“Tanrıdağ”dan əsən sənət mehi



Nəriman Əbdülrəhmanlı

Sinematoqraf Çin ərazisinə 1905-ci ildə qədəm basıb, 1913-cü ildə ilk bədii film çəkilib, 1922-ci ildə “Çolpan” kino şirkəti təsdil edilib, 20-30-cu illərdə bir neçə ekran əsəri istehsal edilib.

Doğu Türküstanda isə sinematoqraf ilk dəfə 1924-cü ildə həyata vəsiqə alıb. 1924-cü ildə SSRİ-nin Kaşğardakı konsulluğunda nümayiş etdirilən film bu prosesin başlanğıcı sayılır. Sonrakı illərdə əcnəbi tacirlərin gətirdikləri səssiz sənədli filmlərin tamaşa həvəskarlarına nümayiş etdirilməsi ticarətin atributlarından biri kimi qəbul edilib. Kütlənin böyük maraq höstərdiyi “bez oyunu”, yaxud “şeytan rəsmi” adlandırılan səssiz ağ-qara filmlərin nümayişi xalqın mədəni həyatının ayrılmaz bir parçasına çevrilıib. 30-cu illərdə kinonun kommersiya dəyərini dərk edən uyğur tacirlər və işgüzar adamlar prokat, nümayiş məsələləri ilə yanaşı kino-tetrların tikintisi ilə də maraqlanmağa başlamışlar. Həmin dövrdə Doğu Türküstanın hər yerində klublar, tamaşa salonları ilə yanaşı, xüsusi kinoteatrlar da inşa olunmağa başlayıb (Bax: nsicam.net/2023/08/05/dogu-turkistanda-sinema).

Yang Yuanfu adlı çinli tacirin 1932-ci ildə Urumçidə açdığı, amma az sonra şəhərdə baş verən qarışıqlıqlar səbəbindən bağlanmış, 1933-cu ildən isə müntəzəm fəaliyyətə başlamış 200 nəfərlik ilk kino-teatr Çindən gətirilən səssiz, əsasən, macəra, komediya, detektiv, melodram janrlarında çəkilmiş bədii, həm də sənədli filmləri nümayiş etdirirdi. Bu dövrdə bölgəyə təsir rıçaqlartını ələ keçirməyə can atan, 1933-cü ildən hakimiyyətdə olan Şeng Şisey (Sheng Shicai) yaxın münasibətlər qurmağa can atan SSRİ təbliğat vasitələrindən biri kimi, kinodan da istifadə edirdi. Həmin dövrdə Doğu Türküstanın ərazisində məhz Sovetlər Birliyindən gətirilmiş, əksəriyyəti kommunizm ideyasını təbliğ edən filmlər (“Lenin oktyabrda”, Lenin 1918-ci ildə”, “Çapayev”, ““Potyomkin” zirehli gəmisi”, “Şən uşaqlar”, və s. kimi) nümayiş etdirilirdi.

Bir sıra mənbələrdə 1934-cü ildə yenicə formalaşmaqda olan özbək kinosunun ilk ekran əsərlərindən bir uyğur mövzusuna həsr edilib. Təəssüf ki, “Cahanxan” adlı həmin lentin yaranması və məzmunu haqqında faktoqrafik əldə etmək mümkün deyil. Amma bu fakt belə, uyğurların ekran sənəti ilə təması tarixinə müəyyən işıq salır. Elə həmin ildə də Qazaxstanın ovaxtkı paytaxtı Almatı şəhərində Uyğur Musiqili Dram Teatrının (sonralar K.Kujemyarov adına Uyğur Akademik Musiqili Komediya Teatrı) təşkil edilməsi də xalqın mədəni tarixinin əlamətdar hadisələrindən biridir.

