İraq Türkmanları kimdir?


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

IV Yazı

Səfəvilərin (Qızılbaş) dövləti hakimiyyəti. Şeyx Heydər Uzun Həsənin qızı Aləmşah Bəyim (Marta) ilə evlənmişdi və ondan üç oğlu vardı: İbrahim , İsmayıl və Əli.

Sultan Yaqub (1478-1490) onları Şiraza göndərib İstəxr qalasında həbs etdirir.Lakin Sultan Yaqub öləndən sonra hər üçü zindandan çıxırlar. Sultan Əli xanəgah mürşüdü olur və nəhayət, Ağqoyunlular ilə savaşda öldürüldü.

İsmayılı müridləri Gilana aparır və 13 yaşına qədər qədər orada saxlayırlar.Gənc İsmayıl Ağqoyunlu dövləti daxili ixtilaflarından və aralarındakı çəkişmə və mübarizədən xəbərdar olandan sonra bir neçə yüz nəfərlə Ərzincana tərəf gedir (1500). Şah İsmayıl Ağqoyunluların zəifliyindən faydalanaraq,ailəsinin tərəfdarlarını ətrafına toplayır və 5000 silahlı mürid ilə Şimali Azərbaycana Şirvanşahın sorağına gedib onu məğlub etdikdən sonra,Naxçıvanda Ağqoyunlu Sultanı Əlvənd bəylə qarşılaşıb onu məğlub etdikdən sonra 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl (14 yaşında) özünü şah elan etdi.Sonra on ilin ərzində Fəratdan Ceyhun nəhrinə qədər yerləri özünə tabe etdi.

Səfəvi Qızılbaş dövlətinin qurulması Anadolu ələviləri elə bir sevinc və həyacan törətmişdi ki,bir-birlərinə “şah” kəlməsi ilə salam verirdilər və şahlarını görmək üçün Təbrizə gəlirdilər.

Səfəvi hökumətini (1501-1736) quran ellərin əksəriyyəti Anadoludan gəlib qızılbaş ordusunu təşkil etmişdilər. Qızılbaşlara aşağıdakı boylar mənsub idi: Ustaclu,Rumlu,Təkəlu,Zülqədər, Şamlu (Bəydili, Xudabəndəlu və İnanlu), Əfşar və Qacar, ayrıca Gəncə və Bərdə Karamanları da bu hökumətin quruluşunda iştirak etmişdilər.

1508-ci ildə Səfəvilərin İraqa daxil olmaları ilə İraqda türkmanların sayı birdən-birə artdı,çünki İsmayıl şahın və övladlarının təbəələri əsasən türklər və türkmanlardan ibarət idi.Ordusu da böyük əksəriyyətlə ələvi məzhəbini qəbul etmiş türk və türkmanlardan təşkil edilmişdi.

“Cəmiu-ət-təvarix-əl-mütəəxxiri” əsərini yaradan müəllif qeyd edir ki, Səfəvilər (Qızılbaş) dövlətində əsas xidmətdə- Şamlu,Rumlu və nisbətən Qacar kimi türkman boyları dururdu.Bu,həm dini,həm də etnik səbəblərdən doğrudu-çünki Səfəvilər ailəsi əslən türkmanlar idi.

T.Koylarinc yazır “Səfəvilər şahları türkcə danışan türkmanlar olublar, Səfəvi dövləti yaradılandan və paytaxt isfahana köçürüləndən sonra da hakim təbəqə və ordu türkcə danışırdı”.

Osmanlı hakimiyyəti. Osmanlı dövləti (1299-1922) Sultan Səlim xanın vaxtında 1514-cü ildə Çaldıran savaşında Şah İsmayıl Qızılbaşın ordusu üzərində qələbə çaldı.O,həmçinin Misirdə məmlüklərin hakimiyyətinə də son qoydu (1516-1517). Sultan Səlim Səfəviləri Diyarbəkirdən uzaqlaşdırmağa nail oldu.

