İngiliscədən çevirəni: Ofeliya Məmmədova
(Hekayə)
Dedi, bütün bunlar ona yuxu kimi gəlir.
O, yazıçı idi, bir kitab üzərində aylarla, bəlkə də illərlə işləyir, amma beynindəkiləri kağıza köçürə bilmirdi.
Demək istəyirəm, yalnız beyni işləyir, daim düşünürdü. Kitab beynində doğulurdu, sonra da məhv olurdu.
Onun düşüncələrində və xəyalında müxtəlif obrazlar yaranır, ora-bura qaçır, gah qabağa, gah da arxa plana keçirdilər.
Deyəsən, nəyisə yaddan çıxardım axı; deyim, onu da biləsiniz: sizə bir məşhur ingilis romançısı barədə söz açmaq, onun başına gələn əhvalatı söyləmək istəyirəm.
O, bu əhvalatı mənə Londonda özü danışıb; onunla şəhərdə bir neçə saat gəzib-dolaşdıq.
Yadımdadır, Temza çayı sahilində gəzişəndə o, məhv olmuş romanı barədə danışdı.
Bir gün axşamüstü otelə, yanıma, gəldi; söhbət zamanı bir neçə əsərimdən də söz açdı, sonra əlavə etdi:
- Bəzən düz nöqtəyə vurur, adamın ürəyindən lap tikan çıxarırsınız…
Axırda belə qənaətə gəldik ki, əslində, heç bir qələm sahibi düz hədəfi vurmur.
Bir yazıçı buna nə vaxtsa azı bircə dəfə nail olubsa, kimsə, həqiqətən, düz hədəfi vurub, arzuladığı zirvəyə çatıbsa… onda təzədən qələm götürüb yazmağın mənası varmı?
Amma bilirsiniz ki, bəzi yaşlı ədiblər, buna müəyyən mənada nail olublar.
Məsələn, bəlkə elə Kitsi, ya da Şekspiri götürək? Bəs, Corc Barrou, yaxud Daniel Defonu götürsək necə olar?
Düz yarım saat adları sadaladıq. Sonra birgə nahar eləməyə getdik, ardınca da piyada gəzdik.
Həmkarım balacaboy, qarabuğdayı, əsəbi adam idi; pırtlaşıq saçları şlyapasının altından əlçim-əlçim çıxmışdı.
Onun ilk kitabı barədə söhbətə başladım.
Yazıçı həmkarımın qısa tərcümeyi-halı belədir: İngiltətə kəndlərinin birində doğulub, yoxsul fermer oğludur; ənənəvi olaraq o biri yazıçılardan fərqlənmir, erkən yaşından yazmağa başlayıb.
Təhsil-filan almayıb, iyirmi yaşında evlənib. Görünür, arvadı çox ədəbli və mehriban qadın imiş.
Yaddaşım aldatmırsa, həmkarımın arvadı ingilis kilsə xadimlərindən birinin qızı idi.
Onun ərini cahil saydığına zərrə qədər də şübhə etmirəm.
- Arvadım da məni ədəbli və həssas adam kimi tanıyırdı. Lənət şeytana! - arvadını xatırlayarkən mızıldandı. - Mən həssas-filan deyiləm, hər cür zəriflikdən də zəhləm gedir.
Həmin axşam London küçələrini veylləndik, arabir pivəxanalardan birinə girib-çıxır, biri-birimizə daha yaxından tanımağa çalışırdıq.
Yadımdadır, ehtiyat üçün hərəmizə bir şüşə pivə də götürdük - birdən başımız söhbətə qarışar, pivəxanalar bağlana bilərdi.
Həmkarıma özüm və sərgüzəştlərim barədə danışdıqlarım yadımda deyil; o, isə elə hey arvadını bütpərəst etmək istədiyindən, lakin qadında bütpərəstlik-filan nişanəsi tapmadığı barədə danışırdı
İki uşaqları dünyaya gəlib. Qəfildən də yazmağa başlayıb; sən demə, yazmaq üçün alışıb-yanırmış, bu, heç də pis məşğuliyyət deyilmiş.