Birinci Doğu Türküstan Respublikası, İkinci Dünya müharibəsi, İkinci Doğu Türküstan Respublikası dövrlərində Doğu Türküstanda milli kinonun yaranması və formalaşması imkanı yaranmadı. 1949-cu ildə uyğur diyarı Çin tərəfindən işğal edildikdən, kommunist rejimi bərqərar edildikdən, nisbi sakitlik yaradıldıqdan sonra hakimiyyət idarəetmənin mədəni vasitələrindən biri kimi kinonu da nəzarətdə saxlamağa başladı. Həmin illərdə Çində və Şərqi Türküstanda Çin Qızıl Ordusunu tərifləyən ədəbi-bədii hərəkatın yaradılmasına cəhd göstərilirdi. 1949-cu ildən 1970-ci illərin sonunadək nəşr olunmuş bütün ədəbi-bədii əsərlərin dili uyğur türkcəsi olsa da, məzmununa Çin mədəniyyəti hopmuş, yəni, Şərqi Türküstanda tədris olunan əsərlərin əksəriyyəti Çin dilindən tərcümə edilmişdi.

1949-cu ildə, inqilabdan dərhal sonra Kommunist Partiyasının mədəniyyət işçiləri bölgə xalqlarını yenidən bir millətə çevirmək üçün Sincana gəldilər. Pekin kinostudiyası 1950-ci ildə xəbər xronikaları və filmlər paylamaq, Sincandakı həyat haqqında sənədli filmlər çəkmək üçün bölgəyə kinematoqrafçılardan ibarət briqadalar göndərdi.

Doğu Türküstanda etnik filmlər Mao Tsze-dunun başçılıq etdiyi kommunist inqilabından sonrakı ilk illərdə, hakimiyyətin milli mədəniyyətə hörmətlə yasnaşması nəticəsində 1950-ci illərin ortalarından istehsal edilməyə başladı. İki gənc qazax arasında feodal cəmiyyəti tərəfindən zülm altında olan pastoral torpaqlarını təsvir edən “Həsən və Cəmilə” (1955) filmi Şanxay kinostudiyası tərəfindən, Sincan etnik qruplarından olan mədəniyyət xadimləri ilə sıx əməkdaşlıq çərçivəsində çəkildi.

Həmin dövrdə də Mədəniyyət Nazirliyi qruplar arasında etnik kimliyi və incəsənətdə özünütəminliyi təşviq edən dövrün milli siyasətinə uyğun olaraq, Sincan rejissorlarını öz filmlərini çəkməyə təşviq etməyə başladı. 1956-cı ildə Urumçi şəhərinin kənarında yerləşən istehsal mərkəzi olan Sincan Film Studiyasını qurmazdan əvvəl 28 rejissor və aktyordan ibarət qrupu Pekin, Şanxay və Çançundakı studiyalara səfərə dəvət etdilər. Studiyanın iki rolu var idi: yerli həyat tərzi və etnik mədəniyyətlərlə əlaqəli mövzularda filmlər çəkmək, eləcə də Çinin qalan hissəsindən olan studiyalar tərəfindən istehsal olunan filmləri bölgənin ikinci rəsmi dili olan Uyğur dilinə, həm də qazax və qırğız dillərinə dublyaj etmək və altyazılarla tərcümə etmək (https://www.theworldofchinese.com/2022/12/picturing-xinjiang-on-the-big-screen/).

Kinostudiyada uyğur türklərinin adət-ənənələrini, mədəniyyətini və məişətini əks etdirən “Bostandaki şənlik” (Şannxay kinostudiyası ilə birgə 1958), “İki övlad” (1959) bədii filmləri istehsal edilldi. 1959-cu ildən Sincan kinotudiyası adı ilə fəaliyyət göstərən həmin istehsal bazasında “Uzaqdaki qığılcım” (1960) və “Anarxan” (1961), eyni zamanda sovet quruluşundan qaçıb bölgədə məskunlaşmış qazax, tacuk, qırğız və özbəklərini yaşantılarından söz açan “Buz dağına gələn qonaq”, “Çöl qartalı”, “Tanrı dağındaki gül”, “Çöldəki çarpışma” kimi ekran əsərləri yaradıldı. Amma bu filmlər kommunist ideologiyasının imkan verdiyi hüdudlardan kənara çıxa bilmir, maoçu dəyişiklikləri və tərəqqini, sinfi mübarizəni əks etdirirdi.