Səfəvi hakimiyyəti Bağdadda 1508-ci ildə bərqərar olmuşdu.Lakin yerlilərin narazılığı,eyni zamanda Səfəvi hakimləri arasında gedən çəkişmələr səltənəti gücdən salırdı.Zülfüqar Bağdad hakimi olan əmisi İbrahim xanı öldürdükdən sonra hakimiyyətə gəlmişdi.Amma Şah Təhmasibdən qorxurdu.O, I Şah Təhmasibin (1524-1576) üzərinə yeriyəcəyindən və paytaxdakı ixtişaşlardan qorxaraq,Osmanlı dövlətinə pənah gətirir və Bağdadın qapılarının açarını Sultan Süleyman Qanuniyə (1520-1566) göndərir. Bununla ona itaətini bildirir,həm də minbərlərdən adına xütbə oxutdurur.

Zülfüqar bu manevri bir tərəfdən onun ölümü ilə nəticələndisə, digər tərəfdən iki dövlət Osmanlı və Səfəvi dövlətləri arasında beynəlxalq əhəmiyyətli problem yaratdı. Bundan çıxış edərək Sultan Süleyman Qanuni 1522-ci ildə İbrahim paşanın komandanlığı altında İraqa böyük ordu göndərdi.1523-cü ildə İraq Qızılbaş dövlətindən alındı.1529-cu ildə İraq Qızılbaşlar tərəfindən geri alındı.

Sonra Sultan özü hərəkət edib, Təbrizə döyüşsüz daxil oldu və oradan Həmədana və İraqa sarı yürüş etdi.Sultan Süleyman 1534-cü ildə Bağdada daxil oldu.1622-ci ilə qədər İraq Osmanlı dövlətinin ərazisi oldu. Bu hadisəni Bayatın böyük şairi Füzuli öz qəsidəsində (Əl-ğurra-əl-məmunə Bağdad) əbədiləşdirib.İstilanın tarixi sonuncu bənddə belə anlatılır: Gəldə bürcə ovliyayi badişahe namidar

Sultanın Bağdada gəldiyini eşitdikdə şəhərlər bir-birinin ardınca onun hakimiyyətini qəbul etməyə başladı: “Bəsrə, Hillə, Muşəşə vilayəti,ölkənin mərkəzi hissəsi bütövlükdə,Daquq,Qızılrıbat, Şəhriban, Haruniyyə, Kərkük,Xorasan,Kəlhəristan və İraqın şimal və cənubunda yerləşən digər yaşayış məntəqələri sultana tabe oldu.

Sultan Süleyman Qanuni o dövrdə 89-cu İslam Xəlifəsi olaraq İraq üçün böyük əhəmiyyətə malik islahatlar keçirdi.

1.İmam Əl-Əzəmin qəbri ilə birlikdə camesinin günbəzinin təmir etdirilməsi.Sultan Süleyman,cameni ziyarət edərkən günbəzin uçub-dağıldığını , görmüş və təmirinə sərəncam vermişdi.

2.Sultan Süleyman imamların- Musa Kazım və Məhəmməd Cavad əleyhisalamın qəbirlərini ziyarət edib,şah İsmayılın vaxtında tikilməsinə başlanmış həzrət imarətinin başa çatdırılmasını əmr etmişdi.İmamların türbələrinin yanında sultan came inşa etdirdi.Osmanlı dövləti tərəfindən xidmətçilər təyin edildi və xəzinədən onlar üçün maaş ayrıldı.

3.Sultan Şeyx Əbdülqadir Əl-Gilaninin qəbrinin dağılmaq üzrə olduğunu görüb,əmr etdi ki,üzərində hündür günbəz tikilsin. Həmçinin füqara və dul qadınlar üçün qonaq evi yaradıldı.

4.Əl-Hüseyniyyə çayı. Özündən əvvəl gəlmiş sultanların və o cümlədən Şah İsmayıl və Şah Təhmasibin bacarmadıqları bu nəhəng planı Sultan Süleyman yerinə yetirdi.Hüseyniyyə çayı adlanan çayı cilalayıb,susuzluqdan həlak olma dərəcəsinə çatan Kərbalaya su çəkdi və bu şəhərə həyat gətirdi.