Belə şeylərdən, yəqin, xəbərdarsınız, bu cür adam yazırsa, deməli, dəyərli bir şey yazır. Həmkarım həm də yaşadığı ingilis şəhərciyində kontor xidmətçisi kimi çalışırdı.
Elə ki, yazmağa başlayıb, əlbəttə ki, həm xidməti işlərinə, həm də arvad-uşağa göstərdiyi diqqəti get-gedə azaltdı.
Gecələr küçədə-bayırda gəzib-dolanmağı sevirdi. Arvadı da onu dəfələrlə danlamışdı; qadının qəlbini bərk narahat bürümüş, ərinin laqeydliyi onu əsəbləşdirməyə başlamışdı. Başqa cür necə ola da bilərdi axı!
Hansı qadın ərinin laqeydliyinə, işə dəlicəsinə vurulub ailəni yaddan çıxarmasına tab gətirə bilər axı? Əlbəttə, əsl sənətkarları nəzərdə tuturam; bu cür adamlardan çox yaxşı məşuq çıxar, belələri yalnız həqiqi sevgili ola bilərlər.
Elə bu cür adamlar da bəzən şəxsi sevgilərini amansızcasına həyatın dibinə atırlar.
Həmkarımın ailə vəziyyətini təsəvvür edə bilərsiniz; kirayələdiyi mənzilin yuxarı mərtəbəsində kiçik bir yataq otağı vardı; o, işdən qayıdan kimi yuxarı qalxır, yataq otağının qapısını arxadan bağlayırdı.
Hətta bəzən yemək-içməyi belə unudur, gün ərzində arvadı ilə bir kəlmə belə kəsmirdi.
Yazır, elə hey yazır, yazdıqlarını da zibil yeşiyinə tullayırdı. Çox keçmədi ki, xidməti işini itirdi.
- Cəhənnəm olsun iş! – Arvadına qəzəblə bildirdi.
Xidməti iş-gücün və arvad-uşağın ondan ötrü heç bir əhəmiyyəti yox idi. Xidməti iş, ailə, arvad-uşaq nə deməkdi axı? Bu dünyada mərhəmətsiz adamlar da olmalıdır, ya yox?
Amma çox keçmədi ki, ehtiyac evinin qapısını döydü.
Budur, o, yenə ikinci qatdakı otaqda oturub, qapını arxadan bağlayıb yazır; kirayə mənzil darısqal, kiçikdir, uşaqların səs-küyü mənzili başına götürüb. “Yaramaz köpək uşaqları!”- o, donquldanır. Əslindəsə fikrində ayrı şeylər dolaşır - onun nə demək istədiyini bilirəm
Hə, bu məqamda arvadı pilləkənlə qalxıb qapının ağzında oturur, unun ağlartı səsi gəlir; qadının qucağındakı uşaq da ağlamağa başlayır, o da bütün bunları eşidir…
- Gör məndə necə səbir var! - İngilis romançısı dilləndi, sonra sir-sifətini turşudub əlavə etdi: - Amma həm də ürəyiyumşaq, mərhəmətliyəm! Qoy cəhənnəm olsunlar!
Təsəvvür edirsiniz, o, qəfildən arvadı haqqında yazmağa başlayır. Qadını ilk romanının baş qəhrəmanı olur; həmin roman həmkarımın ən yaxşı əsəri də ola bilərdi.
Qadının bütün məşəqqətlərinə belə incə həssaslıq göstərmək, eyni zamanda da şəxsi həyatda onunla amansız və kobud rəftar etmək necə ola bilər?! Nə olsun ki? Qəlbimiz varsa, o qəlb nəyisə anlayırsa, deməli, müəyyən dəyəri var, elə deyil?
Hə, iş o yerə çatmışdı ki, ər-arvad bircə dəqiqə belə dava-dalaşsız keşinə bilmirdilər.
Sonra günlərin birində gecə vaxtı necə oldusa arvadını vurdu; işlədiyi otağın qapısını bağlamağı unutduğundan arvadı da içəri girmişdi; həmin anlarda o, arvadıyla bağlı nəsə yazırmış, həmin parçanın mahiyyətinə varmaq istəyib - əsərin uğurlu bir yeri alınacaqdı!
