Yaddaşımın bir rəngi


Famil Hacısoy

İllərdir ki, hər ilin eyni bir günündə yaxınlarının, dostlarının xatırında bir şəxs səssiz-səmirsiz boy verib boylanar. Bu boy atmanın içində, davam edən zamanın çiynində hamıya mərhəm olan bir insanın ömrü də zənginləşir, zənginləşə-zənginləşə böyüyür, yaş üstə yaş gəlir. Bu şəxs Giya Paçxataşvilidir. Ədəbi ictimaiyyətə tanış Givi həm istedadlı tərcüməçi, həm də xalq dilimizin dərinliklərinə yaxından bələd olan şairdir.

Yaddaşımın rəng çalarında çox-çox uzaqlardan - məktəb illərindən üzü bəri səmimi yoldaş, yaxın sirdaş, fədakar və sədaqətli dost rəngində özünə yer eləmiş, mənə lap uşaqlıqdan tanış olan bu rəngin çalarlarında həm iti qələm sahibi, kəsərli sözü olan jurnalist, mahir və istedadlı tərcümə ustası, həm də incəqəlbli bir şair rəngi var. Bu əlvan rəng politrasını ədəbi-bədii nümunələrindən başqa özünün xoş xasiyyəti və həlim davranışı ilə bir az da zənginləşdirən, ona əlavə dəyər verən, əsərləri ilə könlümüzü oxşayan, yumşaqürəkli, həssasqəlbli, yar-yoldaş yolunda candan keçməyi bacaran bir insan var ki, o da bizim sevimli Gividir ki, Biz bu yaxın günlərdə (özü demiş – dar çərçivədə) onun yubileyinin işığına yığışacağıq.

O Givi ki, hələ uşaqlıqdan ağa ağ, qaraya qara deməyi bacarmış, beynəlmiləl olmaqla ətrafındakılardan fərqlənərək bəzi məqamda zamanı qabaqlamış; özünü tanıyandan, pisi yaxşıdan, düzü əyridən seçməyi bacarandan bu yana heç özü də bilmədən multikulturalizmin yayıcısına və carçısına çevrilmiş əsil vətəndaş Givi - Giya Paçxataşvili azad söz deməyin, yeni fikir yürütməyin yöndəmini yaxşı bildiyindən sözünü zamanında deməyin öhdəsindən məharətlə gələrək olduğu hər bir anı diqqətdən qaçırmayaraq, onun dəyərini içində saf-çürük etdikdən sonra öz məqamında bədii boyalarla verməyi bacarandır.

Yuxarıda dediyimiz kimi dilimizin incəliklərinə yetərincə bələd olduğundan onun əsərlərində dil mədəniyyəti yüksək səviyyədədir. Bu yüksəklik, ucalıq xalq dilinə təmasla, ədəbi dilimizin normalarına hörmətlə və qüvvətli emosional-obrazlı düşüncə faktları ilə çulğalaşır. Məhz bu keyfiyyətlər onun bədii dilini həm məzmunca kəsərli, həm ədəbilik, həm də bədiilik baxımdan mühüm bir örnəyə çevirir.

Onun yaradıcılığını səciyyələndirən digər bir cəhət bizim bəzi şair və yazıçılarımızın əsərlərini rus və gürcü dilinə, yaxud əksinə bu xalqların tanınmış, görkəmli simalarının əsərlərini Azərbaycan dilinə tərcümə etməklə geniş çoxdilli oxucu auditoriyası qazanmasıdır ki, onlar da qarşılıqlı olaraq biri-birinin milli adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.

İctimaiyət tərəfindən neçə-neçə ədəbi mükafatlara layiq görülmüş şair və tərcüməçi qardaşımızın yaradıcılıq hesabatı sayılacaq ayrı-ayrı vaxtlarda müxtəlif dillərdə çap olunub, oxucuların ixtiyarına verilmiş kitablarını varaqladıqca yuxarıda deyilənin şahidi oluruq.

Dilimizin bütün incəliklərini dərindən bilən, ən çox dilimizdə yazıb-yaradan Gürcü xalqının övladı olan, Azərbaycan xalqının Gürcü balasının Yeri gəldikcə loru danışıq dilindən – dialekt və şivələrimizdəki sözlərdən də faydalanması şairin zəngin leksikasından xəbər verir. Eyni zamanda, bu, şeirlərdəki təbiiliyi, sözlərin rəng və məna çalarını, diləyatımlığı, məna tutumunu, duyğusallığını, duyumun asanlaşdırılmasını, müəyyən hislərin oxucuya tanışlığını artırmaqla bərabər, oxunduqca müəllifi oxucuya doğmalaşdırır.

Ömür zəncirinin halqalarının bəziləri əzab-əziyyətdən yoğrulsa da, möhkəm iradə sayəsində cilalana-cilalana mətinləşmiş, dözümlə mayalanaraq şumallaşdırıla-şumallaşdırıla hamarlanmışdır. Bu kələ-kötür, ağrılı-acılı halqaların səsi ya hansısa sükutun haray-həşiri içində boğulub itbata düşmüş, ya da kəlmə-kəlmə misraya, misra-misra şeirə dönərək əzizlənə-əzizlənə kağızlara köçürülmüşdür. Sükutun səslərinəsə çevrilmiş bu acılı-şirinli hiss və duyğularsa kitab səhifələrində sətir-sətir dil açaraq özünə çoxlu oxucu həmdəm tapmış, neçə-neçə insanın dərdinə şərik olaraq qəlbini ələ almışdır. Həyatın keçməkeşlərinə, günlərinin təlatümlərinə daim özündə güc-qüvvət tapdığı halda, hər bir əziyyətə qatlaşmağı bacaran, çoxşaxəli və çoxcəhətli yaradıcılığa malik müəllifin hərdən hissə qapılmasından bəzi şeirlərdə qürub əhvali-ruhiyəsi duyulur. “Bəxtim” adlı şeirində gileylənərək deyir:

Ey gözdən əlil bəxtim,

Əzazil, zəlil bəxtim.

