Suriyanın Hələb şəhərində Dəməşq hökumətinə bağlı ordu ilə kürd silahlı qüvvələri arasında gərginlik dördüncü gündür davam edir.
Turkustan.az xəbər verir ki, toqquşmaların şiddətlənməsindən sonra hökumət qüvvələri kürdlərin nəzarətində olan Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrinə daxil olub və müvəqqəti atəşkəs elan edilib.
Kürd qüvvələrinə Hələbi tərk edərək Suriyanın şimal-şərqinə çəkilmələri üçün vaxt verilsə də, bu təklif rədd edilib.
Onlar bunun “təslim olma çağırışı” olduğunu bildirərək məhəllələri müdafiə edəcəklərini açıqlayıb. Suriya Demokratik Qüvvələri şəhərdə rəsmi hərbi varlıqlarının olmadığını iddia edir, Dəməşq isə bunu təkzib edir.
"Reuters"in məlumatına görə, toqquşmalar nəticəsində 140 mindən çox insan yaşadığı əraziləri tərk edib. Birləşmiş Millətlər Təşkilatı tərəfləri təcili şəkildə gərginliyi azaltmağa və mülki əhalinin qorunmasına çağırıb. Bölgədə vəziyyətin necə inkişaf edəcəyi 10 mart razılaşmasının taleyindən asılı olaraq qeyri-müəyyən qalır. /modern.az/