Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

V yazı

Cavidin ictimai-siyasi görşülərin­də türkçülüklə bağlı olaraq, bu gün üçün də aktual olan məsələlərdən biri ortaq Türk tarixinin yaradılması ideyasıdır. O, yazırdı ki, ortaq Türk tarixi olmadığı üçün Türk hökmdarlarına (Atilla, Çingiz xan, Əmir Teymur, İldırım Bəyazid, Şah İsmayıl, Sultan Səlim və b.) sahib çıxa bilmərik. Eyni zamanda türklər tarixlərini doğru bilmədikləri üçün vaxtilə Türk sultanlarının bir-birləri apardıqları müharibələrdən bu gün də nəticə çaxara bilmirlər. Bu mənada, türklük qürurunu, şərəfini hər şeydən vacib hesab etmiş H.Cavid üçün Çingiz xan, Əmir Teymur və başqa Türk hökmdarları Türk tarixinin ən şanlı qəhrəmanlarıdır. Onun fikrincə, avropalılar İskəndərləri, Napoleonları və başqa həmyerlilərini böyük sərkərdə adlandırıb heykələr yapdıqları halda, türklərin öz qəhrəmanlarına qan içən, zalım, canavar kimi isimlər verib ləkə­ləmələri haqsızlıqdır: “Əcnəbilər böyük İskəndər, böyük Napoleon deyə öz qəhrəmanlarına abidələr yapdırıyor, heykəllər dikdir­iyorlar. Fəqət bizlər!.. Bizlər isə Çingiz kibi cihangirlərə, Teymur kibi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək istiyoruz!”[1].

Beləliklə, Cavid Türk tarixinin obyektiv öyrənilməsinin və Türk böyüklərinini doğru dəyərləndirilməsinini vacibliyini bəyan etmişdir. Onun ikrincə, Türk hökmdarlarına başqa millətlərin alimlərinin deyil, millətimizin öz alimlərinin gözü ilə baxıb qiymət verməliyik. Eyni zamanda, Cavid türklərin həmişə törələrinə sahib çıxmalarını və milli şərəflərini uca tutmalarını, xüsusilə qeyd etmişdir. Türk xalqlarının şanlı tarixindən söz açan Cavid yazırdı ki, beş-altı əsr bundan əvvələ qədər türkün atı kişnəyən­də bütün ölkələr, onların kralları, prensləri, şahları təslim olarmışlar:

Bir zamanlar şərəfli Turanın

O cihani ğəyuri qavğanın

Qəhrəman, bərguzidə evladı,

Türklərin adlı-şanlı əcdadı

Saldırıb titrədirdi yer yüzünü,

Hökm edər, dinlətirdi hər sözünü.

Nə zaman kişnəsəydi türkün atı,

Qırılırdı bir ölkənin qanatı.[2]

Vaxtilə türklərin mərhəməti sayəsində canını qurtaran millətlərin indi türkə qənim kəsilməsini tarixin acı istehzası adlandıran Cavidin fikrincə, artıq türklər zamanın dəyişməsini görməli, oyanmalı, özünü tanımalı və yüksəlməlidir:

Qalx, oyan, gör nə fikrə xadimsən?

Kimlərin oğlusan? Nəsin? Kimsən?

Sürünüb durma böylə, bir yüksəl!

Bir düşün, gör beş-altı əsr əvvəl

Nə idin? İndi nərdəsən? Bu nə yəs?

Əcəba yoxmu səndə izzəti-nəfs.[3]

Cavidə görə, istiqbala ya da ideala çatmaq üçün isə milli-dini birlik məfkurəsi lazımdır:

İdealsız nicat ümidi məhal…

“İttihad!” İştə ən böyük ideal!

Səni qurtarsa, qurtarır birlik,

Çünki birlikdədir fəqət dirilik!...[4]

“Qoca bir türkün vəsiyyəti” şeirində o, yazırdı ki, XX əsrdə ilk vəzifəmiz Türk millətinin şanlı tarixini və mədəniy­yətini öyrənmək olmalıdır. İlk növbədə də, milli mənsubiy­yətimizi tanımalı və Türk olmağımızla fəxr etməliyik. Cavid yazır:

Namus, vicdan insanlarda iki böyük qanatdır,

Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar.

Namus, vicdan bizlər üçün daimi bir həyatdır,

Türk eli həp o hiss için doğmuş,onunla yaşar.

Bir millətin tarixidir kökü, yurdu, yuvası,

Tarixiniz baş ucundan hərgiz əksik olmasın.

“Altay” dağı, “Makan” çölü, “Yasın” ovası,

Birər aydın səhifədir, hər Türk gərək anlasın. [5]

Artıq yatmaq vaxtı deyil, bütün millətlər kimi yeni əsrə üzüağ çıxmaq lazımdır. Bunun üçün isə, türkün keçmiş şanlı və şərəfli tarixini öyrənib fəxr etməklə iş bit­məz, türkün şərəfini və şanını XX əsrdə də qorumaq, yaşatmaq lazımdır. O, yazırdı:

Südü təmiz, əsil oğul bilməzmi ki, əcdadı

Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər.

Bilməli ki, tez məhv edər zaman nankor evladı,

Öz nəslini unutanlar çoqdan sönüb getmişlər.

Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,

Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz.

Baqın, görün tarixiniz sizə nələr göstərir,

Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz…

Əvət, arslan yavrularım! Türk eli həp çanlıdır,

Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın.

