyi ilə nəşr etdirdim, mənim tərcüməm “Gil kitab”ın Türkiyə nəşri üçün də əsas qaynaq oldu.

Ölkəmizdə az qala “milli qəhrəman” səviyyəsində qəbul edilən bir şairin şeirlərini Azərbaycan dilinə çevrilməsinin heç kimin ürəyindən keçməməsi mənim arıma gəlirdi. Tədbirlər düzənləyirdilər, yubileylər keçirirdilər və Oljasın şeirlərini orada rusca səsləndirirdilər. Nə isə...Mənə qədər Oljasın şeirlərinin kiçik bir qismini şair dostum Akif Əhmədgil çevirmişdi, o da Sovet dövründə. Sonradan O. Suleymenovun poetik irsinin doğsan faizinin Azərbaycan dilinə çevrilməsi yükü Akiflə ikimizin boynumuza düşdü... ”Savaş ayələri “və Oljas poeziyası məni türklərin Ana Kahasına aparan yola səmtləndirdi. Elə həmin 2005-ci ildə türk tarixinin ən böyük simalarından olan, müqəddəslik statusu qazanmış Mahmud Kaşqarinin adına bir qurum yaratmaqla bağlı Anar müəllimə müraciət etdim və biz Mahmud Kaşqari adına Beynəlxalq Fondu qurduq. Bu qurum pis-yaxşı hələ ki, fəaliyyət göstərir və türk dövlərtlərinin elitasında yaxşı tanınır. Anar müəllim Vaqif Səmədoğlu ilə bərabər mənim ədəbi taleyimdə önəmli rol oynayıblar, bəlkə də onlar olmasaydı mən də Xaqani kimi “Həbsiyyə”lər yazardım. Ümumiyyətlə mən Yazıçılar Birliyinə Anar müəllimin şəxsi dəvəti ilə üzv olmuşam.

2008-ci ildə dedilər ki, Prezident “yaradıcılığa” dəstək üçün təqaüdlər ayırıb. Bir çoxları kimi mənə də verdilər, kasıb vaxtlarımıydı, bir az qəddimi düzəltdi. Bu mənə mətbuatda dərc olunan yazılarımı qruplaşdırmağa imkan yaratdı. Həmin vaxt yazdığım şərti savaş şeirlərimə Elxan Qaraxanlı, modern-seviş şeirlərimə Elxan Zal imzası qoyurdum. Modern şeirləri “Yaquar yerişli vaxt” (növbəti nəşrdə Torqovı pejzajı) adıyla bir kitaba topladım, savaş şeirlərini isə (bir çox ədəbiyyatşünaslar onları türkçü şerlər də adlandırır) “Türk əsrinin türküləri” adı altında tərtib etdim. “Yaquar yerişli vaxt” (növbəti nəşrdə Torqovı pejzajı) Yeni Bakının ilk poetik mozaikası, “Türk əsrinin türküləri” isə yeni bir epoxanın əsas möhürü oldu.

Hər iki kitab ədəbi aləmdə coşqu ilə qarşılandı və onlar “Ordu günü” kitabıyla birgə indiyədək mənim poetik yaradıcılığımın ana xəttini təşkil edirlər. Şeviş və savaş şairi Elxan Zal Qaraxanlı bax belə meydana çıxdı. Sevgi və savaş mənim üçün çox yaxın məfhumlardı, məncə bunu “Polonez”də demişəm ki, “sevgi də bir savaşdır”. Və yaxud başqa bir yerdə “mən sevginin və savaşın xanıyam”. Bu düşüncə heç də mənim kəşfim deyil, qədimlərdə, çoxallahlılıq dövründə sevgi ilahələri həm də savaş ilahələriydi. Yəni qədim insanlar belə, sevgi və savaş arasında heç bir fərq görmürdülər. Bizim ədəbi camiyəmiz, bizim ədəbi gənclik sevgi şeirlərini, “Torqovı peyzajını” daha coşqulu qarşıladı. Xalq şairi Vaqif Səmədoğlunun ön yazısı ilə çıxan bu kitab barədə bütün nəsillərə mənsub yazarlar tərəfindən onlarla yazı dərc edildi. Hətta Türkiyədə yaşayan məşhur tatar şairi və folklorşünası professor Çulpan Zarif monoqrafiya həcmində bir yazı yazdı. Mənim şeirlərimin bir qismini rus dilinə çevirən də Çulpan xanım olub. Həm də çox gözəl çevirib.

Savaş şeirlərindən Nizami Cəfərov, Arif Əmrahoğlu, Mahirə Abdulla, Rasim Qaraca, Əsəd Cahangir kimi ünlü qələm sahibləri tərəfindən yazılar yazılsa da, insanlarımızın canında hələ savaş əhval ruhiyyəsi yox idi. Onda Bakı əhli ölkədəki modernləşmə və inkişaf çağının ləzzətini yaşayırdı. Sevgi ilahəsinin hökmündəydi insanlarımız.

...Dediyim kimi 2008-ci ildə gözlənilməz halda bizə təqaüd verdilər, bir ildən sonra təqaüdlərimizi kəsdilər. Dedilər ki, yaradıcı adam nə qədər çətinlik çəksə, o qədər pozitiv düşünər. Sözün düzü mən tox olanda daha pozitiv düşündüyümdən (hər halda adımda da, soyadımda da kral işarəti var), bir müddət tərcümə işlərinə girişdim. Oljas Suleymenov, Henrix Heyne, Abay, Məhəmməd İqbal.., onların yaradıcılığının döyük qismini çevirdim dilimizə, bunlar ürəyimcə olan tərcümələrdir və düşünürəm ki, ədəbiyyat tariximizdə qalacaq. Pozitiv düşünmək üçün çoxlu başqa kitablar da çevirrmişəm, hətta Nursultan Nazarbayevi də. Məncə yarı Tovuzda, yarı Bakıda yaşayan bir qələm adamı üçün heç də az deyil. Mən də çevirirəm, məni də çevirirlər. Yaqin ki, yaxın gələcəkdə daha çox çevirəcəklər. Ödül də alıram, ödül də verirəm. Oljas Suleymenov, Çingiz Abdullayev, Aleksandr Duqin, Nanik Kamal Zeybək kimi dünya şöhrətli adamlar mənim əllərimdən ödül alıblar, cəddim Mahmud Kaşqari adına onlara Beynəlxalq Mahmud Kaşqari Mükafatı təqdim eləmişəm. Yəqin ki, mən dünya tarixində ödül verən yeganə şairəm, düzü Fransada Qonkur qardaşları da olub, amma onlar yazıçı idilər.

Qədim türklərə dair üç nəsr kitabı da yazmışam, onları ədəbi-elmi janra aid eləmək olar, bu janrda əsasən Oljas Suleymenov yazır. Düşünürəm ki, onlar barədə gələcəkdə Azərbaycanda da, xaricdə də çox danışılacaq.

Hələlik bu qədər bəs edər, sonra yadıma düşdükcə əlavələr edərəm. Hər şeyi yazsam gərək bir kitab ola. Buna isə nə vaxtım var, nə də hövsələm.


MANŞET XƏBƏRLƏRİ