Suriya Daxili İşlər Nazirliyi Rakka əyalətində YPG/SDG terror təşkilatının nəzarətində olan Aktan həbsxanasının ələ keçirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Nazirliyin yazılı bəyanatında Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Həbsxanalar və İslah Müəssisələri İdarəsinin Aktan Həbsxanasına nəzarəti tam şəkildə öz üzərinə götürdüyü bildirilib.
Açıqlamada qeyd olunub ki, idarə həbsxanada fəaliyyətə başlayıb və burada saxlanılan şəxslərlə bağlı hərtərəfli araşdırmalar aparılır. “Hər bir məhbusun sənədləri yoxlanılır və bütün saxlanılanlara qanunvericiliyə uyğun prosedurlar tətbiq olunur”, – deyə bəyanatda vurğulanıb.
Aktan Həbsxanasının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, eləcə də daxili təhlükəsizlik vəziyyətinə nəzarət məqsədilə Terrorla Mübarizə İdarəsi və digər aidiyyəti qurumların iştirakı ilə xüsusi qrupların formalaşdırıldığı bildirilib.
Nazirlik bəyanatında insan hüquqlarına və qanunun aliliyinə tam sadiqliyin bir daha təsdiqləndiyi, həbsxanalarla bağlı bütün proseslərin bölgədə təhlükəsizlik və sabitliyi gücləndirmək məqsədilə diqqətlə izlənildiyi qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az