Yar gözümün nuruydu,

Nura batdı mil, bəxtim...

Bəxtim, ikimiz də koruq,

Torpaq götürməyən goruq.

Obrazlı ifadələrin yerli-yerində işlədilməsi şeirləri dada-tama gətirərək onları oxunaqlı və cəlb edici etməkdən əlavə şeirlərin məna yükünü, semantik tutumunu artırır, onu uzun müddət yaddaqalımlı edir. Kitabı oxucuya sevdirən oradakı söz və məna politrasının əlvan olmasıdır ki, bu da təsvir olunan hiss-həyacanın oxucuya çatmasında əvəzsizdir. “Mən gedəndə” şeirində isə:

Ölümün əliylə

Məni incidən dərdləri

Yarım başdaşından asdırın...

Givinin şeirlərində çəkdiyi ağrı-acıların, əzab-əziyyətlərin yükünə oxucu biganə qala bilmir. Müəllifin təsvir etdiyi hiss və həyacan inandırıcılığı və səmimiliyi ilə oxucunu özünə çəkir. Bu da, oxucu marağının trayektoriyasını genişləndirərək onu həmin hissləri öz içində yaşamasına, bir müddət o ruhda – ülvi hislər, saf sevgi ağuşuna sığınmasına, köklənməsinə və ətrafa dərdlər içərisindən boylanmağa sövq edir. Bəlkə də bu səbəbdən müəllifin yaradıcılığının mövzu rəngarəngliyi, məzmun dolğunluğu və janr müxtəlifliyi oxucunu bu şeirlərə laqeyd qalmağa qoymur, bundan başqa, şeirlərdəki ifadə və təsvir vasitələri, doğulmuş hiss-həyacanın cizgilərini rəssam məharəti ilə verilməsi oxucunun mütaliə etdiyi əsəri özününküləşdirməsinə səbəb olur.

Lakin bu hüznün, bu kədərin içində optimistik bir ruh, sarsılmaz bir dözümlük, yenilməz bir mübarizə vardır. Bəzi şeirlərdəki bu hüzn fonuna baxmayaraq kitablarındakı şeirlərin leytmotivini- ana xəttini yorulub usanmayan, sanki heç vaxt tükənməyəcək insan həvəsi,ətrafına həyat eşqi aşılayan dan yerinin günəşi təşkil edir. Dövrümüzün gözlənilməzliklərlə dolu çağında, söz-söhbətlər qaleriyasında, qarmaqarışıq hadisələrin qucağınndaykən gah laylanı, gah ağını xatırladan bu şeirlərdəki sevgi zəncirinin qırılmazlığı, məhəbbətin saf su kimi təravətini saxlaması, dünənki əhdi-peymanına sadiqlik kimi ülvi hislər biixtiyar dodaqda şirin bir zümzüməyə çevrilərək adamın içini silkələyir, canına, qanına hoparaq iliyinə işləyir.

Məhz yaradıcılığının bu keyfiyyətləri tarixçi alim, bəstəkar İqbal Ağayevi özünə cəlb edir və o, Givinin üç şeirinə bənzərsiz mahnılar yazır. Qiraətçilər Dilbər Yaqubova, Bəhiyyə Nağıyeva, Zeynəb Muradova, Səadət Cerçiyeva, Abdul Əzimov onun şeirlərini klipləşdirərək oxuculara təqdim edirlər. Şair-tərcüməçinin yaradıcılığı Qiymət Məhərrəmlini, Qənbər Ağayevi, Nizami Tağısoyu və Zemfira Məhərrəmlini ruhlandıraraq, yaradıcılıq güzgüsünə tuş edərək “Dərviş”, “Giya Paçxataşvilinin Azərbaycan ədəbiyyatında yeri”, Qiymət və Zemfira Məhərrəmlilərin ““Givinin Qarabağnaməsi”Məhərrəmlilərin söz yükündə” kitablarını oxucuların malı edir.

Bu da, ona geniş oxucu auditoriyası qazandırmaqla yanaşı istedadlı və mahir qələm ustasının peşəkar sənətkarlığından xəbər verir. Zəngin həyat və yaradıcılıq təcrübəsi olan, buna qədər öz dilimizdən əlavə rus və gürcü dillərində neçə-neçə kitabın müəllifi kimi tanıdığımız Giya Paçxataşvilinin (Givinin) günəş sönməzliyindən mayalanan mübarizliyi, dərd-kədərə mətinliklə sinə gərib qalib gəlməsi yaz günəşinin şəfəqləri kimi insana ruh verir, onu dərdi də, sevinci də təmkinlə, sahmanla qarşılamağa səsləyir. Bu kimi xüsusiyyətlər çoxdilli oxucu auditoriyası qazanmış müəllifi oxucuların nəzərində yüksəldərək yenilməz edir, şeirlərdəki aura ətrafdakılara müsbət enerji aşılayır, insanı inamla mübarizəyə, sabaha ümidlə baxmağa çağırır.

Son olaraq müəllifə yaradıcılıq yolunda tükənməz enerji bol-bol uğurlar arzulayırıq.


MANŞET XƏBƏRLƏRİ