ABŞ Prezidenti Donald Tramp İranın keçmiş şahının oğlu Rza Pəhləvi ilə görüşməyəcək.
Bu barədə Tramp mühafizəkar respublikaçı siyasətçi və jurnalist Hyu Hevitlə müsahibəsində bildirib. “Düşünürəm ki, indiki mərhələdə Rza Pəhləvi İrana rəhbərlik etmək üçün münasib seçim deyil”,- Prezident əlavə edib.
Tramp Rza Pəhləvini bundan əvvəl gördüyünə diqqət çəkib:
“Mən onu görmüşəm, o, yaxşı insan kimi görünür. Ancaq onun bu mərhələdə rəhbərlik üçün doğru insan olduğunu düşünmürəm”.
ABŞ Prezidenti İrana kimin rəhbərlik edəcəyinin sonrakı mərhələlərdə müəyyənləşəcəyini bildirib: “Hesab edirəm ki, hamı meydana gəlməlidir və sonra kimin ortaya çıxacağını görəcəyik. Düşünmürəm ki, bu, (Pəhləvinin hakimiyyətə gəlməsi-red.) mütləq doğru addımdır”.
Prezident Trampın bu açıqlaması Qərbin Rza Pəhləvini İranda hakimiyyətə gətirməyə hazırlaşdığı barədə yayılan məlumatlar fonunda çoxları üçün gözlənilməz olub. İranda etiraz aksiyalarının hər gün artması mövcud rejimin süqut edəcəyi halda hakimiyyət başına kimin keçəcəyi ilə bağlı sualı gündəmə gətirib.
Etirazçı xalq kütlələri teokratik rejimin devrilməsini və ölkədə dünyəvi dövlətin qurulmasını tələb edir. Ona görə də İranda islam inqilabı nıəticəsində formalaşmış idarəetmə sistemindən imtina edəcək və Qərblə yaxından əməkdaşlıq quracaq bir liderin dövlət başına gəlməsi ehtimal olunur.
Həmin şəxs yalnız müxalifətdən deyil, hazırkı rejimin içərisindən çıxacaq siyasətçi də ola bilər. Lakin İranın yeni liderinin kimliyi ilə bağlı müəyyən məqamlara aydınlıq gəlməkdədir. Prezident Donald Trampın söylədiyi fikirlər ABŞ-nin İranda hakimiyyətin dinc yolla ötürülməsi planına üstünlük verdiyini göstərir.
Hadisələr xalq inqilabına doğru inkişaf etsə də, ABŞ özünü müxalifət lideri adlandıran Rza Pəhləvi variantı üzərində dayanmır. Əvvəla, Rza Pəhləvinin İranda ciddi sosial bazası yoxdur. Xüsusilə də onun hakimiyyətə gəlmək istəyi İranda yaşayan xalqlar tərəfindən dəstəklənməyəcək.
Üstəlik, İranın mövcud siyasi elitasında da onun tərəfdarları yoxdur. ABŞ-yə isə həm xalq arasında, həm də elitada nüfuzu olan bir şəxs lazımdır. Pəhləvinin qeyri-sabit mövqeyə malik olması perspektivdə ABŞ-nin İranla bağlı maraqlarını növbəti dəfə təhlükə altına sala bilər.
Bu baxımdan, görünür, Tramp adminstrasiyası İranda Venesuelada olduğu kimi, keçid dövrü üçün müxalifətlə deyil, hakim komanda ilə əməkdaşlığı daha məqsədəuyğun hesab edir. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin yanvarın 9-da televiziya ilə xalqa müraciəti rejimin xalqla daha dərin qarşdurmaya getmək niyyətindən xəbər verir.
Xameneyi İranın etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini bildirib. Bu isə ya etirazçıların, ya da rejimin qalib gələnə qədər toqquşmaların davam edəcəyini göstərir.
ABŞ-nin Rza Pəhləvidən imtina etdiyini nəzərə alsaq, İranda rejim dəyişikliyi baş verəcəyi təqdirdə, Xameneyidən sonra səlahiyyət konstitusiyaya uyğun olaraq prezidentə keçəcək. Yəni Venesuelada Nikolas Maduronun həbs edilərək prezident postundan uzaqlaşdırılmasından sonra proqnozların əksinə olaraq, Tramp adminstrasiyası hakimiyyətə iddialı olan müxalifət lideri Maçado ilə deyil, dövlət başçısının səlahiyyətlərini icra edən vitse-prezident Delsi Rodrigeslə əməkdaşlığa üstünlük verdi.
İranda Xameneyi istefaya gedərsə, nə etirazçı kütlə, nə də ABŞ yeni dini liderin seçilməsi şərti ilə teokratik rejimin davam etməsində maraqlı olacaq. Ölkədə konstitusiya dəyişikliyinə qədər hakimiyyətin dinc yolla ötürülməsi üçün ABŞ İran Prezidenti Məsud Pezeşkianla əməkdaşlıq variantını seçəcək.
Çünki Pezeşkian ABŞ ilə danışıqlar aparmaq üçün siyasi və hüquqi legitimliyə malikdir. Eyni zamanda, onun xalq arasında və siyasi elita daxilində güclü tərəfdarları var. Pezeşkian mühafizəkar mövqeyə malik deyil və nüvə proqramı ilə bağlı Qərblə və İsraillə danışıqların tərəfdarıdır. Prezident Trampın Rza Pəhləvidən imtina etməsi də bununla izah oluna bilər. /Cebheinfo.az/