Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

II yazı

Hüseyn Cavid o məsələdə haqlı idi ki, Yaradanı dərk etmə yolunda fərqliliyin təməlini ilk növbədə, özünü Yaradanın elçisi hesab edən peyğəmbərlər və onların müridləri qoymuşlar. Daha sonra da, peyğəmbərlərin yolundan ayrılanların hər biri də bir məzhəb icad etmiş, yalnız özlərinin doğru yolda oldğunu iddia edib Haqqın onunla olduğunu söyləmişlər. Beləliklə, müxtəlif məzhəblər və firqələr ortaya çıxmış, hər öz cığrını açmış, bu yolda öz həmfikir­lərinə belə düşman olmuş və son nəticədə Yaradanın dərkinə münasibətdə antaqonist mülahizələr irəli sürülmüşdür. O, yazırdı:

Firqələr təşkil edilmiş anbaan,

Olmamış əskik niza heç bir zaman.

İzələyib hər firqə çıqmaz bir cığır,

Bir dügün-dərnək qurulmuş zırhazır.

Hər kəs uymuş kəndi sərsəm fikrinə,

Düşman olmuş çoqları öz həmfikrinə.

Eyləmiş hər kəs təsəvvür, qayəsiz,

Başa yol, bir başqa xaliq, başqa iz.

Hər kəs aldanmış da sapmış bir yana,

Bin çeşid bütlər yapıb tapmış ona.

Hər kəsin ruhunda bir xaliq gülər,

Öylə bir xaliq ki, xəlq etmiş bəşər.[1]

Deməli, iki cür Xaliq var: əsil Xaliq və insanların yaratdığı “xaliqlər”. Belə anlaşılır ki, insanların böyük çoxu əsil Xaliqi bir kənara qoyub özlərindən uydurduqları “xaliqlər”ə tapınırlar. Əsil Xaliqlə insanların uydurduğu “xaliqlər” arasında isə daban-dabana ziddiyyətlərlə yanaşı bəzi oxşarlıqlar da vardır. Cavid yazırdı:

Pək tühaf!...Bir firqə digər firqənin

Xaliqindən diksinib olmaz əmin.

Halbuki, hər kəscə Haq bir, Tanrı bir...

Ya bu sərsəmlik, bu azğınlıq nədir!?

Bir yığın insan arar zülmətdə nur,

Bir yığın: haq bizdədir, söylər durur.

Bir güruh eylər pərəstiş vəhdətə,

Bir güruh eylər təməllüq kəsrətə.

Hər kəs artıq izləyib bir yol gedər,

Əyri, düz, çirkin gözəl – iman edər.

Cahil – arif, bir çoban – bir feyləsuf

Kəndini sanmaqda... ərbabi-vüquf.[2]

Cavidə görə, insanlar özlərindən uydurduqları “xaliqləri”nə və həmin “xaliqlər”lə bağlı tutduqları yollarına o qədər inanmışlar ki, əsil Haqq yenidən təcəssüm etsə belə, onlar öz yollarından artıq geri dönməyəcəklər. O, yazırdı:

Hər kim əvvəldən inanmış hər nəyə,

Bir də ram olmaz o digər bir şeyə.

Haq təcəssüm etsə birdən həpsinə,

Tutduğundan kimsə vaz keçməz yenə.

Çünki pək gücdür unutmaq keçmişi,

Həm düşünmək istəməz bir çoq kişi.

Hökm edər “mazi” bütün vicdanlara,

“Əskilik” eylər nüfuz izanlara.

Əski adətlər birər zəncir olub,

Dəmbədəm etməkdə təsxiri-qülub.

Sorsalar: dünyada kimdir hökmdar?

Bən derim: ölmüşlər, ölmüş duyğular.[3]

Bütün bunlardan çıxış yolu odur ki, insan yanlış fikirlərdən, adətlərdən əl çəkib yeniləşməklə, əsil Xaliqin varlığını insan öz qəlbində aramaqla doğru qərar vermiş olar. Bir sözlə, şübhələrdən qurtulub yenidən əsil Yaradana dönmək lazımdır. O, yazırdı:

Şübhədir, hər həqiqətin anası,

Şübhədir əhli-hikmətin babası.

Şübhə etməkdə haqlıdır insan,

Çünki hər kəscə bəllidir: Yaradan

Hər zaman, hər tərəfdə nurəfşan,

Fərqsiz onca həp zamanü məkan.

Ona məxsus yoqsa bir məva,

Ərşə çıqmaqda varmı bir məna?[4]

Bu baxımdan onun fikrincə, İslamda, Xristianlıqda öz əksini tapan bəzi məsələlərə, xüsusilə peyğəmbərlərin meracda olmasına, tövhidə insanların birmənalı yanaşmaması kafirliklə deyil, həqiqəti axtarmaqla bağlıdır. O, yazırdı:

Kim ki, Allahı istiyor görmək,

Arasın qəlbi-tabnakində,

Arasın ruhi-pakində,

Hər kimin qəlbi, ruhu düzgündür,

Daima hiss edər də haqqı görər.

