Azərbaycan qəhrəmanlıq dastanlarında ulusal dəyərlər


İŞIQLI ATALI

Ulusal dəyər – ölməyən, heç zaman adiləşməyən dəyərdir

Ürəyinizdə Ata Günəşi olsun.

Ulusal dəyərlər Ulusu var edən əsas cəhətlərdir. Azərbaycan qəhrəmanlıq dastanlarında Azərbaycanın ulusal sifətinin yaradılışını, bugündə də davam edən inkişafını görürük. Deməli, Ulusal dəyər – ölməyən, heç zaman adiləşməyən dəyərdir. Dəyəri var edən, artıran, yüksəldən isə ulusu təmsil edən yetkin insanlardır. Ulusal dəyər – millətin mənəvi-əxlaqi, idraki, bədii səviyyəsinin ifadəsi olub, xalq həyatının (yaşamının) bütün sahələri haqqında sistemli fikirlərin məcmu-yu, ali mahiyyətidir.

Ulusal dəyər – ulusallığı tam ifadə etdiyi üçün bəşəri dəyərdir. Çünki bəşəri dəyərlər bu kimi dəyərlərin özülündə təsdiqini tapır. Bəşəri dəyərlər dedikdə ulusallığın (milliliyin) yetkin soraqlarının ifadəsi nəzərdə tutulur. Ulusal olan həm də mənəvidir (ruhsaldır). Ruhsallığın qaynağı, kökü ulusal dəyərlərdir. “Kitabi-Dədə Qorqud” qədim ulusal yaşamımızın dastan bədiyyatı ölçüsündə bənzərsiz ifadəsidir. Dədə Qorqud – ağsaqqallıqla təndir, əslində ağsaqqallığın ölçüsünü yaradandır. Dastan onun adına bağlanır, ona görə ki, dastanda təsvir olunan dünyanın mənəvi yiyəsi Dədə Qorquddur.

Dədə Qorqud Ağsaqqallıq adlı milli (ulusal) dəyərin ardıcıl daşıyıcısıdır. Bugünkü yaşamımızda, varlığımızda dastan düşüncəsində daşlaşmış, ömürləşmiş bu ölçü sabah yönlüdür. Dədə Qorqud ağsaqqallığı bizi mahiyyətcə hər cür özgəliklərdən qoruyur, torpaq-yurd-Vətən müqəddəsliyini daim bütün maraqlardan uca tutma-ğa çağırır, kökləyir.

Dədə Qorqud halallıq örnəyidir, harama əsaslanmaq, fürsətcillik onun dünyasında qadağandır. Sözü keçərlidir. Dədə sözünə xilaf çıxmaq bağışlanmır. Ailə müqəddəsliyinin qoruyucusudur, ona inanırlar. Onun alqışı adi alqış deyil, qarğışı adi qarğış olmadığı kimi... Dədə Qorqudun dünyası onun ruhundan yaranır. Bu ruh bütün tərəfləri ilə Azərbaycan soraqlıdır: qeybdən verməsi yüksək duyum yiyəsi olduğundan xəbər verir. Ad qoyması, elçilik etməsi, boy boylayıb söz söyləməsi Dədəlik siqlətinin yetkin təsdiqidir.

Dədəlik niyə çətin işdir? Ona görə ki, elin mənəvi qayğıları bütünlüklə onun çiyinlərindədir. Səbirlidir, müdrikdir, fikir söyləyəndə tələsmir, ciddidir, sinəsində tükənməyən hikmətlər yatır. Dədəlik – aqibətdir, Qorqud bunu ləyaqətlə daşıyır. Bu, artıq onun şəxsində dəyər ölçüsündə görünür, bilinir. Əslində Oğuz dünyasının gedişatı Dədə Qorqudun bəlirlədiyi kimidir. Zahirən olaylar (hadisələr) ondan qıraqda baş verir, biz onu dastanın sonunda görürük. Burada Dədənin hadisələrin mahiyyətinin bilicisi kimi göz önündə canlanması təbiidir. Ona görə ki, bütün bu hadisələr onun dünyasında baş verir. Hadisələrin boylayanı, söz söyləyəni, dastanlaşdırıcısı Dədə Qorquddur. Onun ölçüsü ulusal görümə əsaslanır, nəyisə artırmır, nəyisə əksiltmir; Dədə Qorqudun dilində bəzək-düzək yoxdur. Gerçəkliyi, zamanın gedişatını incəliyinə kimi bilir, harda sözün, harada qılıncın keçərli olduğunu anlayır. Ancaq Sözün hər şeydən ucada durduğunu onun qədər aydın duyan yoxdur. Duyduğu, ifadə edə bildiyi üçündür ki, Dədədir. Dədəliyin yükünü çəkə bildiyi üçün bu ilahi məqama seçilir, yetirilir, həm də özü-özünü yetirir. Onun Dədə sözü adına bağlıdır, dünyanı, həyatı, insani münasibətləri dərindən anlamasının ifadəsidir.

