Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
X Yazı
Əbül Nasir Gödək Əhməd
Gödək Əhməd Ağqoyunlu dövlətinin VI Sultanı may 1497 - dekabr 1497 olmuşdu. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: “O, həmin ilin qışında öldürüldü.Onun hakimiyyəti cəmi altı ay davam etdi. Bədən quruluşuna gəlincə,üzü son dərəcədə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı”.
Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınırdı. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə Fateh II Mehmedə sığınmışdı.Fateh Sultan II Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir.Sivas bəylərbəyi olan Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.Fateh Sultan II Mehmed Uğurlu Məhəmmədin öldürüldüyü xəbərini eşidən zaman nəvəsi Əhməd bəyi qızı ilə birlikdə Ərzincandan İstanbula gətirir. Əhməd bəy buradaca, əvvəlcə Fateh Sultan II Mehmedin, sonra II Bayezidin sarayında mükəmməl Osmanlı tərbiyəsi və təhsili almışdır.
Sultan Yaqub bəyin Ağqoyunlu dövlətində sülh və əmin-amanlıq içində on iki il iki ay hökmranlığından sonra yerinə gələn şahzadələrin uşaq yaşda olması ilə başlayan siyasi böhran,1492-ci ildə Rüstəm bəyin hökmran taxtına çıxması ilə nəticələndi. Lakin bir müddət sonra Rüstəmin səltənəti ilə kifayətlənməyən Ağqoyunlu əmirləri onun hakimiyyətinə son qoymaq istəyirlər. Bu səbəbdən, Ağqoyunlu ümərası Uğurlu Məhəmmədin oğlu və Fateh II Mehmedin qızının oğlu,eyni zamanda Sultan II Bayezidin kürəkəni olan Əhməd bəyi və ya Gödək Əhmədi Ağqoyunlu dövlətinin hökmdarı etmək üçün fəaliyyətə başladılar.Bu ərəfədə Rüstəm bəyə qarşı hərbi dəstənin başçısı Nur Əli 1496-cı ildə Qahirədən qayıtdıqdan sonra bu şəxslər tərəfindən elçi seçildi.Nəticədə Nur Əli bəy Gödək Əhməd bəyə məktub göndərərək Diyarbəkir və bütün başqa yerlərin hökmdarlarının ona itaət etdiklərini və bunun böyük fürsət olduğunu o cümlədən onun Azərbaycana gəlib əcdadlarının torpağına iddialı olmasını xahiş etdi.Nur Əli bəy həmçinin kürəkəni Əhməd bəyin Ağqoyunlu taxtına çıxması üçün Osmanlı Sultanı II Bayezidə (1481-1512) də məktub göndərdi.Bu məktubda o, Sultan Rüstəmin kafirliyindən şikayət edərək, Ağqoyunlu təbəələrinin əziyyət çəkdiyini,6 min müsəlmanın gürcülərin əsiri olduğunu yazırdı.O cümlədən Əhməd bəyin Ağqoyunluların başçısı olmasının lazımlığını dilə gətirmiş və Diyarbəkirdəki irili-xırdalı bəylərin də Şahzadənin tərəfdarı olduğunu bildirmişdir. Onun bu məktubu müsbət qarşılanmış nəticədə Bayandur boyunun rəislərinin səmimiyyətinə güvənən sultan II Bayezid Qapıqulu piyadalarını Əhməd bəyin ixtiyarına, Ərzincana göndərir.
Qapıqulu piyadaları Osmanlı dövlətinin əsas əsgərləri idi və yeddi ocağa ayrılırdılar.Əcəmi oğlanları sonra yeniçeri olardılar.Yeniçeriler, cəbbəçilər (silah və tədarük sinfi),topçular,top arabaçıları və qumbara və ya xumparaçılar (top və top gülləsi düzəldənlər), lağımçılar (təxribat üçün əsgər hazırlayan bir sinif idi).
Bundan xəbər tutan Sultan Rüstəm Əhməd bəyi qarşılamaq üçün hərəkətə keçir.O, Araz vadisi boyu irəliləyən müttəfiq qüvvələri qarşılamaq üçün Təbrizdən yürüş edərkən,Əhməd bəylə nigah qohumu olan Hüseyn xan paytaxtı zəbt etdi və 1497-ci ilin iyununda Əhməd bəyə xütbə söylədi. Beləliklə, o, Ağqoyunlu dövlətinin yeni Sultanı elan edildi. Digər tərəfdən Əhməd bəylə Rüstəm bəy bir-birindən xəbərsiz Araz çayının müxtəlif yerlərindən keçirdilər.Sonra iki qoşun bi-birinə yaxınlaşıb savaşmağa başlayanda Sultan Rüstəmin mühüm əmirlərindən Eybə Sultan və bir neçə başqa əmirlər ona xəyanət edərək, Əhməd bəyin tərəfinə keçdi. Beləliklə, Sultan Rüstəmin ordusundakı əmirlər Sultan Rüstəmə xəyanət edərək,məğlubiyyətinə səbəb oldu.Sultan Rüstəm Gürcüstana qaçdı.Onun hakimiyyəti altı il davam etdi. Əhməd bəy Sultan Rüstəmi məğlub etdikdən sonra vəziyyəti qaynatası olan Osmanlı Sultanı II Bayezidə məktubla bildirdi.1489-cu ildə II Bayezidin qızı Aynişah Sultan atasının istəyi ilə Ağqoyunlu Sultanı Uzun Həsənin Osmanlı dövlətinə sığınan oğlu Uğurlu Məhəmmədlə Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə evlənmişdi.