Güman ki, yazı-pozu tayfası onun düşdüyü vəziyyəti yaxşı dərk edər!
Həmin məqamda cin həmkarımın təpəsinə cin vurur, o da arvadına bir zərbə endirir, beləcə, qadının qıçı sınır.
Bəs, sonra nə oldu? Axırda qadın çıxıb atası evinə getdi. Başqa cür ola da bilməzdi axı! Həmkarım, nəhayət, əsəri bitirdi. Ortaya gerçək roman çıxdı.
İndi onun məhv olmuş romanına keçək..
Belə kii, arvadı atıb gedəndə sonra həmkarım Londona köçür, təkcə yaşayır. OGünlərin birində yeni roman yazmaq qərarına gəlir.
Bu yerdə qeyd etməliyəm ki, o, ilk romanından sonra tanınmış, hər halda, buna nail olmuş, hətta təriflənmişdi də. İkinci romanı da birinci kimi çox çətinliklə başa gəldi. Bu, bəlkə də müvəqqəti hal idi.
Əlbəttə, peşimanlıq hissi keçirir, arvadıyla o cür rəftar etdiyinə görə xəcalət çəkirdi. Yeni romanını yazmağa başlayanda bu cür ağır fikirlərdən qurtulacağına ümid bəsləyirmiş.
Lakin dedi ki, bütün o hadisələrdən bir-iki il sonra yazdıqları heç şeyə yaramayıb, elə bil, sözlər kağıza taxta parçaları kimi düzülürmüş, yazdığında həyatdan əsər-əlamət yox imiş.
Həmkarımın bu halı aylarla davam edib, nəticədə guşənişin adama çevrilib. Bəs arvad-uşağının taleyi necə olub?
Dediyinə görə, arvadına davamlı pul göndərib, hətta bir dəfə də baş çəkib. Arvadı atasıgildə yaşayırmış, həmkarım bir gün onlara gedib, arvadını çağırıb, bayırda gəziblər.
-Sanki lal olmuşduq, dinib-danışa bilmirdik, - həmkarım deyirdi, – Arvadım ağlayır, məni dəli adlandırırdı. Gözlərimi bərəltdim, həmin məqamda eynilə ona zərbə ilişdirdiyim andakı vəziyyətə düşdüm. Arvadım qorxdu, dönüb qaçdı, mən də çıxıb getdim…
Həmkarım dəyərli roman yazmışdı, əlbəttə, ikincisini də yazmaq fikrindəydi.
O, romanın obrazlarını, orda cərəyan edən müxtəlif hadisə və vəziyyətləri təsəvvüründə canlandırırdı.
Saatlarla yazı masası arxasında oturur, elə hey yazır, sonra küçəyə çıxıb veyllənir, elə onunla gəzdiyimiz küçələri dolaşırdı; lakin istədiyi alınmırdı ki, alınmırdı.
Bununla bağlı hətta nəzəriyyəsi də ortaya çıxdı; iddia edirdi ki, ikinci roman doğulmamış körpə kimi onun içindədir,
Arvad-uşağı barədə düşünəndə vicdan əzabı çəkir, deyirdi, ailəsini sevir, amma onları görmək istəmir.
Bəzənsə ona elə gəlirdi ki, arvad-uşağına nifrət edir.
Bir dəfə axşamçağı daxilində qəribə təlatüm və qarışıq duyğular çarpışması başladı (bu zaman artıq uzun müddət idi ki, insanlardan uzaqlaşmışdı), həmin məqamda da ikinci roman yazdı.
Hadisə bu cür baş verdi: bütün günü Londonun kasıb məhəllələrinin birində kirayələdiyi kiçik otaqda qaldı; səhər tezdən durdu, səhər yemək yemədən qələmi götürdü
Lakin həmin gün yazdıqlarının hamısı zəif çıxdı.
Saat üçdə adəti üzrə küçəyə çıxdı, özüylə bir dəstə kağız da götürdü.