Əsr, iyriminci əsrdir! Vəzifəsi pək ağır…[6]

Bu cür milli duyğuların təsiri altında H.Cavid “Şeyda” pyesində də yazırdı ki, millətin milli azadlığı, onun birliyində, oyanışında, bütövlüyündə və mübarizliyindədir. Millət öz haqqını almalı və geri verməməlidir. Cavid yazırdı:

Arkadaş, göz aç aman!

Qalx ölüm uyqusundan!

Zülmə çox əydin boyun,

Çox əzildin, qalx oyan. [7]

Bir sözlə, H.Cavid Türk xalqlarını oyanmağa, birləşib əsarətdən xilas olmağa çağırırdı:

Çox əzildin yetər, haydı doğrul, ər ol!

Haq sənindir bu gün arkadaş! Hazır ol!

Haq sənin, çünki zəhmət sənin…

Güc sənin, səyü qeyrət sənin….[8]

Fəlsəfə tarixçisi, dosent Müstəqil Ağayevin fikrincə, Cavid bu çağırışları edərkən moizə və nəsihət yolunu tutmur, öz sözünü qəti və birbaşa söyləyir. Çünki Cavidin ruhunda ruh düşkün­lüyü, şübhə yoxdur, əksinə mübarizə və inqilab yolu vardır.[9]

Cavidin mühüm milli əməllərindəın biri də Türk dili ilə bağlıdır. O, elə aydınlarımızdandır ki, ortaq Türk dili ideyasını sözdən əmələ keçirməyə çalışmış, bütün əsərlərini (“Səyavuş”, “Şeyda”, “İblis” və b.) Türk dünyasının anlayacağı bir dildə qələmə almışdır. Bu gündə Cavidin yolunu davam etdirərək sözdən işə keçmək lazımdır. Ortaq Türk dilinin yaradılması Türk dünyasının bu günü və gələcəyi üçün çox önəmlidir.

H.Cavid də M.Ə.Rəsulzadə və Ə.Hüseynzadə kimi hesab edirdi ki, Türk xalqlarının dil birliyi digər birliklərdən daha önəmlidir. Bu mənada, Cavid əsərlərini qələmə aldığı ilk illərdən etibarən ortaq Türk dilini özü üçün bir yol seçmişdir. Belə ki, Azərbaycan Türk aydını istər şeir və dramlarında, istərsə də publisistik yazılarında bütün Türk dünyasının anlaya biləcəyi bir Türk dilindən istifadə etmişdir:

Çocuqkən, iştə xatirəmdədır, gecələr

Öyüb də cənnəti təsvir edərdilər.. daim

Maraqlanır, düşünürdüm: nədir şu bilməcələr?

Yalanmı? Doğrumu – derkən yanardı idrakım.[10]

Türkiyədə H.Cavidin irsini araşdıranlardan Mustafa Haqqı Türkəqul doğru qeyd edir ki, Azərbaycan Türk aydınının ortaq türkcə­dən çıxış etməsində İstanbul türkcəsini incəliyinə qədər mənimsəməsi mühüm rol oynamışdır: “Yaradıcılığının ilk dövründə, bilxassə şeirlərində İstanbul şivəsini məharətlə işlədən şair sonralar yaratdığı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışmışdı və demək olar ki, bu işdə müvəffəq olmuşdur. Bunun üçün də Cavidin türkcəsinə nə tamamilə İstanbul türkcəsi, nə də tamamilə Azərbaycan ədəbi türkcəsi demək qabildir. Cəsarətlə deyə bilərik ki, Cavid bu iki türkcə şivə arasında bir körpü yaratmışdı və bu iki şivə arasındakı məsafəni qısaltmışdır”.[11]

Doğrudan da, Cavidin türkcəsi demək olar ki, bütün Türk xalqlarının anlayacağı bir türkcədir. Başqa sözlə, Cavidin dilini Türküstanda, Qafqazda, Türkiyədə, Qazanda, Krımda, Uyğuru­standa və başqa Türk ellərində onu öz ana dili kimi anlayaraq oxuyan türklər vardır. Görünür, Cavid Türk dünyasının bu gününü düşünərək əsər­lərinin imlasına toxunulmamasını vəsiyyət etmişdir. Bu, böyük Türk oğlunun fani dünyadakı ölümündən sonra belə ulu Türk millətinin gələcəyini düşünməsinin bariz örnəyidir.

Cavid Turan ideyasını Azərbaycanın Sovet Rusiyasının işğalından sonra daha əzmlə davam etdirmişdir. O, Sovet Azərbaycanı dövründə milli mədəniyyəti, milli ruhu və onun bariz nümunəsi olan turançılığı beynəlmiləl-proletar mədəniyyətinə və müstəmləkəçiliyə qarşı müdafiə etmişdir. O, Sovet Rusiyasının Quzey Azərbaycanı əsarət altında saxladığı dönəmdə hər bir şeirində, dramında, poemasında turançılığı yaşatmağa çalışmışdı.

[1] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.70

[2] Cavid H. Əsərləri. Beş cilddə, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.52

[3] Yenə orada, s.54

[4] Yenə orada, s.54

[5] Yenə orada, s.128

[6] Yenə orada, s.128

[7] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.255

[8] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.272

[9] Ağayev M.B. Hüseyn Cavidin dünyagörüşü. Bakı, “Təknur”, 2005, s.56

[10] Cavid H. Əsərləri. Beş cilddə, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.55

[11] Türkəqul M.H. Azərbaycan Türk şairi Hüseyn Cavid. Bakı, 2002, s.53


MANŞET XƏBƏRLƏRİ