İŞIQLI ATALI
II yazı
(əvvəli BU LİNKDƏ)
“Kitabi-Dədə Qorqud”da ailə ənənəsi və Tanrıçılıq
“Kitabi-Dədə Qorqud”da Dirsə xanın qadınına dediyi: “Bərü gəlgil, başum bəxti, evüm təxti! Evdən çıqub yüriyəndə səlvi boylum! Topuğunda sarmaşanda qara saçlum! Qurulu yaya bənzər çatma qaşlum!” öygüsü Türk ailəçiliyinin Türk kişisinin şəxsində insana – qadına Tanrı ölçüsündə yanaşmasının ifadəsidir. O deməkdir ki, Türk kişisinin ikinci, üçüncü, dördüncü qadına... gərəyi yoxdur. Qadın kişinin “başının baxtı, evinin taxtı”dır. Türk Tanrıçılıq görüşlərinin “Kitabi-Dədə Qorqud”da bənzərsiz biçimdə ömürləşməsinin ifadəsi bizcə, burada bütün aydınlığı ilə görünür, bilinir.
Bir məqamı da nəzərə almaq gərəkdir ki, yuxarıdakı ilahi öygünü qadınına deyən şəxs Dirsə xandır. Xan olaraq onun kifayət qədər hökmü var, hər şeyə imkanı çatır, neçə dəfə evlənə bilər. Neçə dəfə evlənmir, ona görə ki, türk törəsi, türk ərdəmliyi buna imkan vermir, ölçü budur: görəvindən, mövqeyindən asılı olmayaraq bir kişi bir qadınındır, bir qadın bir kişinindir. İkinciyə gərək yoxdur, ümumiyyətlə, olmaz.
Dastanda türk kişilərinin bir qadınla yetərlənməsi ilə bağlı kifayət qədər faktlar gətirmək olar. Bu qaydanı əcdadlarımız özlərini zorlamaqla – məcburən əməl etməklə yaşamırlar. Bu qayda onlar üçün içdən gələn, hamının qeyd-şərtsiz əməl etməli olduğudur.
Qazan xanın bir qadını var – Burla xatun. Bamsı Beyrəyin bir qadını var – Banıçiçək. Qanturalının bir qadını var – Selcan xatun. Kişinin qadını bir olduğu kimi, qadının da kişisi birdir. Türk elində ailəçilik türk aqibətinin ifadəsi olaraq canlı yaşamdır. Ailəçilik – Türk Tanrıçılığının Türk xarakterində bütün halı ilə yaşamasının (yaşadılmasının) sübutudur.
“Kitabi-Dədə Qorqud”da alqışlar və Tanrıçılıq
“Kitabi-Dədə Qorqud”dakı alqışlarda Tanrıçılıq ruhu daha çox duyulur, görülür: “Ağ ayılda ağca qoyunum sana şülən olsun!”, “Ağ saqqallı baban yeri uçmaq olsun!”, “Azıb gələn qadanızı Tanrı sovsun, xanım hey!”; “Bu ad, bu yigidə qutlu olsun!”, “Babam sağ olsun!”, Qara başım sağlığında eyiliklər edəm, köpək sana!”, “Qara başım qurban olsun, qurdum, sana!”, “Qara dağların yıxılmasın!”, Qara başım qurban olsun, suyum, sana!”, “Qara dağa yetdiyində aşıt versin!”, “Qara ölüm gəldikdə keçid versin!”, “Qanlı-qanlı sulardan keçid versin!”, “Qutlu olsun dövlətiniz!”, Qatar-qatar dəvələrim sana yüklət olsun!”, “Qadir tanrı səni namərdə möhtac etməsin!”, “Qarlı qara dağların yıxılmasın!”, “Qamən axan körkül suyun qurumasın!”, “Qanatların ucları qırılmasın!”, “Qarşı yatan qara dağlar sənə yaylaq olsun!”, “Dünlüyü altun ban evlərim sana kölgə olsun!”, “Dünlüyü altun ban evimin qəbzəsi oğul!”, “Dürtüşürkən ala göndərin ovanmasın!”, “Dürtüşürkən ala göndərin ufanmasın!”, “Elimizdə çalıb ayıdan ozan olsun!”, “Əlin var olsun!”, “Yerli qara dağların yıxılmasın!”, “Yüksək qara dağlarım sana yaylaq olsun!”, “Kölgəlicə qaba ağacın kəsilməsin!”, “Gözün kimi tutursa, könlün kimi sevərsə, sən ona varğıl!”, “Ocağına buncılayın övrət gəlsin!”, “Oğulla qarındaşdan ayrılmasın!”, “Ol ökdügüm yuca tanrı dost oluban mədəd irsin, xanım hey!”, “Ol öyüdügum uca tanrı dost oluban mədəd versin!”, “On otuz on yaşınız dolsun”, “Haqq sizə yaman göstərməsin, dövlətiniz payəndə olsun xanım hey!”, “Sağlıqlar sağıçün dövlətin haqq artırsın!”, “Sən sağ ol, qadın ana!”, “Sizi haqqa ismarladım!” “Soyuq-soyuq sularım sana icət olsun!”, “Tovla-tovla