Biri VAR idi, biri yox: "Qarabağ" - "Ayntraxt" oyununa SÖZARDI


Samir Əli yazır...

Dünən Bakıda - Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Ayntraxt" matçı əvvəlcədən Ağdam təmsilçilərinin məğlubiyyətinə hesablanmışdı. Bunu oyunun ilk dəqiqələrindən görməmək mümkün deyildi. Oyunu idarə edən isveçrəli hakim Sandro Şarer ilk dəqiqələrdən nümayiş etdirdi ki, Bakıya məhz "Qarabağ"ı məğlub etmək üçün gəlib. Elə oyunun 4 dəqiqə bilərəkdən gec başlanılması da buna sübut idi. Guya ki, Sandro Şarerin qulaqlığında problem yaranıb, ona görə də oyun gecikir. Bu, birbaşa "Qarabağ"a oyun öncəsi psixoloji təzyiq idi. Bunun ardınca hakimin növbəti "sürpriz"i lap gözlənilməz oldu. Sandro Şarer oyun başlayana qədər ikinci "sürpriz"i ilə komandamızın əsəbləri ilə tam oynaya bildi. Elan etdi ki, oyun başa çatana qədər VAR sistemi işləməyəcək. Bu, açıq-aşkar o demək idi ki, oyunla birlikdə hakim də satılıb, "Qarabağ" məğlub olmalıdır.

Oyunun 4-cü dəqiqəsində "Qarabağ" Sandro Şarerin bu hiyləsini fiaskoya uğratdı və hesabı açdı. Hakim dördüncü dəqiqədə planının alt-üst olduğunu görüb, "Qarabağ"a qarşı xüsusi amansızlıqla hərəkətə keçdi. 11-ci dəqiqədə "Ayntraxt"ın hesabı bərabərləşdirməsi Sandronu "qanadlandırdı". Hakim oyunu özünün istədiyi hesabla yekunlaşacağına, "Qarabağ"ın oyundan xalsız ayrılacağına arxayın oldu. Elə əsl Sandro komediyası da bundan sonra başladı. "Ayntraxt" VAR-ın işləməməsindən istifadə edərək oyunda səliqəsizlik və qərəzli oyun nümayiş etdirməyə başladı. "Qarabağ"a qarşı qərəzli kobudluq etsələr də, isveçrəli Sandro Şarer bu kobudluğa göz yumur, heç bir qayda pozuntusu olmamış kimi davam işarəsi verirdi. Sandro Şarer hər dəfə qayda pozuntusu olanda VAR-ın olmamasını bəhanə edərək, oyunu davam etdirirdi. Bilirdi ki, təkrara baxa bilməyəcək. "Qarabağ"a qarşı nə vaxt qayda pozuldusa, hakim "VAR yoxdu" deməklə oyunu davam etdirdi. Bu da "Qarabağ" oyunçularını ruhdan salır, "Ayntarxt"a isə stimul verirdi.

Biri VAR idi, biri yox: Qarabağ - Ayntraxt oyununa SÖZARDI

Sandro Şarer əsl qərəzliliyi isə oyunun 77-ci dəqiqəsində etdi. "Qarabağ"ın hücumçusu Kamillo Duran "Ayntraxt"ın qapısı qarşısında qol vurmaq üzrə olduğu vaxtda rəqib komandanın iki oyunçusu onu bilərəkdən yıxaraq, qol vurmağa aşkar mane oldu. Hakim bu kobud qanun pozuntusuna nəinki göz yumdu, hər şeyin qaydalar çərçivəsində olduğunu iddia edərək, davam işarəsi verdi. Amma bu epizoddan bir dəqiqə keçməmiş Sandro Şarer "Qarabağ"ın qapısına olmayan penalti təyin etdi və qonaqlar hesabda önə çıxdılar. "Qarabağ"ın oyunçusu yıxılanda hakimin VAR-ı yox olsa da, "Qarabağ"ın qapısına penalti təyin ediləndə VAR ortaya çıxdı.

Amma bu prosesdə yenə də uduzan hakim və çətiri altında gətirdiyi "Ayntraxt" oldu. 80-ci dəqiqədə Kamillo Duran hakimdən və rəqib komandadan "Qarabağ"ın qisasını aldı və hesab bərabərləşdi. 90+4-cü dəqiqədə isə "Qarabağ" fantastik möcüzə göstərdi. Bəhlul Mustafazadənin möhtəşəm və fantastik qolu "Ayntraxt"la birlikdə Sandro Şarerə həyat dərsi keçdi. Bəhlul elə bir dəqiqədə elə bir qol vurdu ki, Sandro Şarer bundan sonra bütün VAR-ını ortaya qoysa da, "yox"una çarə tapmadı. Və "Qarabağ" bir hakim və bir nəhəng komandanı yerlə yeksan etdi.

VAR-ına da lənət, "yox"una da, Sandro Şarer! /oxu.az/


MANŞET XƏBƏRLƏRİ