5.İraqda olan bütün əmlak və torpaqları qeydiyyata aldırdı.Bu iş 970 reyestri əhatə etmişdi,onların hamısı “sinə” məhkəməsinin arxivində saxlanırdı.

İraq 1622-ci ilədək Osmanlı dövlətinin tabeliyində qalır. Həmin ildən İraqı Qızılbaş dövləti Şahı I Abbas Səfəvinin (1587-1629) İraqı və Bağdadı geri alması ilə vali Bəkir Subaşının hakimiyyətinə son qoyulur.O, bir il əvvəl Osmanlı dövlətinin asılılığından qurtarmaq üçün Qızılbaş dövlətinə pənah aparmışdı.Səfəvilər ondan istifadə edərək onun valiliyini bərpa etmədilər.Qızılbaşlar qısa bir müddətdə Mosul və Kərkükdə hakimiyyətdə olurlar.IV Sultan Murad (1623-1640) bu işdən qəzəblənir və İraqı geri almağı qərarlaşdırır.Mosul Kuçek Əli vasitəsi ilə geri qaytarılır.1627-ci ildə Hasan paşa Çerkesin komandanlığı altında Osmanlı ordusu yürüş edir və Altun Körpüdən keçərək Kərkük yaxınlığında Qızılbaş ordusunu məğlub edir.1638-ci ildə Osmanlı dövləti İraqı Qızılbaş dövlətindən geri alır.

O vaxtdan başlayaraq,İraqın qapıları Osmanlı dövlətinin İraqdan çıxdığı 1918-ci ilədək türkmanların üzünə açıq olur.Doktor Mustafa Cavad yazır: “Osmanlı türklərinin İraqda qüvvət və keyfiyyətdə oynadığı rol səlcuqların rolu kimi olub.IV Muradın Bağdadı və İraqı geri almağı, Osmanlı türklərinin İraqa sarı sel kimi axmasına səbəb oldu.Osmanlı türklərinin öz məzhəbindən olan ərəblərlə ixtilafı ərəb millətçiliyinə görə çox böyük miqyasda baş vermişdir.Türklərin qüvvəsi ölkənin müdafiə qüdrətini daha da artırır”.

Mosul vilayəti Birinci Dünya müharibəsinin sonuna qədər,İngiltərə tərəfindən işğal edilənədək Osmanlı imperiyasının tərkibində olub.Mərkəzi Mosul şəhəri olan Mosul vilayətinə,Kərkük, Ərbil və Süleymaniyyə bölgələri daxil idi.

1923-cü ildə Türkiyənin sərhədlərini müəyyənləşdirən Lozanna sülh konfransı belə,bu məsələyə ( Mosul məsələsi) aydınlıq gətirə bilmədi.

1924-cü il mayın 19-da Türkiyə ilə İngiltərə arasında İstanbul konfransı keçirildi.Konfransda Türkiyə tərəfi Mosulun tarixən həmişə Osmanlı ərazisi olaraq qaldığını və Birinci Dünya müharibəsinin sonunda bu vəziyyətin dəyişmədiyini,əyalət əhalisinin üçdə ikisinin müsəlmanlardan ibarət olduğunu, milliyətcə türkmanların üstünlük təşkil etməsini bildirərək buna görə, Mosulun tarixi, hərbi və etnik səbəblərə görə Türkiyə sərhədləri daxilində qalmağını əsaslandırdı.Böyük Britaniya tərəfi Türkiyə dövlətinin tələbini tamamilə rədd etdikdən sonra İstanbul konfransı buraxıldı.Mübahisə Millətlər Liqası səviyyəsinə qaldırıldı.Burada Türkiyə tərəfi İstanbul konfransındakı tezislərini təkrar edərək referendum (ümumi referendum) keçirilməsini tələb etdi.İngiltərə də bölgə əhalisinin siyasi mövqeyinin olmadığını bildirərək plebissit tələbinin rədd edilməsinə nail oldu.Məsələni araşdırmaq üçün Millətlər Liqasında komissiya yaradıldı.Lakin mübahisəni həll etmək mümkün olmadı.