şahbaz atlarım sana binət olsun!” “Haqq yandıran çırağın yana dursun!”, “Çaparkən ağ-boz atın büdrəməsin!”, “Çalanda qara polad üz qılıcın kütəlməsin!” və s. Alqışlarda Dağın (“Qara dağların yıxılmasın!”, “Qara dağa yetdiyində aşıt versin!”, “Qarlı qara dağların yıxılmasın!”, “Yerli qara dağların yıxılmasın!”, “Yüksək qara dağlarım sana yaylaq olsun!”), Suyun (“Qamən axan körkül suyun qurumasın!”, Qara başım qurban olsun, suyum, sana!” və s.), kutsallaşdırılması mahiyyətcə Tanrıçılıq ruhundan gəlir.
Dağ folklor düşüncəsində yenilməzlik, güc-qüvvət rəmzidir. Dağ obrazı həmişə özünün sanbalını qoruyub, əcdad, yurddaş düşüncəsində ideallaşdırılıb. İdeallaşdırılmanın səbəbi türk ruhunda Dağ obrazına olan sevgidən irəli gəlir. Mifologiyada dağ insan kimi canlı varlıqdır.
İslam dininin ruhuna uyğun olan alqışların sonradan formalaşdığı (mətnə əlavə edildiyi) aşkardır: “Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun!”, “Amin, amin deyənlər didar görsün!”, “Axır vaxtında ari imandan ayırmasın!”, “Allah verən umurun üzülməsin!”, “Allah-taala sana bir oğul versin!”, “Qadir Allah üzünü ağ etsin, Basat!”, “Dövlətsizlər şərrindən Allah saxlasın xanım, sizi!” və s. Göründüyü kimi, “Allah” adı keçən qarğışların sayı azdır. Ümumiyyətlə, “Tanrı”, “Allah” adı keçməyən alqışlarda da Tanrıçılıq ruhu aydınca duyulur.
“Kitabi-Dədə Qorqud”da qarğışlar
“Kitabi-Dədə Qorqud”dakı qarğışlarda “Allah” adı çox az keçir. Ancaq ümumən qarğışlarda Tanrı adına rastlanmasa da, burada Tanrı adından çıxış edən Türk insanının özünə, başqasına ərkli, güzəştsiz, habelə inamlı, ümidli davranışının şahidi oluruq. Türk insanı əcdadın törəsini pozduqda, ya başqası törəyə əməl etmədikdə özünü, başqasını qarğıyır. Türkün özünə qarğışı özünü nədənsə (nələrdənsə) məhrum etməsidir. Burada özünü, başqasını məhrumetmə - özünə, başqasına cəza vermək anlamı daşıyır. Əgər hələ bu cəza gerçəkləşməyibsə, olay baş verməyibsə belə, ancaq artıq yaşamda imtina – özünü məhrum etmə var. Qarğışda türk insanının özündən başlaması – özünü cəzalandırması, məhrum etməsi imtina ləyaqətinə yüksəlməsidir, örnəklik keyfiyyətinə çatmasıdır. Bu hal başqasına da görk olur, onu məsuliyyət üstə kökləyir. Əgər Türk insanı - əcdaddan gələn bu törəni canlı yaşamasaydı, yaşaya bilməsəydi, deməli, onun Tanrılıq keyfiyyəti, qüdrəti də yoxa çıxmış olacaqdı. “Ağzın qurusun, çoban! Dilin çürüsün, çoban! Allah sәnin alnına bəla yazsın, çoban!”, “Ağzın qurusun, ana! Dilin çürüsün, ana!”, “Altun axçan xәrclәr olsam, mәnim kəfәnim olsun!”, “Bitәr sənin otların, Qazlıq dağı, bitәrkәn bitmәz olsun!”, “Verməz olsan yana-göynә qarğaram, Qazan, sana!”, “Qaçar sәnin keyiklәrin Qazlıq dağı, Qaçarkәn qaçmaz olsun, daşa dönsün!”, “Qazlıq dağı, axar sәnin suların, Axar ikәn axmaz olsun!”, “Qonağı gәlmәyən qara evlәr yıxılsa yey!”, “Әlin qurusun, barmaqların çurüsün!”, “Yarılmasın, yarçımasın sənin oğlun kür qopdu, әrcil qopdu!”, “Yarımasın, yarçımasın!”, “Yaylar olsam, mənim gorum olsun!”, “Kәsilsin oğlan әmәn süd damarım, yaman sızlar!”, “Oğlu-qızı olmayanı Allaһ-taala qarğayıbdır. Biz dәxi qarğarız”, “Sәndәn sonra bir yigidi sevib varsam, belә yatsam, ala ilan olub mәni sorsun!”, “Soyuq-soyuq suların içәr olsam, mәnim qanım olsun!”, “Tovla-tovla şaһbaz atın, minәr olsam, mәnim tabutum olsun!”, “Çalarsan әlin qurusun!”, “Çıxsın mәnim gözlərim, Dirsә xan, yaman sәyrir!” və s.
