ABŞ prezidenti Donald Trampın özünü daimi sədri elan etdiyi “Sülh Şurası”nın imzalanma mərasimi İsveçrənin Davos şəhərində keçirilib.
Turkustan.az xəbər verir ki, xüsusilə Qəzza da daxil olmaqla beynəlxalq münaqişələrin və mübahisələrin həlli məqsədilə yaradılan Sülh Şurasında ABŞ-ın aparıcı müttəfiqləri iştirak etməyib.
Mərasimdə Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib. Ümumilikdə 19 ölkənin nümayəndələrinin qatıldığı tədbirdə Sülh Şurasına dair müqavilələr Dünya İqtisadi Forumunun keçirildiyi Davosda imzalansa da, tədbir Argentina prezidenti Xavyer Gerardo Mileinin davranışları səbəbindən kölgədə qalıb.
Mileinin “Qəzza Sülh Xartiyası”nın imzalanma mərasiminə idman ayaqqabısı ilə qatılması diqqət çəkib. Dövlət başçısının yüksək ciddilik tələb edən belə bir zirvə görüşündə qeyri-rəsmi geyim seçimi tənqidlərə səbəb olub.
Tədbirdə çıxış edən Milei Latın Amerikası ölkələrində keçirilən son seçkilərdə sağçı namizədlərin əldə etdiyi uğurlara toxunub. O, Amerika qitəsinin Qərb dünyası üçün “işıq mayakı” rolunu oynadığını bildirib və qeyd edib:
“2026-cı il sizə xoş xəbər gətirəcəyim il olacaq. Dünya oyanmağa başlayıb. Bunun ən bariz sübutu Latın Amerikasında azadlıq ideyalarının dirçəlişidir. Amerika bütün Qərb dünyasını yenidən işıqlandıracaq və yunan fəlsəfəsinə, Roma hüququna, eləcə də yəhudi-xristian dəyərlərinə əsaslanan təməllərinə sivilizasiya borcunu ödəyəcək bir işıq mayakı olacaq".

Aytən Yaşar/ Turkustan.az