ABŞ prezidenti Donald Tramp əvvəllər Demokratları “kommunist” adlandıraraq tənqid etdiyi Nyu-York meri Zöhran Mamdani ilə görüşüb.
Turkustan.az xəbər verir ki, Ağ Evdə keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən Tramp Mamdaninin Nyu-York üçün “əla mer” olacağına ümid etdiyini bildirib.
Qapalı görüşdən sonra keçirilən mətbuat konfransında Tramp və Mamdani əvvəlki görüşlərindən fərqli olaraq səmimi və mehriban görüntü sərgiləyiblər. Mamdani görüşdə münasib qiymətə mənzil və immiqrasiya məsələləri də daxil olmaqla bir sıra mövzuların hərtərəfli müzakirə edildiyini deyib. O, tərəflər arasında fikir ayrılıqları barədə isə ətraflı məlumat verməyib.
Mamdani Trampın CNN, MS NOW və Politico-nun Ağ Ev ərazisinə girişinə qoyulan məhdudiyyətlərlə bağlı mövqeyinin soruşulmasına da münasibət bildirib.
“Mən prezidentə dedim ki, burada bütün mətbuat nümayəndələrini qarşılayacağıq və mən buna inanıram”, - deyə, Mamdani bildirib.
Aytən Yaşar/ Turkustan.az