Bakıda qiyməti 3 milyon düşən villanın sahibi – Siz də tanıyın


Bakıda uzun illərdir satışda olan və qiyməti növbəti dəfə 3 milyon manat aşağı salınan dəbdəbəli villanın kimə məxsus olması ilə bağlı maraqlı detallar üzə çıxıb.

İqtisadiyyat.az-ın məlumatına görə, Nəsimi rayonunda, Tiflis prospektinin yaxınlığında yerləşən 1500 kvadratmetrlik malikanənin satış qiyməti hazırda 12 milyon manatdır. 35 sot torpaq sahəsində yerləşən, 10 otaqlı mülk uzun müddətdir satışdadır.

Söhbət böyük ehtimalla Rusiyada yaşayan azərbaycanlı milyarder, “LUKoyl”un sabiq prezidenti Vahid Ələkbərovun adına çıxarılan həmin məşhur villadan gedir. Belə ki, 2020-ci ilin mayında bir sıra Azərbaycan media orqanları Tiflis prospektində yerləşən, “Avropa” otelinin və Heydər Əliyev adına İdman Sarayının yaxınlığındakı dəbdəbəli malikanənin Vahid Ələkbərova məxsus olduğunu yazıb. Həmin vaxt villa 15 milyon manata satışa çıxarılmışdı.

Mediada yayılan məlumatlarda malikanənin 36 sot torpaq sahəsində yerləşdiyi, ümumi tikili sahəsinin isə 1500 kvadratmetr olduğu bildirilirdi. Villanın xüsusi dizayn edilmiş mebellər, lampalar, qab-qacaq və rəsm əsərləri ilə təchiz olunduğu, həyətyanı sahəsində meyvə və dekorativ ağacların olduğu qeyd edilirdi.

Həmin xəbərlərin əsas mənbəyi tanınmış iqtisadçının paylaşımı olub. O, villanın məhz Vahid Ələkbərova məxsus olduğunu bildirərək onun 15 milyon manata satışa çıxarıldığını yazmışdı. Hazırkı elandakı 1500 kvadratmetrlik tikili və təxminən 35 sotluq torpaq sahəsi 2020-ci ildə mediada Ələkbərovun villası kimi təqdim edilən obyektin göstəriciləri ilə demək olar ki, üst-üstə düşür.

Vahid Ələkbərov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Daha maraqlısı odur ki, 2025-ci ilin fevralında Bakıda Tiflis prospektində 17 milyon manata satışa çıxarılan başqa bir “saray” tipli villa barədə də mediada Vahid Ələkbərovun adı çəkilib. Həmin vaxt yerli media yazırdı ki, mülkün sahibinin kimliyi dəqiq bilinməsə də, sosial şəbəkələrdə onun Ələkbərova aid olduğu iddia edilir. Əgər hazırda satışda olan villa 2020-ci ildə 15 milyon manata Ələkbərova aid olduğu bildirilən həmin mülkdürsə, son altı ildə qiymət daha 3 milyon manat aşağı düşüb. Başqa sözlə, mediada sənədləşən 15 milyon manatlıq qiymətlə müqayisədə endirim 20 faiz təşkil edir.

Üstəlik, Burada diqqətçəkən başqa məqam da var. 2025-ci ildə Tiflis prospektindəki 17 milyon manatlıq villa ilə bağlı xəbərlərin yayılması göstərir ki, bu ərazi Bakının ən bahalı fərdi yaşayış obyektlərinin cəmləşdiyi məkanlardan biri olaraq qalır.

Vahid Ələkbərov Bakının neft sənayesi ilə sıx bağlı olan və Rusiyanın “LUKoyl” şirkətini 1993–2022-ci illərdə idarə etmiş azərbaycanlı biznesmendir. O, Bakı doğumludur və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur.

Musavat.com


MANŞET XƏBƏRLƏRİ