Çağımızda qarğışın (qarğışların) adiləşməsi, qarğış deməyin daha çox, əslində “qadın işi” olması ilə bağlı qənaətin yaranması mahiyyətcə əcdaddan gələn törənin - deyiləni ömürdə gerçəkləşdirməmək, sözü diriltməmək anlamındadır. Dədə Qorqudun dünyasında kişilərin qadınlardan daha çox qarğış dediyinin şahidi oluruq. Fikrimizcə, bu, kişilərin Tanrısallıq keyfiyyətini daha çox daşımalarına, dediklərinin gerçəkləşəcəyinə, suçu olanın cəzasını alacağına (Mahiyyətcə Tanrı qarşısında suçlu olmaq – vicdan qarşısında suçlu olmaqdır) inamla bağlıdır.
Dastanda deyilir: “Ol zəmanda bəglərin alqışı – alqış, qarğışı – qarğış idi. Duaları müstəcab olurdı”. S.Rzasoy yazır, bu etnokosmik davranış formulunun təhkiyəçi tərəfindən “ol zaman”a aid olmasının manifestləşdirilməsi “Ol zəmanda bəglərin alqışı – alqış, qarğışı – qarğış idi” formulunun oğuz düşüncəsinin sakral dəyərlər sferasına bağlılığını bəyan etmək məqsədini güdür. Bu “manifestasiya” “alqış və qarğışın” eyni zamanda “Oğuz” adı ilə işarələnən dünyanın bütün sahələrindəki (etnokosmik və etnoxaotik) funksionallığının müqəddəs dəyərlər qatı ilə energetik əlaqəsinin kəsilməməsini də nəzərdə tutur. Ancaq buradaca qeyd edək ki, dastanda qadınların da Tanrısallıq keyfiyyətinə inamın izlərinə kifayət qədər rast gəlinir. Elə ana adının uca tutulması, qadının ailədə “Başım baxtı, evim taxtı” deyə öyülməsi, qız övladı doğularkən oğlandan qətiyyən aşağı tutulmaması, əksinə, fərq qoyulmadan sevilməsi, böyüdülməsi və s. bu qəbildəndir.
Dastanda (“Dirsə xan boyu”nda) Dirsə xan deyir: “Bayındır xan mənim hansı əskikliyimi gördü? Qılıncımdanmı gördü, süfrəmdənmi gördü? Məndən əskik kişiləri ağ otaqda, qırmızı otaqda oturtdu. Mənim günahım nə oldu ki, qara otaqda yerləşdirdi? Dedilər: Xanım, bu gün Bayındır xandan buyruq belədir ki, oğlu-qızı olmayanı Allah qarğayıbdır: biz də qarğayırıq”.
Bəs Dirsə xanın övladının olmamasının səbəbi nədir? Qədim Türk insanı əli qoynunda Tanrıdan səadətmi gözləyir? Bu durumdan çıxmaq – Tanrı qarğışından qurtulmaq, Tanrı alqışına yetmək üçün nə etmək gərəkdir? S.Rzasoy bunun səbəbini Dirsə xanın başçılıq etdiyi toplum daxilində maddi-sosial xaos yaratması, bu xaosun qurbanı olan “acların”, “yalınların”, “borcluların” ona qarğış etməsində, Tanrının bu qarğışı eşitməsi, cəza olaraq Dirsəni övladdan məhrum etməsi ilə izah edir.