Feyləsufanə ruha malik olan

Yaşamaz ayrı hərgiz Allahdan.[5]

H.Cavidin fikrincə, insanlar etdikləri səhvlərə, günahlara görə dinlər, eləcə də dinlərin yayıcıları peyğəmbərlər qarşısında deyil, yalnız vicdanları və Tanrı qarşısında cavabdehlik daşıyırlar. Bununla da Cavid demək istəyir ki, ürəyində əsil Allah sevgisi olan hər bir kəs doğru yoldaddır. Kim doğru yolda deyilsə, deməli onun ürəyində Allah sevgisi də yoxdur. O, yazırdı:

Əmin ol, nerdə nəfs olmuşsa hakim;

Həqiqi eşqi məhv etmiş məzalim.

Kimin ülviysə ruhu, söz onundur,

Əsiri-nəfs olan daim zəbundur.[6]

Bir qədər də dəqiqləşdirsək görərik ki, bir yandan insan Yaradanın olub-olmamasının axtarışındadır, digər tərəfdən Yaradanın olmasını qəlbində tapsa belə, bundan sonra da Onu nə dərəcə də dərk edib-etməməsinin intizarındadır.

Cavidin “Peyğəmbər” əsərinin mahiyyətində də, əsas məsə­lə kimi Tanrı-İnsan, Tanrı-Cəmiyyət, Tanrı-Dünya münasibətləri durmuşdur. İnsanların insanlıqdan, cəmiyyətin dəyərlərdən uzaq düşüb dünyanı zülmət, cəhalət bürüdüyü bir zamanda meydana çıxan Peyğəmbərin əsas məqsədi bəşəriyyətə ümid olmaqdır. Bu anlamda Cavidin peyğəmbərin dilindən dedikləri çox ibrətamizdir:

Öylə bir əsr içindəyəm ki cihan

Zülmü vəhşətlə qavrulub yanıyor.

Yüz çevirmiş də Tanrıdan insan,

Küfrü haq, cəhli mərifət sanıyor.

Dinləməz kimsə qəlbi, vicdanı,

Məhv edən haqlı, məhv olan haqsız...[7]

O, inanırdı ki, dünyanın və insanın xilası Tanrıya sevgidə, eşqdə, məhəbbətdədir. Ancaq Tanrıya sevgi həm də Kainata və İnsana sevgidir, yəni bu bir bütöv sevgidir. O, peyğəmbərində məhz bu hisslərlə yaşadığına, mücadilə verdiyinə inanırdı:

Mən məhəbbət əsriyəm... hər an,

Hər zaman özlərin bir öylə cihan

Ki, bütün kainatı eşq olsun.

Könül uçduqca etila bulsun.

Rəqs edib orda möhtəşəm bir hiss,

Yasa batsın da, ağlasın iblis.

Qandan əsla görünməsin də əsər,

Saçsın al qönçələr şəfəqli səhər.

Orda yüz bulmasın işgəncə, kədər,

Oqşasın ruhu pənbə röyalər.

Bana gülsün də həp o nazlı xəyal,

Ah, o, yalnız o qayeyi-amal... [8]

Şair-filosofa görə, Tanrı, Təbiət (Kainat) və İnsan arasında bütünlüyü yaradan sevgi olduğu üçün, xilas yolu yalnız ilahi eşqdədir. Kainatdakı ən kiçik zərrəcikdən ən böyük aləmə qədər, o cümlədən İnsan Tanrı eşqilə yaşayırlar:

Ən kiçik zərrə, ən böyük aləm

Tanrı eşqilə rəqs edib duruyor.

İncə bir rəmzdir o, pək mübhəm,

Hər böyük qəlb o rəmz üçün için vuruyor.

Yüksələn Haqqa yaqlaşır ancaq.

Onu duymaz sürüklənən həşərat.

Bir günəşdir o, möhtəşəm, parlaq,

Nuri hiç dərk edərmi kor, heyhat!

Nerdə parlasa haq, şərəf, vicdan,

Eyilik, doğruluq, gözəllik, inan,

Orda var sevgi, orda var iman:

Orda var şübhsəiz böyük Yaradan![9]

Cavidin bu əsərdə gəldiyi əsas nəticə odur ki, Peyğəmbər bir əlində Allahın kitabı, digər əlində qılıncla ədalət, sosial bərabərlik, insanlıq uğrunda mübarizə aparmışdır.[10] O, yazırdı:

Şu qılıc! Bir də şu mənalı kitab!

İştə kafi sizə... Yoq başqa xitab.

Açar ancaq şu kitab el gözüni,

Siləcəkdir şu qılıc zülm izini.

Haq, vətən, zevqi-səadət, cənnət

Həp qılıc kölgəsi altında əvət.

O da bilgiylə fəqət qiymət alır,

Bilgisiz bir qılıc er-gec qırılır.

Kəsbi-irfan için erkək və qadın

Çalışın. Qəbrə qədər həp çalışın.

Gərçi xilqətdə bəşər birsə, yenə

Eş deyil bilməyən əsla bilənə.

Kişi irfan ışığından parlar,

Şübhəsiz, bilgidə Allah gücü var.

Əvət, arif düşünür, haqqı bulur,

Aqibət kəndisi bir Tanrı olur. [11]

[1] Yenə orada, s.86

[2] Yenə orada, s.86

[3] Yenə orada, s.86-87

[4] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.112

[5] Yenə orada, s.113

[6] Cavid H. Əsərləri. Beş cilddə, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.29

[7] Cavid H. Əsərləri. Beş cilddə, III cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.145

MANŞET XƏBƏRLƏRİ