Son illər kredit borcları ilə bağlı vətəndaşların üzləşdiyi problemlər getdikcə aktuallaşır. Xüsusilə də, iqtisadi çətinliklər, gəlir azalması və işsizlik fonunda bir çox şəxslər banklardan götürdükləri kreditləri vaxtında, bəzən isə illərlə ödəyə bilmirlər. Bu isə cəmiyyətdə ciddi suallar doğurur: kredit borcunu uzun müddət ödəməyən vətəndaşı hansı hüquqi məsuliyyət gözləyir, borcun qaytarılmaması avtomatik olaraq cəza ilə nəticələnirmi, yoxsa maddi imkan əsas meyardır?
Mövzu ətrafında formalaşan ziddiyyətli fikirlərə aydınlıq gətirmək üçün məsələni hüquqi və iqtisadi prizmadan araşdırmaq zərurəti yaranır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, əgər vətəndaşın krediti ödəməyə real maddi imkanı yoxdursa, onu heç bir hüquqi məsuliyyət gözləmir.
Onun sözlərinə görə, gəliri olmayan və faktiki borcu ödəyə bilməyən şəxs cəzalandırılmamalıdır.
“Məsuliyyət yalnız vətəndaşın ödəniş etmək imkanı olduğu halda borcdan yayınması zamanı yaranır. Belə hallarda borclunu cərimə, inzibati qaydada 1 aya qədər həbs və hətta cinayət məsuliyyəti sübut edildiyi təqdirdə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər”.
Əkrəm Həsənovun sözlərinə görə, əsas meyar borclunun maddi vəziyyətidir:
“Əgər sübut olunsa ki, vətəndaşın pulu var, amma qəsdən krediti ödəmir, o zaman məsuliyyət yaranır. Pulu yoxdursa, heç bir cəza tətbiq edilmir.”
