Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir


Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Ukrayna ilə aparılacaq danışıqlarda Rusiya nümayəndə heyətinin hərbi rəsmilərdən ibarət olacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, həmçinin bildirib ki, “Ukrayna silahlı qüvvələri Donbas bölgəsini tərk etməlidir; bu, Rusiya üçün vacib şərtdir”.

Peskov Moskvada jurnalistlərin gündəmdə olan bir sıra məsələlərlə bağlı suallarını cavablandırıb.

Rusiyanın ABŞ-da təxminən 5 milyard dollar dəyərində aktivlərinin dondurulduğunu xatırladan Peskov bu vəsaitlərin Fələstinlə yanaşı Donbas kimi bölgələr üçün də istifadə oluna biləcəyini iddia edib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə bu gün və sabah ABŞ və Ukrayna nümayəndə heyətləri ilə keçiriləcək görüşlərdə iştirak edəcək Rusiya nümayəndə heyəti barədə danışan Peskov deyib:
“Bunlar Müdafiə Nazirliyinin nümayəndələri olan hərbçilərdir. Hələlik adlarını açıqlamayacağıq. Hamısı hərbi qulluqçulardır. Bu, təhlükəsizlik məsələləri üzərində işləyən işçi qrupudur və bunlar ilkin görüşlər olacaq”.

Danışıqlarda müzakirə olunacaq mühüm mövzuların mövcudluğuna diqqət çəkən Kremlin sözçüsü bir daha vurğulayıb ki, “Ukrayna silahlı qüvvələrinin Donbas bölgəsindən çıxması Rusiya üçün əsas şərtdir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