- Mənə elə gəlirdi, hər an yazmağa başlaya bilərəm,- həmkarım deyirdi.
Beləliklə, o, Hayd Parka getdi; hava günəşli, təmiz idi. Parkda çox adam gözə dəyirdi. Skamyaların birində oturdu. Dünəndən dilinə bir şey dəyməmişdi. Oturandan sonra qərara aldı ki, bir üsul tapıb sınasın.
Eşitmişəm ki, bəzi cavan parisli şairlər bu cür üsullardan istifadə edir, həm də belə şeyə çox ciddi münasibət bəsləyirlər.
O da belə bir üsuldan istifadə etməyi qərarına gəldi; üsul “avtomatik yazı” adlanıır. Qələmi kağız üzərində gəzdirə-gəzdirə ağlına gələn söz və ifadələr yazmağa başladı.
Əlbəttə, kağızda qarmaqarışıq, mənasız söz yığını peyda oldu.
Axırda bu üsuldan imtina etdi, oturduğu yerdəm ötüb-keçənlərə tamaşa etməyə başladı.
Özünü yorğun hiss edirdi; sanki müddət idi ki, vurulmuşdu, lakin əli ona çatmırdı.
Tutaq ki, qarşılarında maneələr var; qadın ərdədir, yaxud o da evlidir. Bir-birləri ilə baxışırlar, o baxışlarda nələr var, Allah bilir! Amma heç nə dəyişmir.
Onlar elə hey gözləyirlər. Çoxlarının həyatı elə gözlənti içində ötüb keçir.
O, qəflətən yeni romanını yazmağa başladı; süjetdə, əlbəttə, əsas yeri kişi və qadın tuturdu - onlar bir-birlərini sevirdilər.
Belə yazıçının ayrı mövzusumu ola bilərdi? Danışırdı ki, arvadı barədə çox düşündü, ona qarşı amansızlığını çox götür-qoy etdi.
O, yazmağa davam etdi. Beləcə ötdü, gecə düşdü. Xoşbəxtlikdən Ay da çıxmışdı. Amm hələ də yazırdı.
Deyirdi, hələ ömründə belə yazmaq ehtirası duymamışdı; ona elə gəlirdi, bundan sonra bir də heç vaxt belə ilham duymayacaq.
Saatlar ötür, o, hələ də parkdakı skamyada oturub elə hey dəlicəsinə yazırdı. Beləliklə, romanı birnəfəsə yazdı, sonra da evə yollandı.
Heç vaxt bu qədər xoşbəxt və məmnun olmamışdı.
- Düşünürdüm, arvad-uşağıma borcumu qaytardım, hamıya və hər şeyə borcumu ödədim, - dedi. – Bunu heç vaxt bilməsələr belə, yenə vecimə deyil.
Qəlbindəki bütün məhəbbəti, sevgini romana vermişdi. Evə qayıdıb əlyazmanı yazı masasının üstünə qoydu.
İlahi, necə böyük həzz, necə məmnunluq duyurdu! Dünyada yaxşı bir şey yaratdığını dərk etməkdən gözəl nə ola bilər?!
Sonra çıxdı, nahar etmək üçün gecə restoranlarından birinə getdi.
Yeyib-içəndən sonra kücəyə çıxıb veyllənməyə başladı; neçə saat avaralandığını sezmədi. Evə qayıdanda səhər artıq açılmışdı, yıxılıb yatdı, bütün günü də qalxmadı.
Yuxudan oyananda əvvəlcə yeni romanını nəzərdən keçirmək istədi.
- Bilirdim ki, roman-filan yoxdur, – həmkarım söhbətini tamamlamaq istədi, – Masamın üstündə ağ kağızlardan başqa bir şey yox idi. Hər halda, – o, sözünü bitirdi, - bir şeyi bilirdim: daha heç vaxt belə gözəl roman yaza bilmərəm.
Həmkarım sözünü bitirib qəhqəhə çəkdi.
Düşünürəm ki, həyatda nəyə güldüyünü dəqiq deyə bilən az adam tapılar. Özümüzü niyə aldadırıq axı? Bəlkə, elə dünyada onlarla bu cür adam var?