Tarixə çatmaq. SƏTTARXANLIĞIMIZ


Ürəyinizdə Ata Günəşi olsun. İnam Atanın (Asif Atanın) “Tarixə çatmaq” əsəri tarixi taleyimizə, bugünümüzə, sabahımıza yetkin, müdrik baxışdır. “Tarixə çatmaq” XX yüzil Azərbaycan nəsrinin tanınmış örnəkləri üstə (Cəlal Bərgüşadın “Siyrilmiş qılınc”, İsa Hüseynovun (Muğanna) “Məşhər”, “İdeal”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, Əzizə Cəfərzadənin “Şirvan trilogiyası”, Əlisa Nicatın “Mirzə Şəfi”, Pənahi Makulunun “Səttarxan” romanları) yazılıb, Atanın özünəməxsus yaradıcılıq janrlarından biri olan fəlsəfi-bədii məqam janrındadır. “Tarixə çatmaq” əsəri yaradıcılıq siqləti etibarilə insanın zamandan, mühitdən, şəraitdən üstünlüyünü təsdiq edir, faciələrimizi göstərməklə yanaşı, qədim – ruhsal olduğu dərəcədə döyüşkən böyüklüyümüzlə öyünmək imkanı, yurddaşlarımıza ictimai gedişatın bütün çalarlarına ruhsal gözlə baxmaq imkanı yaradır.

İnam Ata Azərbaycanın tarixi şəxsiyyətlərinə ulusal baxış halı, ölçüsü sunur. Həmişə Ata təəssüflənirdi ki, Azərbaycanın bu boyda mənəvi zirvələri var, ancaq yenə də qaranlıqdan çıxa bilmirik. Səbəbi də odur ki, Azərbaycan tarixən böyüklüyünü yaratdığı dərəcədə onu artıran, böyüdən, dəyərləndirən əməllər silsiləsi yetirə bilməyib.

Əsərdə fəlakətlərimizin səbəbləri, Babəkliyimizin, Hürufiliyimizin, Səttarxanlığımızn mahiyyəti açılır, dəyərləndirilir. Eləcə də Babəkliyimizə, Səttarxanlığımıza tarixi və çağdaş baxışlara münasibət bildirilir. Ayrıca olaraq son onillərdə Şah İsmayıl Xətayiyə münasibət bədii nəsrin fonunda daha da ikili xarakter alıb. Tarixi gedişat ədəbiyyatda ulusal (xəlqi) qiymətini almır. “İki Xətayi” versiyası bədii yaradıcılıq məhsulundan daha çox oxucuda gerçək tarixilik təəssüratı bağışlayır.

Atanın “Tarixə çatmaq” əsərində Xətayinin səhvlərinin nədən ibarət olduğu da açılır. Bu hissədə “Tarixə çatmaq” adlı fəlsəfi-tənqidi əsərdən “Səttarxanlığımız” bölümünü sunuram. Ata tarixi olaylara özünəməxsus, ciddi, mütləq ölçüylə baxır.

Ata fikirləri ulusal dərs almaq üçündür: “Qüdrətimiz Özgəyə gərək olur – Özümüzə gərək olmur. Məşrutə üçün Azərbaycan dərdi yox idi əslində; Məşrutə üçün İran dərdi var idi və bu dərdin dərmanı Azərbaycanın Azadlığı deyildi; Səttarxanlıq – bizim Faciəvi, Fəlakətli Özümlüyümüzdür, özgələrə həsr olunan, özgəlikdə öldürülən; "Özümüzə gərək olduğumuz dərəcədə Dünyaya gərəyik!" – bunu öyrənməliyik Səttarxanlığımızdan – əzəli Qəhrəmanlığımızdan”.

Güney Azərbaycanda nə qədər çətin olsa da, ulusal kimlik yönündə maariflənməyə, maarifləndirməyə ciddi gərək var. İndi heç bir ölkədə elmi-texniki gəlişmənin qarşısını kəsmək olmur. İnternetdən istifadə güneyli soydaşlarımızın dünya ilə əlaqəsini daha da operativləşdirib. Soydaşlarımızın Azərbaycan-Türk ruhu – mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı bilgilər almaq imkanları da getdikcə artır. Arzuolunandır ki, ulusumuzun mənəvi birliyi yönündə hər kəs bacardığı çabanı göstərsin. Yolun çətinliyi heç kəsi ruhdan salmamalıdır.

