Tövlələrə də icazə gəlir: Bəs varlıların ferması?


Azərbaycanda kənd təsərrüfatı və maldarlıq sahəsində fəaliyyət göstərən fermerlər üçün tövlə tikintisi ilə bağlı qaydalar sərtləşdirilib.

Artıq hər kəs istədiyi kimi tövlə qura bilməyəcək, yalnız müəyyən şərtləri ödəyən şəxslər rəsmi icazə ilə tikinti apara biləcək.

Qaydalara görə, tövlə yaşayış evlərindən və qonşu ərazilərdən müəyyən məsafədə olmalıdır ki, qoxu və çirk problemləri yaranmasın. Əksər yaşayış məntəqələrində tikinti üçün bələdiyyə və icra orqanlarından icazə tələb olunur.

Tikilinin divarları möhkəm materiallardan hazırlanmalı, tavan hündürlüyü ən azı 2,5 metr olmalıdır. Döşəmə suyun asanlıqla axmasını təmin edəcək şəkildə meyilli olmalı, tövlədə kifayət qədər havalandırma və işıqlandırma olmalıdır.Fermerlər isə bu yeniliyi narahatlıq və etirazla qarşılayır.

Onların fikrincə, əlavə məhdudiyyətlər heyvanların saxlanmasını çətinləşdirə və fəaliyyətlərini məhdudlaşdıra bilər.Bu kənd təsərrüfatı fəaliyyətinə, xüsusilə kiçik fermerlərə necə təsir göstərəcəyi gözlənilir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, kənd təsərrüfatına yararlı və yararsız ərazilərin dəqiq qeydiyyatı aparılmalıdır:

“Təəssüflər olsun ki, uzun müddətdir bir çox qaydalar, qanunlar, eləcə də real vəziyyətə uyğun olmayan sənədlər qəbul olunur. Gərək dövlət tərəfində kənd təsərrüfatına yararlı olan və olmayan ərazilərin dəqiq qeydiyyatı aparılsın.

Belə bir qayda və qanun qəbul edilirsə, mütləq bunlar nəzərə alınmalıdır. Çünki Azərbaycanda yerli məmurlar heç də fərqinə varmır ki, o torpaqlar əkin üçün yararlıdır, yoxsa yararlı deyil.

Biz yerlərdə araşdırma aparanda görürük ki, örüş əraziləri məmurlar və imkanlı şəxslər tərəfindən alınıb. Əslində o ərazilər satılmalı deyildi. Ona görə ki, həmin örüş ərazilər yalnız əhalinin istifadəsinə verilib.

Yerli əhali heyvandarlıqla məşğul ola bilər, bu məqsədlə verilib. Biz görürük ki, həmin örüş ərazilər imkanlı adamlar tərəfindən ələ keçirilib və örüş ərazilərində fermalar tikilib, xırdabuynuzlu heyvanlar üçün yataqlar tikilib”.

Onun sözlərinə görə, bu formada torpaqlar ələ keçirilir, orada tikinti işləri aparılır və nəticədə həm örüş, həm də əkin sahələrimiz azalır:

“Çoxsaylı faktlar var ki, əkin sahələrində də heyvanlar üçün fermalar inşa etdirilib. Buna qətiyyən yol vermək olmaz. Hər bir kənddə, hər bir regionda kifayət qədər ərazilər var ki, kənd təsərrüfatına yarasızdır. Necə ki, bu əraziyə yaxın yaralı sahələrdə var, orada imkan yaratmaq lazımdır ki, yataqlar həmin ərazilərdə tikilsin.

İndi texnologiya imkan verir ki, yataqlar və yaxud fermalar bir neçə mərtəbəli ola bilər. Daha az ərazidə daha çox heyvan saxlanıla bilər, yəni orada hündürlük imkan verə bilər ki, daha çox heyvan saxlanılsın.

İndiki qaydalar yalnız yerli məmurlara əlavə imkan yaradır ki, onlar icazələri verəndə rüşvət alsın. Ümumiyyətlə, Azərbaycanda görürük ki, hər hansı qanun və qayda tətbiq ediləndə mütləq ondan məmurlar bəhrələnirlər.

Məsələn, konkret bir fakta nəzər salaq, qanuna görə müasir bağçılığa görə fermerlərə yüksə məbləğdə subsidiya verilir. Belə ki, nazirliyin nümayəndələri bölgələrə səfər edirlər, onlar köhnə bağlarda müasir bağçılığa dair yeni görüntü yaradırlar ki, guya orada moderin bağlar salınıb. Sonradan ayrılan subsidiya məmurla və fermer arasında bölüşdürülür”.

Ekspert qeyd edib ki, qaydalar elə olmalıdır ki, orada hər hansı qanun pozuntusuna, rüşvətxorluğa yol verilməsin:

“Hesab edirəm ki, belə qanunların nə ölkəmizə, nə də kəndlilərə bir xeyri var. Biz çalışıb əkinə yararlı, örüş ərazilərimizi qorumalıyıq. Əgər həmin torpaq ərazilərimizi qorumasaq, gələcəkdə Azərbaycanda kənd təsərrüfatında çox ciddi problemlər olacaq. Yəni tikililər qalacaq, amma heyvanları otarmaq üçün ərazi tapmaq mümkün olmayacaq. Dövlət bu haqda ciddi düşünməlidir”.


MANŞET XƏBƏRLƏRİ