Ölümü ilə doğulan – ALMAS İLDIRIM



Turan Uğur
AYB-nin üzvü

(Vətən şairimiz Almas İldırımın Anım Gününə həsr edirəm)

“Türküstan” qəzeti üçün

Bu qala bizim qala
Həmişə bizim qala.
Tikmədim özüm qalım,
Tikdim ki, izim qala.

İzim qala, qala, Qala kəndi...Nadiri-Qalanın nadir qalası...Tərəkəmə, Balaverdi, Çəmbərəkənd, Hacı Ramazan məhəllələri, hələ mən doğulmamışam.Şor hamamı, Qum hamamı, Bayraməli hamamı: gedib-gələnləri, gəlib görənləri var, hələ mən doğulmamışam, Qavaldaşı abidəmiz-olsun bizim fəxrimiz, amma hələ mən doğulmamışam. Duz gölündən çuval-çuval duz doldurub müxtəlif regionlara aparıb satanlarımız var; hələ mən doğulmamışam.

Bəs kimi gözləyirəm, niyə gözləyirəm; hələ mən doğulmamışam.Yolun azanlarının qazanları boş qalır, camaatımız çar sümürgəçilərinin əlindən əliboş qalır, hələ mən doğulmamışam. Sovet cəlladları üzübəri mənə sarı gəlirlər, dostum! Hələ mən doğulmamışam.Bezi söz, qeybəti söhbət yerinə satırlar, gürzəni mirzə, dinməzi hərzə bilirlər, hələ mən doğulmamışam.Bəs nərdə məni gül qoynunda doğuran? Aha az qalıb ki... Bu saat doğulacam, ömrün çölləmə-gülləmə çağında doğulacam.Baharda - 1907-ci ilin mart ayında gələcəm bu dünyaya.Adımı Əbdülhəsən qoyacaqlar.Uşaqlıqdan Almas deyib çağıracaqlar məni.Dəyərimi bilirlərmiş da...

Nə üçün şair doğulduğumu bilmirəm, lakin ulusum üçün göndərildiyimin fərqindəyəm.Onun da fərqindəyəm ki, ailəmiz Şüvəlana köçəndə 6 yaşım vardı, indi Mir Möhsün ağanın ziyarətgahı var haaa, onun qarşı tərəfində mülklərimiz olub.O müqəddəslikdən yurd sevgimə, vətən eşqimə nələrsə qarışıb, amma qarşıda məni gözləyənləri kimsə bilmir.Kimsə bilməz Tanrıdağın yasını.Hələ o illərdə Altayların başını da duman alıbmış.

13 yaşım olanda Çəmbərəkəndə köçəcəyik.Sonra “köçmək” sözü bütün ömrüm boyu məni qarabaqara izləyəcək.Düşəcək arxamca, hara gedəcəksə zalımın oğlu yaxamı buraxmayacaq.Sözdinləməz uşaq kimi yapışacaq ətəyimdən, kölgəmə dönəcək bu “köçmək” feili.Yamanca feillənəcək, bicləşəcək, sitallaşacaq, idimsiz, suyumsuz olacaq.Əsla məni rahat buraxmayacaq.Canımı alacaq bu sürgünlər, qaçaqaçlar, qovaqovlar.Ehhhh, hələ 13 yaşım var.”İttihad” məktəbinə yazdıracaqlar məni ki, fars dilini mükəmməl öyrənə bilim.Güneydən gələn qardaşlarımla birgə təkcə dil öyrənmirdim, həm də onlarla qardaşlığı, sirdaşlığı mənimsəyirdim.Sonra başıma gələnləri nağıllayaram sizə, qoyun ürəyim boşalsın.1952-ci ildən-yəni ki, vəfatımdan üzübəri susmuşam, şeirlərim danışıb, indi mən danışıram, şeirlərim yenə danışır.

İttihadda oxuyarkən şeir yazmağa başladım, deyilənə görə pis alınmamışdı.Abdulla Şaiqin nümunə məktəbində isə çox şeyi öyrəndim.Bilirsiniz nəyi öyrəndim: çox sonralar “Stalinin bığı haqqında şeir yaz”- deyənə tutarlı cavab verməyi öyrəndim.”İtil, ölmərəm yazmaram” Hə, dostlar, bu sayaq.Həəə, necə demişəm? Məncə pis alınmayıb.Əlbəttə, pis alınmayıb.Stalinə şeir qoşmaram, amma rus şairi Lermontovdan iqtibas etdiyim “Buludlar” adlı şeirimi yazaram, “Ey lacivərd göylərin əbədi yolçuları...” deyərəm.

