Son günlər ABŞ–İran münasibətlərində gərginlik daha da dərinləşir. İranda baş verən daxili proseslər və regional fon fonunda rəsmi Tehran Vaşinqtona qarşı ritorikasını sərtləşdirib.
Bu gün İranın ali lideri Ayətullah Əli Xamenei xalqa müraciət edərək birlik və həmrəyliyin vacibliyini önə çəkib, ölkənin xarici təzyiqlər qarşısında geri çəkilməyəcəyini bildirib.
Eyni zamanda ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt çıxışları, yeni təzyiq və sanksiya mesajları qarşıdurma ehtimallarını daha da artırır. Qarşılıqlı ittihamlar, hərbi və siyasi bəyanatlar fonunda bölgədə təhlükəsizliklə bağlı narahatlıqlar yüksəlir. Müşahidəçilər hesab edirlər ki, tərəflər arasındakı gərginlik təkcə iki ölkə ilə məhdudlaşmayaraq, bütün Yaxın Şərq üçün ciddi nəticələr doğura bilər.
Maraqlıdır görəsən, bu açıqlamaların fonunda tezliklə ABŞ-İran qarşıdurması mümkündürmü? Turkustan.az olaraq bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə
İranda baş verən etiraz aksiyaları əvvəlki dalğalardan mahiyyət etibarilə ciddi şəkildə fərqlənir. Bu dəfə etirazlar əsasən sosial-iqtisadi problemlər, sürətlə artan inflyasiya və əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması ilə bağlıdır. Aksiyalar demək olar ki, bütün İran ərazisini əhatə edir və bu prosesdə xarici sanksiyaların təsiri açıq şəkildə hiss olunur.
ABŞ və İsrail uzun müddətdir çalışırlar ki, tətbiq edilən sanksiyalar İran daxilində narazılığı dərinləşdirsin və rejim əleyhinə yeni, daha genişmiqyaslı etiraz dalğası formalaşsın. Demək olar ki, bu məqsədə qismən nail olunub. Paralel olaraq ABŞ öz hərbi aviasiyasını və digər hərbi resurslarını Avropaya, oradan isə Yaxın Şərq istiqamətinə yönəldir.
Donald Tramp da açıqlamalarında açıq şəkildə bildirib ki, əgər İran rejimi etirazları zorakılıqla yatırmağa cəhd edərsə, hərbi əməliyyatlara başlama ehtimalı istisna edilmir. Qısa müddət əvvəl baş vermiş 12 günlük müharibə bir daha göstərdi ki, ABŞ-İran qarşıdurması real və mümkündür və Vaşinqton bu ssenariyə hazırlaşır.
Məhz buna görə də İran hakimiyyəti hazırda etiraz aksiyalarına qarşı genişmiqyaslı güc tətbiqindən çəkinir. Lakin etirazlar daha da şiddətlənər və rejim sərt güc metodlarına əl atarsa, ABŞ ilə birbaşa qarşıdurma ehtimalı ciddi şəkildə arta bilər. Bu mərhələdə demək olar ki, İran ilə ABŞ arasında siyasi qarşıdurma artıq açıq şəkildə davam edir.
Onun hərbi müstəviyə keçib-keçməməsi isə birbaşa olaraq İran rejiminin atacağı növbəti addımlardan asılı olacaq.
Aytən Yaşar/ Turkustan.az