“Ölən adam dirilməz”; “Çıxan can gerü gəlməz”. Burada Dədənin dilindən söylənən hikmət türkün dünyaduyumunun yetkinliyindən soraq verir, Dədənin fitrətən həqiqətə yetdiyi, elini də yetirmək istədiyi, müəyyən mənada yetirdiyi aydınca görünür. Bu kimi yetkin düşüncənin yaranması az bir zamanın nəticəsi deyil. An-caq Dədə sözünün deyiliş tərzi, bugünümüzdə də hər cür bəsitlik duyğusundan arınmış halda ifadəsi onu deməyə imkan verir ki, əcdadımızın fitrəti bənzərsiz olub. Dədə Qorqud ruhu səadəti o dünyaçılıqda aramır, elinə, ulusuna öz dünyasını qurmağı, bu (əslində bir – İ.A.) dünyanın xoşbəxt sakini olmağı öyrədir.

Geniş araşdırılmalı olan mövzu ilə bağlı hələlik ilkin qənaətləri – Dədənin söz örnəklərini təqdim edirik. “Təkəbbürlik eyləyəni Tanrı sevməz”. “Könlin yuca tutan ərdə dövlət olmaz”. Burada Ağsaqqallığın bilginliyi bir daha özünü göstərir. Tanrıçılıq halı qədim türk insanının, əcdadın içindədir. Əcdad anlayır ki, onun çatışmazlıqları, şərçiliyi xeyir halının aşkarlanmasına əngəldir, ona görə də aradan qaldırmalıdır. Əslində burada çatışmazlıqlara nəzarətçi olan əcdadın özüdür. O, içinə, özünə üz tutur. Tanrı – türkün doğmasıdır, Allah ideyasından fərqli olaraq dünyanın içindədir. Təsadüfi deyil ki, türk mifoloji düşüncəsində əcdad dünyanın yaradılışında iştirak edir.

“Yapa-yapa qarlar yağsa, yaza qalmaz”. Burada Dədə Qorqudun şəxsində əcdadın təbiəti duyumunun yetkin ümid səviyyəsi aydınca görünür. Fəsillər keçidinin, insan-təbiət birliyinin anlaşıqlı ifadəsi, təbiətin yenidən doğulması, yenilənməsi, bu gedişdə insanın da içdən (daxilən) yenilənməsi ifadə olunub. Dədə Qorqud Ağsaqqallığı ümid qaynağı ola bilir, çünki onun ümidi gerçəkliyə yox, ondan artıq olan əcdad duyumuna – insanlığına əsaslanır. Dədə Qorqud vaiz deyil, onda nəsihətçilik yoxdur. Onun dilinin aydınlığı da hökmlüyündən gəlir: zora əsaslanmır, zorla kimsəyə məsləhət vermir, ömürləri əsarət altına almaq ağlından belə keçmir. Əgər belə olsaydı, onda Dədə ola bilməzdi. Onun şəxsində Dədəliyin əcdad örnəyi yaranıb, yaradıcı bir hadisə kimi bugünümüzə gəlib çıxıb, deməli, ömürləşib. Deməli, Dədə Qorqud ağsaqqallığı folklor örnəyi, mətni kimi olduğu dərəcədə canlı yaşam olayı kimi diq-qəti çəkir. “Qarı düşmən dost olmaz”. Dastanın başlanğıcında verilən bu qənaətlər bütövlükdə Kitabın mahiyyətini bizə çatdırır. Düşmən düşmənliyindən çıxmayıb ki, qarıyıb qarı düşmən olub. Onun qarıması, qarılığı düşmənliyində əbədi olmasındadır. Deməli, aydın olur ki, niyə düşməndən dost olmaz. Burada Dədənin türkün xarakterinə dərindən bələdliyi də ayrıca diqqəti çəkir.

Türk xaraktercə fiti inancıldır. Bir az sonra Koroğlu xarakterindən danışanda bu məsələyə ayrıca diqqət yetirəcəyik. Elə təkcə Koroğlunun Həmzəyə inanmasını, sonucda başına gələnləri xatırlamaq yetər. Deməli, ağsaqqallıq sabahı görməkdir (yəni burada: yetirməkdir – İ.A.) ki, Dədə Qorqudun hökmlü fikirlərində bunun doğruluğunu görürük.

Dədə Qorqudun dünyasında Türkün ailəçiliyi hər şeydən öndədir. Əcdadın sözçüsü olan Dədə anlayırdı ki, ailəsiz el, elsiz də dövlət yoxdur. “Ər malına qıymayınca adı çıqmaz. Qız anadan görməyincə ögüt almaz. Oğul atadan görməyincə süfrə çəkməz”.

