Azərbaycanda yeni qadağa narazılıq yaratdı: icazə almalısınız – TARİX


1 yanvar 2026-cı il tarixindən etibarən mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan şəxslər kənd təsərrüfatı təyinatlı tikililəri yalnız müvafiq icazə alaraq inşa edə biləcəklər. Söhbət hündürlüyü 5 metrə, ümumi sahəsi isə 100 kvadrat metrə qədər olan tikililərin qurulmasından gedir.

Bundan başqa, qanun layihəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi 60 kubmetrə qədər, dərinliyi isə 5 metri aşmayan quyuların, yeraltı su və çirkab su anbarlarının, eləcə də həcmi 200 kubmetr olan hovuzların inşası üçün də icazə tələb olunacaq. Bu qərar əsas gəlirini kiçik təsərrüfat tikililərindən əldə edən fermerləri ciddi narahat edib. Bildirilir ki, dəyişiklik kəndlinin işini daha da çətinləşdirəcək.

Qərar vətəndaşların narazılığı əsasında ləğv edilə bilərmi?

Globalinfo.az-a danışan əmlak eksperti Mülkədar Rüstəmov bildirib ki, sözügedən qərarın qəbul edilməsi üçün müəyyən əsaslar olmalıdır:

“Səbəb isə regionlarda əkin üçün ayrılmış torpaqlarda kiçik fermer təsərrüfatlarının inkişafını görməkdir. Hazırda bunu əsasən taxıl və pambıq sahələrində müşahidə edə bilirik. Kənd yerlərində vətəndaşların dolanışıqları mal-qaradan və toyuqçuluqdan asılıdır, çünki əksəriyyət süd-qatıq və yumurta satışı ilə dolanır. Hazırda kəndlilərdə bu şərtləri yerinə yetirəcək qədər potensial və imkan yoxdur. Hər kəs kiçik tövlələr tikərək nələrsə etməyə çalışır. Məsələn, bir kənd sakini 20, digəri isə 100 quzu saxlayır. İmkanı olanlar böyük fermalar qura bilərlər, bəzi fermerlərin 2-3 min heyvanı var. Yəni belə şərtlər yalnız imkanlı şəxslərə şamil olunmalıdır, çünki onlar artıq böyük sahibkar hesab edilirlər. Kiçik həcmli tövlə tikən kənd sakinlərinə bu şərtləri diktə etmək məntiqsizdir”.

Azərbaycanda yeni qadağa narazılıq yaratdı: icazə almalısınız - TARİX

Mülkədar Rüstəmov

Ekspert deyib ki, bu qərar dövlətlə kəndlini üz-üzə qoyur:

“Kəndlinin son ümid yeri onsuz da dövlətdir. Belə olan halda qanun tətbiq edilərsə, problem yarana bilər. Hazırda işsizlik səbəbindən kənd yerlərindən Bakıya güclü köç var və yeni qərar onları küsdürəcək, kənddən uzaqlaşmalarına səbəb olacaq. Qanun kənd təsərrüfatı tam oturuşan zaman lazımdır. Böyük fermerlər üçün standartlar tətbiq oluna bilər, lakin sadə, kiçik kəndlilərə bunu etmək düzgün deyil”.


MANŞET XƏBƏRLƏRİ