Ukrayna bu məbləğ qarşılığında torpaq güzəştinə razı olacaq – SENSASİON DETALLAR


Əbu-Dabidə keçiriləcək Rusiya–Ukrayna–ABŞ üçtərəfli danışıqlarında Kiyevin ərazilərdən imtinası müqabilində 800 milyard dollar məbləğində maliyyə yardımı və təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi müzakirə olunacaq.

Turkustan.az xəbər verir ki, bu barədə İtaliyanın Corriere della Sera qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Əbu-Dabidə danışıqlar qruplarının ilk üçtərəfli görüşündə sülh sazişinin əsasını təşkil etməli olan dörd sənəd təqdim ediləcək. Həmin sənədlərdən biri Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tam çıxarılmasını nəzərdə tutur.

Kompensasiya olaraq ABŞ Ukraynanın maliyyələşdirilməsi üzrə 800 milyard dollarlıq proqramı əks etdirən sənəd təklif edəcək. Bu proqramın icrası Amerikanın “BlackRock” investisiya şirkətinin rəhbəri Lerri Finkin nəzarəti altında həyata keçirilməlidir.

Digər sənəd isə ABŞ-ın iştirakı və Avropa ölkələrinin dəstəyi ilə təhlükəsizlik zəmanətlərinə aiddir.

Sənədlərdən belə aydın olur ki, Ukrayna Prezidenti Volodimir Zelenski “pul və Qərbin müdafiəsi müqabilində ərazilərdən imtina etməlidir”.

Finlandiya Prezidenti Aleksander Stubbun qeyd etdiyi kimi, Ukraynanın bərpası üçün nəzərdə tutulan 800 milyard dollarlıq plan hələlik yalnız kağız üzərində mövcuddur və real maliyyə fondları formalaşdırılmayıb.

Qeyd edək ki, ötən gecə Moskvada Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, iş adamı Cared Kuşnerlə görüşüb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya tərəfi bildirib ki, ərazi məsələsi həll olunmadan Ukrayna üzrə uzunmüddətli nizamlanmadan danışmaq olmaz. O əlavə edib ki, razılaşmalar əldə olunmayacağı təqdirdə Rusiya məsələni döyüş meydanında həll etməyə davam edəcək və “Rusiya Silahlı Qüvvələri strateji təşəbbüsə malikdir”.

Xatırladaq ki, yanvarın əvvəlində ABŞ administrasiyası ilə Ukrayna hakimiyyətinin münaqişənin mümkün tənzimlənməsi planının razılaşdırdığı barədə məlumat yayılmışdı.

Daha əvvəl isə Qərb KİV-ləri ABŞ-ın “Tramp planı”nın demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəldiyini yazmışdılar./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