“Uzaq qığılcım” (1961) filmində 1937-1945-ci illərdə davam edən Çin-Yaponiya müharibəsində Han və Uyğurların ortaq düşmənə qarşı birləşməsi təsvir olunur. Uyğur şairi Lütfulla Mütəllipin tərcümeyi-halından götürülmüş mövzu onu Kommunist Partiyasının Yapon imperializminə qarşı müqavimətinin mərkəzinə qoyur. Filmin ssenarisi uyğur yazıçı tərəfindən yazılıb və yerli aktyor heyəti dialoqları ana dilində söyləyir. Hekayətdə Lütpulla Mütəllip təkcə sosialist şüarlarından deyil, həm də yerli bərbərxanada ənənəvi dastan oxuyarkən rastlaşdığı dutar ifaçısından ilhamlanır. Tamaşaçıları əyləndirmək üçün ənənəvi mahnı və rəqslərdən istifadə edən “Anarxan” (1962) Pekindən gələn Han məmurları tərəfindən Uyğur qadınlarının feodal həyatından azad olunmasını təbliğ edir.

1962-ci ildə məhz rejimin ideoloji xəttinə uyğun olaraq, Sincan kinostudiyasının adı dəyişdirilərək, Sincan kino-dublyaj kinostudiyasına çevrildi. Kinostudiyada, əsasən, Çində istehsal edilmiş və çin dilində olan, həm də xarici ekran əsərlərinin uyğur və qazax dillərinə çevrilir, regionun prokat sistenminə təhvil verilirdi. Həmin bədii-sənədli filmlərin də, demək olar, əksəriyyəti təbliğat xarakterli idi, yerli əhalini kommunist ideologiyasına alışdırmaq məqsədi ilə nümayiş etdirilirdi.

1965-ci ildə Mao Tsze-dun nümunəvi kommunizm cəmiyyəti yaratmaq məqsədi ilə məktəbliləri və tələbə gəncləri inqilabi zorakılığa çağırdı. Nəticədə xunveybinlər (“qırmızı keşikçilər”) və tszyaofanlar (“qiyamçılar”) adlandırılan dəstələr partiya komitələrini və nazirlikləri dağıtdılar, müəssisələri, ali məktəbləri, elmi və mədəni müəssisələrini zəbt etdi, iri partiya funksionerləri, yazıçılar, alimlər üzərində məzhəkəni xatırladan “məhkəmə” qurdular. Lakin belə bir “mədəni inqilab” kütləvi zorakılıqlar və ümumi xaos yaratdı, həm iqtisadiyyatın, həm də elm və mədəniyyətin inkişafına böyük zərbə endirdi. 1967-ci ilin sonlarında Mao Tsze-dunun göstərişi ilə ordu ölkədəki situasiyanı nəzarəti altına aldı. “Böyük mədəni inqilab” adlandırılan on il ərzində, Maonun 1976-cı ildə ölümünədək davam edən bu siyasət ictimai və mənəvi həyatın bütün sahələrini, o cümlədən, kino sənayesini də əhatə etdi. Elə bu səbəbdən də o faciəvi onillikdə Sincan kinostudiyası film istehsalını dayandırmaq məcburiyyətində qaldı (Bax: yenə orada).