“Kitabi-Türkman lisani” oğuznaməsində “Tarı” (“Tanrı” adı əvəzinə - İ.A.), “Allah” ifadələrinin bir-birini əvəzləməsi diqqəti çəkir. Əjdaha ilə döyüşdə udulanda Qazan Allaha yalvarır: Ya götürdügün gögə yetürən görklü Tarı! Ya urdugüni ulatmayan ulu Tarı!... Yaxud “Allah Tarı” ifadəsinin birgə işlənilməsi: “Allah Tarı sana bir deyənün ağzın öpim, İki deyənün ağzın çarpım”.
Yeri gəlmişkən, dastanın qədim boylarından olan “Duxa Qoca oğlu Dəli Domrul boyu”nda Dəli Domrulun dilindən “Ya qadir Allah” ifadəsinin səslənməsi (verilməsi) ikili xüsusiyyət kəsb edir: burada dastanın dilindəki “Allah” ifadəsinin öncələrdə “Tanrı” kimi işlənildiyi aydın olur. Türk mifologiyasında Əzrayılın funksiyasının Aldacı tərəfindən yerinə yetirildiyinə diqqət çəkən R.Əliyev epos düşüncəsində Dəli Domrulun qarşılaşdığı ölüm mələyinin də Aldacı olduğunu yazır, düşünür ki, epos düşüncəsinə uyğun olaraq ola bilər, Domrulun xatununun da adı ilahə Aylanunun adına uyğundur. Aylanu can əvəzinə can motivinin adı olmaqla bərabər, həm də ölüb-dirilmə motivi ilə də bağlıdır. Ölüb-dirilmə tanrılara, ilahələrə xas xüsusiyyətdir. Tanrılara qızlar qurban verilir. Aylanu da tanrıya (burada Ay tanrıya) qurban verilir.
Tarixin bağrında silinməz izini qoyan uluslardan olan Türkün varoluşunun ilkin qaynaqları onun yaradıcı düşüncəsində, təbiətdəkiləri müqəddəsləşdirməsində, bu gedişdə varlığını dəyərləndirməsində, ağlında, ürəyində yaratdığı Tanrıya tapınmaqla yanaşı, habelə özündə də Tanrılaşmaq gücü, qüdrəti tapmasındadır. Türk özü ilə Tanrı arasında möhtəşəm bir doğmalıq görür, ona qovuşur, mahiyyətcə özü də tanrılaşır. Tanrılaşma, Tanrılaşdırma Türk üçün əslində aqibətdir, bu, onun xarakterindən gəlir. Türk Tanrıçılığı ardıcıl mənəvi inkişaf xəttinə malik özünütəsdiq yönüdür, əbədi sabahlar üçün yaradıcılığın bitməyən inam üfüqlərinin yaranmasına təkan verir. Türk - fitri təbiətçidir. Onun insana, həyata, dünyaya münasibəti həmişə fitri xarakterinin ucalığından irəli gəlib. O, həyata daim yaradıcı baxır, ruhunun gözü ilə insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir. Bu cəhəti qoruyur, yaşadır, sabaha çatdırır.
“Kitabi-Dədə Qorqud”da Tanrıçılıq görüşlərinin araşdırılması mahiyyətcə Türk-Azərbaycan ruhunun araşdırılması deməkdir. Əcdadın dünyaya, həyata, ayrıca olaraq doğaya (təbiətə), ümumən insana (və özünə) yanaşmasındakı ruhsallıq (mənəvilik) bəşəri səciyyə daşıyır. Bəşəri ölçüdə bənzərsiz olan dastanın alt qatında, eləcə də bütövlükdə strukturunda Tanrıçılıq aydın şəkildə izlərini qoruyur. Bu izlərin açımı, təqdimi bizə belə bir qənaətə gəlməyə imkan verir: dastanın ruhu Əcdadın – Türkün yaşamının (həyatının) bütün qatları haqqında sistemli bilgilərin kodlarını qoruyur, bugündən sabaha çatdırır. Bu gedişi yaradan, mənalandıran Əcdadın Tanrıçılıq görüşləridir. Tanrıçılıq mənəvi impuls rolunu oynayır, əcdad ömrünün hər anında Tanrı ilə nəfəs alır; onunla ərkli davrana bilir, içdən (daxildən) təmizləndikcə daha da güclənir, bu əsasda yaranmış yaşam sistemi ömrünün yönünü müəyyən edir.
SON