G7-dən husilərə sərt xəbərdarlıq: Hücumları dərhal dayandırın!


G7 ölkələri Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını qətiyyətlə pisləyib.

Turkustan.az xəbər verir ki, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Kanada xarici işlər nazirləri, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Bab əl-Məndəb boğazında naviqasiya azadlığı ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda Yəməndəki vəziyyətin regional və enerji təhlükəsizliyi, eləcə də Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçilik azadlığı üçün “qəbuledilməz təhdid” yaratdığı bildirilib.

G7 ölkələri xüsusilə Səudiyyə Ərəbistanında mülki şəxsləri və infrastrukturu hədəf alan Husi hücumlarını qətiyyətlə pisləyib və Səudiyyə Ərəbistanının qanuni hökuməti ilə həmrəy olduqlarını bəyan ediblər.

Husilər mülki dəniz nəqliyyatına qarşı hərbi əməliyyatları, təhdidləri və hücumları dərhal dayandırmağa çağırılıb.

Bəyanatda həmçinin İrandan husilərə silah dəstəyini dayandırması tələb olunub. Bu cür fəaliyyətlərin regional gərginliyin və münaqişələrin daha da artması riskini yaratdığı vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