Türk ulusunun varolmaq uğrunda savaşı asanlıqla başa gəlməyəcək. Güneyli soydaşlarımızın ulus olaraq haqlarını istəmələri doğaldır. Ancaq bu, hər kəsdən yetkinlik tələb edir. Güneyli soydaşlarımız idraki-ulusal yetkinliyə çatmaq yönündə imkanlarını aşkarlamalıdırlar. Bu, ötən dövrlərdəki səhvlərdən qurtulmaq üçün də gözəl imkanlar yaradar. Yetkin insanların azadlıq savaşı yetkin sonucla başa çatar. Bütün hallarda isə azadlıq savaşını hər fərdin azadlıq olayı ölçüsündə anlaması, bu duyğuyla canlı yaşaması gərəkdir. Mümkün qədər dünyanın halından üstün olmaq gərək. Bilmək ki, dünyanın Azərbaycan dərdi yoxdur. Ona görə də Bütöv Azərbaycan eşqi ilə yaşayan hər kəs Vətəni təmsil edəcək mənəvi gücə yetməlidir. Bu imkan isə hər bir soydaşımızın aqibətində var. Ruhu bütöv Azərbaycanımız ikiyə bölünmüşlük taleyini yaşamaqdadır. Dünyanın gerçək ölçüsü halımızı, aqibətimizi anlamaq qüdrətində deyil. Ötən yüzildə və bu yüzilin əvvəllərində Güney Azərbaycanda baş verənlər onu göstərdi ki, Azərbaycan türkləri bu və ya başqa taleyüklü məsələlərdə həmişə özünün fitri imkanlarına, ulus olaraq ruhuna daha çox əsaslanmalıdır. Güney Azərbaycan ulusal ruhunu çoxlu itkilər versə belə, qoruyub saxlaya bilib. Ana Sazımızın yaşadılmasının, ana dili uğrunda savaşın ulusal kimliyin qorunmasında ciddi rolu var.

“Tarixə çatmaq” əsəri ilk dəfə 1991-ci ilin yayında “Gənclik” jurnalında işıq üzü görüb.

Kursivlə verilmiş sitatlar Pənahi Makulunun “Səttarxan” romanındandır.

SAYĞIYLA: İŞIQLI ATALI

***

İNAM ATA (ASİF ATA)

TARİXƏ ÇATMAQ. SƏTTARXANLIĞIMIZ

Məşrutəni Böyüdən və Məşrutə tərəfindən öldürülən, İranı Yüksəldən və İran tərəfindən Aldadılan; Cənubi Azərbaycan milli hərəkatına başçılıq eləyən və İrana yarayan, Qəhrəmanlığında Bənzərsiz olan və Üsyançı adlandırılan; Siyasətbazlarla qarşılaşan, Yükü Şöhrətindən artıq olan; Xarici təsirdən yox, daxili, tarixi Tələbatdan yaranan, Azərbaycan xalq Oyanışına rəhbərlik eləyən və İranı xilas edən, köhnə üsul-idarəni devirən və Yağıların hakimlik elədiyi yeni üsul-idarəni təsdiq edən, Ehkama sığmayan; Azərbaycan Rəmzi – özgəyə xidmət etməli olan, özgəni qüvvətləndirən; Təbrizə xidmət eləyən və Tehranı Qüvvətləndirən; Milli Azərbaycan Azadlığına xidmət eləyən və Ümumi İran Hərəkatını yetirən – onun ən böyük siması olan.

Ümumi İran hərəkatından Azərbaycan Azadlığı doğmadı, təzə əsarət doğdu; İran Səttarxandan bolluca bəhrələndi, sonra rəzilcəsinə Qəhrəmana qıydı: İran Yarası sağaldı, Azərbaycan Yarası sağalmadı.

Faciəvi tariximiz – özgələrə Yaramağımız, Yaraq olmağımız və özgələr tərəfindən öldürülməyimiz – bir daha təsdiqləndi.

TÜRKLƏR ÖZGƏLƏRƏ ÇOX YARAYIBLAR.

İranın ən böyük hökmdarları – ölkəni ən çətin məqamlarda xilas eləyən hakimlər – türklər olublar – Mahmud Qəznəvidən başlamış Nadir şaha qədər; İranın ən dahi Şahı – Şah Abbasdır – Səfəvi nəslindən; XX əsr İranın ən böyük Qəhrəmanı Səttarxandır və Türkü xalq saymayan da İrandır, Cənubi Azərbaycan yarasını yaradan da İrandır; İran Qüvvətləndikcə – Yara Şiddətlənir – Türk Qəhrəmanı İranı Qüvvətləndirir – Özünün Ziyanına.

İran Qüvvətləndikcə Cənubi Azərbaycan Fəlakəti artır və Azərbaycan Qəhrəmanı bu fəlakəti qüvvətləndirir – istəmədən.

Tarixi Fəlakətimiz təkrar olunur: özümüzə özgə böyüdürük, özgəyə gərək oluruq, özgəni öz Üzərimizdə Böyüdürük, öz Fəlakətimizə Böyüdürük – Fəlakətimizi Böyüdürük.

Zəncir Böyüdürük, Zindan Böyüdürük, Zillət Böyüdürük, Əzab Böyüdürük, Əsarət Böyüdürük.

Qüdrətimiz Özgəyə gərək olur – Özümüzə gərək olmur.

“Ölkəyə məşrutə verilməsi, parlament yaradılması, siyasi məhbusların azad edilməsi, ingilislərin dövlət işindən uzaqlaşdırılması” əməlinə qoşuldu Səttarxan və ölkədə məşrutə bərqərar oldu, parlament yaradıldı və bunlar Azərbaycanı azad eləmədi; Azərbaycan əsarətinə son qoyulmadı, Ümum İranlıq – Azərbaycana xeyir vermədi, Müstəqil Azərbaycan ideyasına xidmət eləmədi, Azərbaycan birləşib Vahid Dövlət olmadı, İran təzələndi, ancaq Azərbaycanın köhnə dərdi sağalmadı.

