“Məhsəti Gəncəvi çempion olub” – Şeyx Əbdüldən ilginc fakt


“Bu cür dəyər məsələləri kökündən həll olunmalıdır. Fərdi şəkildə heç nəyə nail ola bilmərik. Əxlaqi dəyərləri qorumaq üçün müəyyən addımlar atmağı bacarmalıyıq. Neçə illərdir ki, içimizdə təxribatlar törədilirlir”.

Turkustan.az bildirir ki, bu sözləri “Yeni Sabah”a Xalq artisti Əbdül Mahmudbəyov (Şeyx Əbdül) deyib.

O, geniş müzakirə doğurmuş “Məhsəti” filminə bir qrup ziyalının etirazından danışıb.

İddialara görə, həmin ziyalılar filmlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.

Ə. Mahmudbəyov həmin qrupda olmadığını diqqətə çatdırıb:

“Fərdi şəkildə kimisə məhkəməyə vermək şapalaqla üz qızartmaq kimi bir şeydir. Əslində, bu cür məsələlərlə bağlı qanun qəbul olunmalıdır. Ölkədə əxlaq polisi yaradılmalıdır. Bu qızları (rejissor Suad Qara və aktrisa Fərqanə Abdulla – red.) tutsaq nə olacaq ki? Onların düşüncəsi və əxlaqı belədir. Uzaq başı gedəcək Avropaya, orada başqa oyunlardan çıxacaq. Bunu yaradan səbəbi və bu həddə çatdıran problemi tapmaq lazımdır”.

Xalq artisti filmə baxmadığını diqqətə çatdırıb:

“Xəstə olduğum üçün ARKA-ya (Azərbaycan Respublikası Kino Agentliyi – red.) gedə bilməmişəm. Bütün dostarımla zəngləşmişəm, heç biri həmin filmə sona qədər baxa bilməyib.

Suad Qara filmi öz pulu ilə çəkib. “Məhsəti”yə dövlət vəsait ayırmayıb. Filmdə Suad xanım öz əxlaqını qoyub ortalığa. Onu da məhkəməyə verməklə heç nə dəyişən deyil. Qanun və cəza sistemi olmalıdır. Əks halda fərdi şəkildə heç nə etmək mümkün deyil”.

Şeyx Əbdül Məhsəti Gəncəvinin əxlaq və mənəviyyatı təbliğ edən bir qadın olduğunu deyib:

“Uzun illər orta əsrlərin tədqiqatı ilə məşğul olmuşam. Bildirim ki, Məhsəti Gəncəvi həmin dövrdə dövlət strukturlarında əxlaqi dəyərlərə xidmət edən şuranın rəhbəri olub. O, Azərbaycan poeziyasında rübai janırını yaradanlardan biridir. Şərq qadınları arasında şahmat çempionu seçilib. Hətta o, məclislərə gecikəndə hər kəs sakitcə oturub onun gəlişini gözləyirmiş, onun gəlişindən sonra məclisə başlayırmışlar.

Nizami Gəncəvi “Sirlər Xəzinəsi”ndə də onun haqqında yazıb. Əsərdə Sultan Səncərin bir qarı ilə söhbəti var. Həmin epizod Məshəti Gəncəviyə ithaf olunub. Şah saraylarında əxlaq və mənəviyyatı təbliğ edən bir qadın haqqında bu cür təbliğat aparmaq mədəniyyətsizlikdir. Bunların hər biri savadsızlıqdan irəli gəlir.

Rübaidə də eşqdən, məhəbbətdən, sevgidən bəhs olunur. Janrın üslubu bu cürdür. Rübai janrını da Qətran Təbrizi yaradıb.

Bu xanımın (Suad Qara – red.) etdikləri də mənəvi xəyanətdir!”.


MANŞET XƏBƏRLƏRİ