Dədə Qorqud dünyasının sakinləri - Salur Qazan, Qaraca Çoban, Basat, Buğac, Uruz, Beyrək, İmran kişiliyin örnəyidir; Burlaxatın, Banıçiçək, Selcan kimi qadınlar qadınlığın örnəyi. Oğullar ailədə yetişir, ulusa layiq olurlar. Onların hamısının dilində Dədə Qorqud öyüdləri var. Eli birlik üstə kökləyən, təhlükələri görən, təkcə sözdə qalmayıb, halıyla, əməliylə qarşısını almağa çalışan Dədə Qorquddur. Bayındırlar, Qazanlar belə Dədənin sözünü iki eləməyi ağıllarına belə gətirmirlər, çünki Dədə sözünün hikmətini (vazkeçilməzliyini) qəbul edirlər.

Dədə Qorqudun qeydən xəbər verməsi əslində söz-gəlişi deyil. Yəni həyatı zəngin bilən Dədə ulusunu hər cür təhlükələrdən ötə görmək istəyir. Dirsə xanın faciəsi özgələrə inanmaqdan, Alp Aruzların faciəsi kinini boğmamaqdan yaranır.

Bəs “Dədə Qorqud” kitabı ilə “Koroğlu” dastanı arasında daha hansı mənəvi bağ tapmaq olar ki, indiyədək demək olar, dərindən diqqət yetirməmişik? Hər iki dastanda ümumi axar var: “Dədə Qorqud” başlanğıcdır, ənənə yaradandır. “Koroğlu” Dədə Qorqud ənənəsinin ardıcıl yaşadıcısıdır. Dədə Qorqud dünyasında olduğu kimi Koroğlu dünyasında da birlik var. Dastan düşüncəsindən gələn – ömürləşən bu mənəvi birliyin varlığındandır ki, ulusal ruhumuz yaşayır. Dədə Qorqudun dünyasında Ağsaqqallıq ölçüsü Dədədir, Koroğlu dünyasında Koroğlu. Ancaq Dədə Qorquddan fərqli olaraq Koroğlu qılınc çalır, ardıcıl döyüşür.

Koroğlu əcdad düşüncəsində kökü qədimlərdən gələn obrazın yüzillər sonra öz yeni çağına – ulusun ayaqda, kökdə qalması üçün fiziki döyüşkən obrazına uyğunlaşdırılmasını gərəkli etdi. “Koroğlu” dastanının əsas obrazı el qəhrəmanı Koroğludur. Dədə Qorqud kimi Koroğu obrazı da mahiyyətcə mifik olduğu dərəcədə ulusal istəkdə olan gözəl duyğuları gerçək yaşama gətirməyi bacarandır. Dədə Qorqud kimi Koroğlunun da özünəməxsus dünyası var. Koroğlunun dəliləri, Nigarı, Eyvazı var, ağır səfərlərə onu aparıb-gətirən Qıratı, Düratı var. Ancaq dastan boyunca bu gedişin mahiyyətini bizə çatdıran Saz adlı ulusal dəyər Koroğluluğun ruhunu yetkin soraq verir. Saz burada əcdadın Tanrılıq keyfiyyətinin soraqçısı olur. Koroğlunun dünyasında da müxənnətlər, fəndgirlər var. Ancaq Dədə Qorqud dünyasının özülü möhkəm olduğu kimi, Koroğlu dünyasının da özülü möhkəmdir. Ona görə ki, Türk əsilliyindən – halallığından, doğruluğundan, mərd döyüşkənliyindən, fədakarlığlından, əsarəti sevməməsindən, azadlığı uğrunda axıradək döyüşmək duyğusundan, eşqindən güc alır. Ona görə həm Dədə Qorqudun, həm də Koroğlunun dünyası mahiyyətcə yox olmayıb. Dədə Qorqudun dünyası Koroğlunun dünyasıyla əvəz olunub. Ancaq həm də hər birinin öz yeri var. Buradakı dövr, zaman fərqliliyində olan yaşamlar, münasibətlər ulusun bir kök üstə ardıcıl var olmaq eşqin-dən, iradəsindən, mənəviyyatından xəbər verir. Koroğlu dünyasında Həmzələrə yer yoxdur, biclik, fürsətcillik, haram olan yerdə Koroğlunun dünyası var ola bilməz, uçular. Ona görə də Koroğlu çətin də olsa dünyasını yıxılmağa qoymur, qoruyur. Bu ənənənin Dədə Qorquddan gəldiyini görürük. Qazan xanın yurdu yağmalananda, eli əsir olanda çətin də olsa düşməni yenir, hər şeyi yenidən qurur.

Hər iki eposda ulusun fərdləri səhv edərkən onu düzəltməyə çalışırlar. Səhv etmək ulusa ağır başa gəlir. Dədə Qorqudun adıyla bağlanan eposda Dədə Ağsaqqallığıyla gedişatı yönləndirir.

Koroğlu universaldır: döyüşkəndir, qurucudur, el yiyəsidir, fədakardır. Onun bu halını yetkin ölçüdə Saz ifadə edir. Əslində burada Saz Dədə Qorquddakı qopuzun davamıdır. Deməli, burada həm də ulusal ənənənin ardıcıl inkişafını, ömürləşməsini görürük.


MANŞET XƏBƏRLƏRİ