"Milli məsələni düzgün və ədalətli həll eləyən” bir hökuməti qurmaq istəyirdi Səttarxan, ancaq Məşrutə üçün Azərbaycan dərdi yox idi əslində; Məşrutə üçün İran dərdi var idi və bu dərdin dərmanı Azərbaycanın Azadlığı deyildi;

Azərbaycanın Əbədi İranlaşmasına Zidd deyildi Məşrutə Başçıları, Cənubi Azərbaycanın müstəqilliyi – İran Möhtəşəmliyinə zərbə idi; Təbrizsiz Tehran əzəmətini itirərdi; bu səbəbdən də İran məşrutəsi milli məsələni ədalətlicəsinə həll edə bilməzdi.

Azərbaycanın Azadlığını İngilis də, Fransız da, Rus çarı da istəmirdi.

Onlara Vahid İran gərək idi: – Vahid İran İqtisadiyyatı, Siyasəti.

İran uğrunda döyüş gedirdi əcnəbilər arasında; İran payı qarmalayırdılar soyğunçular; Azərbaycan bu payın ən dəyərli hissəsiydi, ondan keçə bilməzdilər, Azərbaycanın əbədi İranlaşması üçün səylərini əsirgəmirdilər.

Müstəqil Azərbaycan ideyasının müttəfiqi yox idi əslində.

Sosial-demokratların məqsədi – Vahid Azərbaycan, Müstəqil Cənubi Azərbaycan deyildi; proletar İnqilabıydı; Səttarxan dövründə o aramsız dünyəvi hərəkat kimi təsəvvür edilirdi; bütün dünyada, o cümlədən İranda, İranın tərkib hissəsi olan Cənubi Azərbaycanda dünyəvi proletar inqilabı hazırlamaq, dünyada olan bütün hərəkatları ona yönəltmək, bəşər tarixində yeni era yaratmaq və son nəticədə millətlərin bir-birinə qovuşması vasitəsiylə Millətsiz Vahid Bəşərə çatmaq istəyinə çalışırdılar sosial-demokratlar və öz ideyalarını İranda, Cənubi Azərbaycanda yayırdılar.

İslamçılar təbii şəkildə Müstəqil Azərbaycan ideyasının əleyhinə idilər; müsəlman birliyi milli səlahiyyətə uyğun deyildi; islamçı üçün xüsusi Cənubi Azərbaycan problemi ola bilməzdi; Dünyəvi İslamçılıq nəzərində Cənubi Azərbaycan problemi ola bilməzdi; Dünyəvi İslamçılıq nəzərində xüsusi Cənubi Azərbaycan, onun taleyi görünmürdü.

Dövran Azərbaycan çağırmırdı, dövran İran çağırırdı, Azərbaycan hədsiz dərəcədə təklənmişdi.

Səttar “İran Məşrutəsinin banisiydi, azadlıq hərəkatının rəhbəriydi”, ancaq İran Məşrutəsi Azərbaycan Azadlığının əleyhdarıydı və Səttarxanlıq hadisəsinin faciəvi mənası elə bundaydı.

Səttarxan azadlığı tək parlamentarizm kimi anlamırdı, onu həm də Cənubi Azərbaycan milli istiqlaliyyəti kimi təsəvvür edirdi;

Məşrutə – Səttarxan üçün Cənubi Azərbaycanı xilas eləmək vasitəsiydi, ancaq Məşrutə mahiyyətcə Cənubi Azərbaycan istiqlaliyyətinə yaraya bilməzdi; o, Azərbaycana azadlıq vermək üçün yaranmamışdı; İranı demokratikləşdirmək üçün yaranmışdı; Səttar Qəhrəmanlığı məşrutəyə gərək idi, ancaq Səttar Azərbaycansevərliyi məşrutəyə gərək deyildi; Azərbaycan milli hərəkatının başçısı Səttar – məşrutə üçün təhlükəli idi: o, məhv olmalıydı və məhv edildi.

Səttar Azadlıq bayrağına çevrildi, ancaq xalqını azad eləyə bilmədi; Böyütdüyü, yetirdiyi, canını, qanını verdiyi Məşrutə onu öldürdü.

"Yaralı aslana oxşayan Sərdarı böyük bir taxta qapının üstünə uzadaraq başlarının üstünə qaldırmışdılar: "Məhv olsun Zülm!"

Səttarxanlıq – bizim Faciəvi, Fəlakətli Özümlüyümüzdür, özgələrə həsr olunan, özgəlikdə öldürülən.

"Özümüzə gərək olduğumuz dərəcədə Dünyaya gərəyik!" – bunu öyrənməliyik Səttarxanlığımızdan – əzəli Qəhrəmanlığımızdan.

13-cü il (1991)


MANŞET XƏBƏRLƏRİ