Den Syaopinin hakimiyyətə gəlməsi, mühafizəkarların ön plana çıxması, ictimai-siyasi həyatda dəyişiklik, sərt kommunist rejimindən müyyən qədər demokratik siyasətə keçid, “mədəni inqilab”ın gətirdiyi qadağaların aradan qaldırılması kimi xüsusiyyətlərlə müşayiət olunurdu. Həmin dövrdə olduqca dolaşıq siyasi və mədəni dövrü geridə qoymağa can atan uyğur kinematoqrafçıları da duyğu və düşüncələrini, yaşadığı daxili çarpışmaları, öz mədəniyyət və estetika anlayışlarını ekrana çıxarmaq və xalqı maarifləndirmək kimi məsuliyyəti öz üzərlərinə götürməli idilər. 70-ci illərin sonu, 80-ci illərdə çəkilmiş filmlərdə bu proses aydım müşahidə olunurdu. Yaralı qəlblər, həsrət, insaniyyət, insani dəyərlər, sevgi və ailə, həyat və xoşbəxtlik, ziyalılsarın o dövrdə çəkdikləri əzab-əziyyət çəkilmiş filmlərin başlıca mövzusunu təşkil edirdi. Uyğurların yeni tarixi prosesdə yaşadıqları dəyişikliklərin insan ruhundakı əksi, mədəniyyətindəki və düşüncələrindəki təlatümlər həmin ekran əsərlərində aydın sezilirdi (Bax: Dursun İ. Uygurlarda Televizyon-Sinema Medeniyeti, Urumçi, Sincan Halk Neşriyatı, 2005).

1977-ci ildən Çində, o cümlədən də Sincanda kino sənayesi fəaliyyətini davam etdirdi. Həmin dövrdə peşəkar uyğur kinematoqrafçılar yetişmədiyinə görə filmlərə, əsasın, yabançı, ilk növbədə çinli rejissiorlar quruluş verir, amma uyğur teatr ifaçılarının yaradıcılıq imkanlaarından istifadə edirdilər. 1978-ci ildə adı dəyişdirilərək, “Tanrıdağ” (“Tyan-Şan”) kinostudiyasına çevrilən istehsalat bazasında həmin il çəkilişi gerçəkləşdirilən “Rəhbər” filmi tamaşaçıların böyük rəğbətini qazanmışdı.

“Tanrıdağ” kinostudiyasını ilk filmləri hələ də Han çinliləri və yerli etnik istedadlar arasında əməkdaşlıöın nəticəsi olsa da, 1978-ci ildən Pekin Kino Akademiyası yalnız Han olmayan kino məktəbi məzunlarının Sincan və Daxili Monqolustandakı studiyalarda işə götürülməsinə izin verdi. Tyan-Şanda gənc uyğur, qazax və özbək rejissorları təhsilli, gənc şəhər həmkarları və qlobal auditoriya üçün filmlər çəkməyə başladılar. Bu hərəkata Quanq Çunlan rəhbərlik edirdi. 1940-cı ildə Sincan əyalətinin Yinin şəhərində Sibo etnik qrupu ailəsində anadan olmuş Quan 1966-cı ilin əvvəllərində Pekin Film Akademiyasını bitirdikdən sonra Hebey əyalətinin Çjançyakou şəhərindəki kommunal fermada işləməyə göndərilib,1976-cı ildə kino istehsalı bərpa olunanda Quanq Sincana qayıdıb Tyanşana girməzdən əvvəl bir neçə studiyada çalışıb (https://www.theworldofchinese.com/2022/12/picturing-xinjiang-on-the-big-screen/).