Başımı sovet çəkici ilə əzməyi təklif edənlərin cavabını həyat özü verib.Məni isə hələ Dağıstana sürgün gözləyir.Amma sınmıram, əzilmirəm, həvəsdən düşmürəm, yazıram.Çap edilən şeirlərimin ünvanı “ Dağıstan füqərası” qəzeti olsunmu, olsun.

Adımı “cığırdaş”qoyub məni təqib edənlər yalnız tacir övladı olduğumdan deyil, həm də İstanbulda nəşr olunan şeirlərimdən hürkürdülər.Əhməd Cavadla dostluğumuz onların boğazlarına neştər kimi saplanmışdı.Həyatıma Aşqabad sürgünü yazdılar bu səbəbdən.Açığı oranı məşəqqətli bilmədim, çünki Şamaxıdan burada yuva salan yurddaşlarımla qaynayıb-qarışdım.Doğmalarımla balaca obamızı, xudmani elimizi yaratdıq Aşqabadda.Şamaxıdan ailəsi ilə birgə Türkmənistana sürgün edilmiş Zivəri özümə sirdaş, ömür-gün yoldaşı seçdim.Bəzək vurdum ömrümə, zatən farscadan tərcümədə adı bəzək, zinət mənasını vermirmi? 90-yaşını haqlasa da qəribanım, cəfakeşim görə bilmədi Bakımızı.Fəqət əl işinə, düzəltdiyi xəritəyə söz ola bilməz.

Azərbaycana olan həsrətimə görə Zivərlə izdivacımızdan dünyaya gələn böyük oğlumu, ilk güzarımı Azər çağırdım.Bilirsiniz necə oğuldur? Əgər istəsəniz mənim haqqımda xatirələrini sizlə bölüşər.

Mən öləcək insanam, lakin ruhən yox, mən öləcək insanam amma məndən öncə vəfat etdi əkiz övladlarım: Eldəgəz, Yurdavar.Türkiyədə mühacirətdəydim, sonra vətəndaşı oldum.Övladlarıma bu adları verdim, dedim mən varıb gedəmmərəm məmləkətə, barı sən var, Yardavar.Mən gəzəmmərəm eldə, heç olmaya sən gəz eldə, Eldəgəz.Gəzəmmədi, görəmmədi Eldəgəz, gedəmmədi, varammadı Yurdavar.Amma Azərim, Arazım, Odxanım, Bakıxanım namımı, vətən eşqimi yaşatdılar.Hər Novruzda getdi məmləkətimə Azərim, qohumlarıma baş çəkdi.Anamın məzarına uğradı hər gedişində.Elazığın -Türkiyənin dağına-daşına yazdıqlarımı gedim Xəzərin qulağına pıçıldayırdı hər sənə. Düşünürdü ki, 80-90 il öncə mənim ayaqlarım dəyib oralara.

1952-ci ildə vəfat etdim, öldüm demirəm.Yenə doğuldum 2020-ci ildə, 8 noyabr Zəfər günümüzdə. Sevincimi oğlanlarımın cismində yaşatdım.Bu gün buxovlanmış ayaqlarım, qandallanmış əllərim azadlığına qovuşub.1952-ci ildə bu dünyadan köç edəndə dəfnim zamanı söz-söhbətdən də xəbərim var? Basdırarkən məni üzümü qibləyə yox, Azərbaycana tərəf tutun söyləmişdim.Məzarıma yığışanların fikri məhz buna görə haçalanıbmış.Mənimsə amalım dəyişməz oldu.Üzümü Vətənimə çevirin söyləmişdim ki, Vətənimin üzü mənə dönsün.
Əvvəl necə yazırdım?
- Mən doğulmamışam, indi isə əksinə alındı.Vətənimin üzü mənə, deməli, mən hələ ölməmişəm.Bu gün azaddır Qarabağım, mən hələ ölməmişəm, gedirik Turana tərəf, mən hələ ölməmişəm.Ölməmişəm...
Ölmə, Almas İldırım. Ölmə! Ölmə! Almasım, ölmə!

15 yanvar 2026-cı il,


MANŞET XƏBƏRLƏRİ