Gödək Əhməd bu qalibiyyətdən sonra Təbrizə gedərək taxta çıxdı.Rüstəm bəy Gəncə ətrafındakı Qacar oymağının köməyi ilə hakimiyyəti geri qaytarmağa təşəbbüs göstərsə də, onun bu təşəbbüsü uğursuzluqla nəticələndi. Rüstəm Mirzə 2 iyul 1497-ci ildə əsir alınaraq öldürüldü.
Gödək Əhməd Osmanlı dövlətində olduğu kimi,hakimiyyəti mərkəzləşdirməyə çalışmaq,Osmanlı inzibati,siyasi və dini idarəsini tətbiq etmək,ordusunu Osmanlı tərzinə əsasən yeniləmək fikrində idi. Yeni Ağqoyunlu Sultanı öz ölkəsində ədaləti təmin etmək məqsədi ilə bildirdi ki, heç bir vəzir və ya məmur heç bir vergi,hətta bir təngə belə tətbiq edə bilməz,üstəlik əkinçilərdən qanunla icazə veriləndən bir təngə belə artıq para tələb edə bilməz.Sultan Gödək Əhmədin fərmanı ilə bütün təbəələr bürokratik rüsumlardan azad edilir,onların heç biri əlavə vergiyə cəlb edilməsi qadağan edilirdi.
O əmrlər əvəzinə Cəlaləddin Dəvani və Məhəmməd Sədrəddin kimi almlərə müraciət edərək onlarla məsləhət məşvərət edirdi.Hətta əmirlərin ixtiyarında olan bir çox imkanları da məhdudlaşdırdı.Bununla əmirlərin təbəə üzərindəki təsirini azaltmağı hədəfləyirdi.Çox keçmədən Əhməd bəy özündən əvvəlki hökmdarların payladığı soyurqalları geri almağa başladı.Onun bu fəaliyyəti feodal əmirləri tərəfindən xoş qarşılanmadı.Öz ölkəsində Osmanlı dövlət quruluşunu tətbiq etmək istəyən yeni hökmdar,bir-biri ilə ixtilafda və hər zaman şahzadələri üsyana aparacaq vəziyyətdə olan əmirləri aradan götürmək üçün müəyyən hazırlıqlar görməyə başladı.Çox keçmədən bir neçə əmiri öldürtdü. Əhməd bəy bununla əmirlərin mərkəzi hakimiyyətdən qurtulmaq cəhdləri nəticəsində zəifləmiş mərkəzi dövlət hökmdarlığını gücləndirmək istəyirdi.Onun islahatı tayfa əmirlərinə qarşı yönəldilmişdi,ruhanilərin isə soyurqalları saxlanılmışdı.Beləliklə vergi islahatı nəticəsində İslam hüququnda olmayan Elxanlı dövlətinin (1256-1335) tətbiq etdiyi 20 ədəd vergi ləğv edildi.Tacik dilli əhali tacik olduqlarına görə ağır vergi ödəyirdilər. Müsəlmanlardan alınan bu vergilər,xüsusilə də ixracat və biyar kimi mükəlləfiyyətlər təbəələr üzərində ağır bir yük idi. Elxanlı hökmdarları tərəfindən tətbiq olunmuş vergi və mükəlləfiyiyyətlərin ləğv edilməsi, islama, şəriətə qayıtmaq ideyaları xalq kütlələri arasında geniş yayılmışdı. Sultan Əhməd, sələfləri olan Sultan Yaqubun və Uzun Həsənin islahatlarını,bu ideyaları təmin etmək istəyirdi.O, bu siyasəti həyata keçirərkən mərkəzi dövlət aparatının möhkəmləndirilməsində maraqlı olan ruhanilərə, ordusuna və mülki məmurlara arxalanırdı.Nəhayət, Əhməd bəy öz səyləri nəticəsində Azərbaycan və Şərqi Anadoluda nəzarət etdikləri ərazidə əmirləri özünə tabe etməyə nail oldu.Lakin mərkəzi hökumətdən ayrılmış Cibəl Azərbaycanı və Fars əyalətində vəziyyət fərqli idi.Əhməd bəyin bu mərkəzləşmə siyasəti mənfi nəticələndi və ordusunun müqaviməti ilə üzləşdi.
