Düşmənin “Oreşnik” orta mənzilli ballistik raketindən istifadəsi təkcə Ukrayna üçün deyil, digər Avropa ölkələri üçün də ciddi çağırışdır.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam saatlarında yayımladığı video müraciətində bildirib.
Prezident qeyd edib ki, hazırda Kiyev və ətraf bölgələrdə, eləcə də Dnepr, Lvov, Kirovoqrad, Çerkassı və Odessa vilayətlərində bərpa-təmir işləri aparılır. Onun sözlərinə görə, Sumı, Çerniqov və Xarkov vilayətlərində isə təmir briqadaları fasiləsiz çalışır və həyat təminatının bərpası üçün maksimum səylər göstərilir.
Zelenski vurğulayıb ki, düşmən soyuq hava şəraitindən istifadə edərək enerji infrastrukturuna mümkün qədər çox zərbə endirməyə çalışır.
“Onların Amerikaya və ümumilikdə diplomatiyaya nə qədər hörmət etdikləri aydındır. Dünən gecə 200-dən çox Rusiya dronu və xeyli sayda ballistik raket istifadə olunub. Hücumların əsas hədəfi isə Kiyev olub”, – deyə dövlət başçısı bildirib.
Prezident paytaxta edilən hücum nəticəsində dörd nəfərin həlak olduğunu, 30 nəfərin yaralandığını açıqlayıb və ölənlərin ailələrinə başsağlığı verib.
“Yenə də ‘Oreşnik’ raketindən istifadə olunub. Bu dəfə Lvov vilayətinə qarşı. Bu, Avropa İttifaqının sərhədlərinə yaxın ərazidə açıq mesajdır. Orta mənzilli ballistik raketlərin tətbiqi Varşava, Buxarest, Budapeşt və digər Avropa paytaxtları üçün də eyni təhlükə və çağırışdır”, – deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti xatırladıb ki, bu hücumlardan əvvəl Dnepr, Krivoy Roq, Zaporojye və Odessaya da raket zərbələri endirilib.
Aytən Yaşar/ Turkustan.az