Filmlər ideologiya və təbliğata əsaslandığı üçün uyğur xalqının mövcud ailə quruluşu, sosial həyatı, inancları qeyri-dəqiq təsvir edilib. Faktlar gizlədilib, reallıqdan uzaq fantaziya dünyası qurulub, estetik dəyərlərə etinasızlıq göstərilib. Uğurlu filmlərin həddən artıq az çəkilməsinin səbəbi də məhz budur. Kino texnologiyasının zamanla ayaqlaşmaması, sərmayə qoyuluşunun olmaması da mühüm amillərdən sayılır, lakin başlıca səbəb ədəbi-bədii sahədə azadlığın və azad ruhun yoxluğu sayılmalıdır. Üstəlik, uyğur türklərinin sosial həyatını əks etdirən və əks etdirən filmlərin ssenari müəllifləri və rejissorlarının çinli olması, onların milli uyğur mədəniyyətini, adət-ənənələrini, sosial dəyərlərini bilməmələri də bu məsələdə az rol oynamırdı. Çində kino sənayesi dövlət tərəfindən idarə olunduğuna, ekran əsərlərindən təbliğat vasitəsi kimi istifadə edildiyinə görə uyğurların tarixini, mədəniyyətini, adət-ənənələrini və folklorunu əks etdirən filmlərin azlığı tə\əccüb doğurmamalıdır.

Bu dövrdə dünya kinosunun uyğur xalqının tarixi, mədəniyyəti, məişəti və adət-ənənələri ilə bağlı mövzulara diqqətini, təəssüf ki, görmək mümkün deyil. Yalnız görkəmli holland-fransız sənədli ekran ustası Yoris İvens (1898-1989) və Marselin Loridan İvensin 1977-ci ildə Fransada çəkdikləri “Uyğurlar” qısametrajlı filmini misal gətirmək olar. Filmdə uyğur xalqına məxsus olan xüsusiyyətlərin qabardılmasına xüsusi diqqət yetirilib.

1980-ci illərdə təzyiq siyasətinin bir qədər yumşaldılması nəticəsində uyğur yazıçıları, şairləri və sənətçiləri öz əsərlərində uyğur xalqının keçmiş və çağdaş ictimai-siyasi keçmişini, həyat tərzini əks etdirməyə başladılar. Uyğur ziyalıların “Uyğur maarifçiliyi dövrü” adlandırdıqları həmin illərdə yenilikçi, mütərəqqi mədəni və estetik anlayışların xalqa çatdırılması yönümündə əhəmiyyətli addımlar atıldı. Şərqi Türküstanda öz mədəni dəyərlərindən xəbərsiz bir nəsil yetişdiyinə görə, Uyğur türkləri arasında öz milli dəyərlərini öyrənmə hərəkatı başladı və bu təhsili də əhatə etdi. Şərqi Türküstan Bölgə Hökuməti tabeliyində Qədim Əsərlərin Nəşri İdarəsi yaradıldı, türk dünyasının klassik əsərləri olan Yusuf Has Hacibin “Qutad-qu bilig”i, Kaşqarlı Mahmudun “Divanü Lüqət-it Türk”ü uyğur türkcəsində nəşr olundu.

Bu dövrdə uyğur kinosunda da milli mədəniyyəti əks etdirən filmlər istehsal olunmağa başladı, “Tanrıdağ” kinosudiyasında çəkilmiş ekran əsərləri uyğur həyatını əks etdirdiyi və mümkün qədər gerçəkliyə yaxın olduğu üçün Uyğur ictimaiyyəti arasında diqqət və təqdirə səbəb oldu. “Nəsrəddin Xoca” (1980), “Xoşbəxtlik nəğməsi” (1981), “Qərib və Sənəm” (1981), “Rənanın evliliyi” (1982), “Sirli karvan” (1985), “Nurnisə” (1984), “Bu işin qazancı” (1985), “Narahat Kumbağ” (1985), “Gözəlliyin ölümü” (1986), “Toylar” (1986), “19” (1989), “Bütün söhbətlər Mehmet haqqında” (1988), “Subaylar ailəsi” (1988), “Qərb bölgəsində rəqs həvəskarları” (1988), “Molla Zeyidin” (1989), “Alov dağından gələn adam” filmləri lentə alındı.

Lakin “Tanrıdağ” kinotudiyasının 1959-2012-ci illərdə istehsal etdiyi 98 film arasında uyğur türklərindən bəhs edən və uyğur milli mədəniyyətini əks etdirən çox az bədii film var.


MANŞET XƏBƏRLƏRİ