Digər tərəfdən Əhməd bəy öz islahatlarını həyata keçirməyə çalıçarkən,ən yaxın əmiri və sirdaşı olan Əli Xanın oğlu Hüseyn bilinməyən bir səbəbdən ötrü Müzəffər bəy Pornəki həbs etmiş,sonra da onu öldürtmüşdü. Bu xəbər Şiraz valisi olan qardaşı Qasım bəy Pornəkə çatdıqda o, üsyan etmək qərarına gəldi. Bu səbəbdən də özü ilə hərəkət edəcək birini axtarmağa başladı. Nəticədə Eybə Sultana müraciət etdi. Bu təklif bir gün öldürülmə növbəsinin ona çatacağını düşünən Eybə Sultan tərəfindən müsbət qarşılandı. Nəticədə Qasım bəy Pörnəkin ordusu Eybə Sultanın ordusu ilə birləşdi. Daha sonra Eybə Sultan Qasım bəylə Yaqub bəyin oğlu Murad bəyi Şiraz valisi təyin etmək məsələsində razılaşdı. Şübhəsiz ki, Eybə Sultan Əhməd bəyin vergi islahatları nəticəsində gəlirlərinin azalmasına qarşılıq verirdi.Həsən bəy Rumlunun dediyinə görə, üsyançılar öz təbəələrindən, xüsusilə Əhməd bəyin iki bilikli müşaviri Məhəmməd Sədrəddin və Cəlaləddin Dəvanidən külli miqdarda pul almışdılar.Əhməd bəy ona qarşı qurulan ittifaqdan xəbər tutaraq Ağqoyunlu ordusu ilə hərəkətə keçdi.İki ordu 1497-ci ilin qışında İsfahan yaxınlığında Həsən Mazi adlı yerdə qarşılaşdı.Lakin Sultan Gödək Əhmədin adamları bu döyüşə hazır deyildi.Eybə Sultan bu vəziyyətdən istifadə edib bu döyüşdə Əhməd bəyi öldürür.
Beləliklə, əmirlərin xəyanəti nəticəsində məğlub olan və öldürülən Əhməd bəyin hakimiyyəti sona çatır. Onun hakimiyyəti təxminən bir il davam etmişdi. Sultan Əhməd hakimiyyətinin əsasını möhkəmləndirmək üçün hökumət dəyişdərməyə adət etmiş macəraçı bəyləri aradan aparmaq istədisə də, onlar daha qabaqdan hərəkətə keçib üsyan etdilər və Sultan Əhmədi öldürdülər. Bir il sultanlıq edə bilən Sultan Əhməddən sonra, hərc-mərclik daha da artdı. Sultan Əhməd həyatında çox rəiyyətpərvər və adil bir hökmdar idi. Ədiblərə və şairlərə hörmət edib Nöqtəçi oğlu adlı bir şeyxin nəsihətlərindən çıxmazdı.Sultan Gödək Əhməddən sonra Ağqoyunlu əmirləri neçə dəstə olub,Uzun Həsənin oğlu Yusif bəyin iki oğlu Əlvənd və Məhəmməd bəyi və Sultan Yaqubun oğlu Murad bəyi müxtəlif yerlərdə sultan elan etdilər və daxili savaşlara başladılar.Bu savaşlarda əmirlərin bir çoxu və Məhəmməd bəy öldülər.Bu çəkişmələr nəticəsində xalq pərişan, ölkə isə xaraba olmuşdur.Ordu əmirlərinin əlində oyuncaq halında olan Sultan Əhməddən sonrakı gənc sultanlar zamanında xəzinədə pul qalmadığımdan və əmirlərin mərkəzi tanımamasından çətin vəziyyətdə qaldılar.
Ailəsi:
Sultan Gödək Əhməd bəyin Osmanlı Sultanı II Bayazidin qızı Aynişah Sultanla evliliyindən 3 qızı və 1 oğlu var idi.
Nəslihan Sultan – dayısı Şahzadə Əhmədin oğlu Ələddin Əliylə evlənmişdir.
Hvandi Sultan – Kastamonu sacaqbəyi Sunullah bəylə evlənmişdir.
Xanzadə Sultan – 1508-ci ildə Malkoçoğlu Yəhya Paşanın oğlu Bali bəylə evləndi.
Oğlu:
Zeynəlabdin bəy –Gödək Əhmədin taxta çıxdığı gün anadan olmuşdur.
Sultan Əhmədin ölümündən sonra Ağqoyunlu dövləti 3 yerə parçalandı:
Məhəmməd Mirzə -Yəzd və Fars vilayətlərində;
Əlvənd Mirzə - Azərbaycanda;
Qasım Mirzə-Mardin və Diyarbəkirdə.
Ağqoyunlu Sultanlarının Sultan Gödək Əhmədə qədər şəxsi qoşunu 25 min süvari və 10 min piyadadan ibarət olmuşdur.Vilayətlərdən yığılan qoşunlar da buraya əlavə edildikdə bu qoşun sayı 70-100 min nəfərə çatardı.
Ardı var