İki həftə ərzində baş verəcək - Trampdan sirli mesaj


ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərinə səfərinin nəticələrini yüksək qiymətləndirib. O, xüsusən NATO ilə Qrenlandiya üzrə razılaşmanı və Sülh Şurasının yaradılmasını önə çəkib.

Turkustan.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədə yazıb.

"Davosa necə də gözəl bir səfər idi. Biz çox şeyə nail olduq, o cümlədən NATO ilə Qrenlandiya üzrə çərçivə sazişi. Həmçinin Sülh Şurası. Gəlin Amerikanı yenidən möhtəşəm edək!", - Ağ Ev rəhbəri qeyd edib.

ABŞ prezidenti hesab edir ki, Qrenlandiya ilə bağlı razılaşma üçün əlverişli şərait yaranıb.

O, İsveçrədən Vaşinqtona gedən təyyarədə jurnalistlərə belə deyib: "Nəyəsə nail olmaq üçün yaxşı əhval-ruhiyyə var". Tramp, həmçinin vurğulayıb ki, ABŞ tam olaraq istədiyini etmək qabiliyyətinə malikdir və razılaşma perspektivləri barədə əlavə edib: "İki həftə ərzində bir şey olacaq".

CNN daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Tramp və NATO-nun baş katibi Mark Rutte Davosdakı görüşdə Qrenlandiya ilə bağlı yalnız şifahi anlaşma əldə ediblər. Qismən də Ruttenin sızmalarla bağlı narahatlığı səbəbindən yazılı sənəd imzalanmayıb. Eyni zamanda, Danimarkanın Baş naziri Mette Frederiksen Ruttenin Danimarka və Qrenlandiya adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını açıqlayıb./publika.az


MANŞET XƏBƏRLƏRİ