Bəzi məhsulların, xüsusilə də İrandan idxal olunan qidaların üzərində son istifadə tarixi, tərkibi və s. barədə məlumatınların Azərbaycan dilində tərcüməsinin olmaması zaman-zaman gündəmə gələn amma həllini tapa bilməyən problemlərdən biridir. Bəzi hallarda isə satıcılar ya bilərəkdən, ya da bilməyərəkdən vaxtı keçmiş məhsulları da satışa çıxarırlar. Məhsulların üzərindəki yazıların anlaşılmaması isə alıcıların aldadılmasına gətirib çıxarır.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildirib ki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri də aldıqları mal haqqında dürüst və ətraflı məlumat əldə etmək hüququdur. Onun sözlərinə görə, bu hüquq həm milli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə açıq şəkildə təsbit olunub.
E.Hüseynov qeyd edib ki, qanunvericiliyə əsasən Azərbaycan əmtəə bazarında satılan bütün mallar, xarici dillə yanaşı, mütləq Azərbaycan dilində markalanmalıdır. Bu tələb təkcə qida məhsullarına deyil, avtomobillərin sənədlərinə, mürəkkəb texniki cihazların istismar qaydalarına və digər bütün mallara da şamil edilir.
Söyləyib ki, xüsusilə İrandan gətirilən mallarla bağlı illərdir ciddi problem mövcuddur:
"Bu məhsulların üzərində məlumatlar insanların başa düşmədiyi fars əlifbası ilə yazılır. Bu isə istehlakçı hüquqlarının birbaşa pozulmasıdır. Bəzi biznes subyektləri bundan sui-istifadə edərək vaxtı keçmiş malları bazara çıxarır və istehlakçıları aldadır".
Eyyub Hüseynov dövlət qurumlarının, xüsusilə gömrük orqanlarının bu məsələdə kifayət qədər sinxron işləmədiyini də vurğulayıb. Nəzərə çatdırıb ki, gömrük orqanları qanun pozuntusu aşkar etdikdə məsuliyyəti başqa qurumların üzərinə atmamalı, müvafiq dövlət orqanları ilə birbaşa əlaqə saxlamalıdırlar.
Dediyinə görə, İrandan idxal edilən malların markalanmasında müəyyən düzəlişlər edilsə də, problem tam həllini tapmayıb.
E.Hüseynov istehlakçılara belə hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qaynar xəttinə və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməyi tövsiyə edib:
"Bu cür qanun pozuntuları təkcə istehlakçı hüquqlarının tapdanması deyil, eyni zamanda insanların sağlamlığı üçün real təhlükə, zəhərlənmə riskinin artması deməkdir".