Millətlər Liqası Şurası 1926-cı ildə İraq hökuməti ilə Sərhəd Müqaviləsini imzalayan Türkiyənin Mosul vilayətini güzəştə getməsini tövsiyə edən araşdırma komissiyası təşkil etdi.

Millətlər Liqası isə mübahisəli qərar qəbul edərək, 4 əsrə yaxın Osmanlı imperiyasının tərkibində olan və türkmanların etnik çoxluq təşkil etdiyi Mosul vilayətini Böyük Britaniyanın İraqdakı mandatına əlavə etdi. Bu barədə razılaşma 1926-cı ildə imzalandı.

Beləliklə,Türkiyə türkmanların üstünlük təşkil etdiyi Mosul vilayətini danışıqlar masasında gedən mübahisələrdən sonra itirdi.Halbuki,uğurlu diplomatik manevrlər tam əks nəticəyə səbəb ola bilərdi.Türkiyənin Mosul vilayətini və türkmanları İraqa güzəştə getməsindən sonra İraq Krallığı 25 il müddətinə Mosulun neft yataqlarından gələn gəlirdən 10 faiz mənfəəti Türkiyəyə verməyə razılaşdı.

Mosul və Kərkük 1926-cı ildə Türkiyənin İraqla və İngiltərə ilə imzaladığı müqaviləyə əsasən İraqın ərazisi kimi tanındı, bu da Türkiyənin həmin ərazilərdən çəkilməsinə səbəb oldu.

Türkiyə “Brüssel xətti”ni tanıdı və Mosul vilayətini İraqın ərazi bütövlüyü çərçivəsində qəbul etdi.

Britaniya müstəmləkəçiliyi islam adət-ənənəsi şüarı altında İraqda monarxiya rejimi yaratmaq planlarını irəli sürmüşdü.Beləliklə,İraq xalqının iradəsinin əksinə həmin planı həyata keçirdilər.1921-ci il avqust ayının 23-də I Feysəl (1921-1933) kral elan edilir.O,ağıllı siyasət yeridərək həm ərəb milliyətçilərinin dəstəyini,həm də ingilislərin dəstəyini özündə saxlayırdı.

İraqın müxtəlif şəhər və kəndlərində,hətta bir şəhər daxilində türkman ləhcələrində nəzərə çarpan fərq, sayları dörd milyon qədər olan türkmanların uzun zaman ərzində İraqda məskən salmalarına baxmayaraq,müxtəlif türk boylarına mənsub olduqlarından irəli gəlir. Təbiidir ki, İraqa köç etmiş türkman vətəndaşlar müsəlman əhalinin digər etnik qrupları ilə-xüsusilə ərəblərlə qonşuluq yaradaraq qaynayıb- qarışmışdır.Onlara bu işdə müxtəlif amillər, ilk növbədə, dini əlaqələr,ümumi mənafe və tale birliyi kömək etmişdir. Bu qarışma öz növbəsində müəyyən vaxtdan sonra onların çox böyük bir hissəsinə daxilində yaşadıqları xalqın ərəb xalqının xüsusiyyətlərini vermişdir.Onlar talelərini bir-birinə bağlamışdılar.Bəziləri öz ana dilini itirmişdir, onların övladları öz həqiqi əcdadlarının dilindən bixəbər qalıblar. Bununla belə, türkmanların əksəriyyəti dillərini və bəzi adət ənənələri, xüsusilə,türkman adlarını saxlanması əsil zatlarına dəlalət edir.Türkmenelinin sərhədləri Hələbdə başlayıb,Mendelidə bitir.İraq türkman tarixinin on üç əsrdən çox davam etdiyi təsdiq edilən həqiqətdir.

Ardı var


MANŞET XƏBƏRLƏRİ