İsrail hökuməti müharibənin yeni hədəfini açıqladı


Livanın cənubuna hücum üçün siyasi zəmin hazırladığı bildirilən İsrail hökuməti, "şimaldan təxliyə edilən vətəndaşlarının evlərinə qayıtmasını" müharibənin yeni hədəfi olaraq təyin etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail ordusu ilə Hizbullah arasında qarşıdurmalar 8 oktyabr 2023-cü ildən davam edir. İsrail baş nazirliyindən verilən açıqlamada bildirilib ki, dünən keçirilən Təhlükəsizlik Kabinetinin iclasında təxminən bir ildir Qəzza zolağına hücumlarını davam etdirən İsrail "şimaldakı vətəndaşlarının geri qaytarılmasını" əlavə edib.

Dünən gecə saatlarına qədər davam edən Təhlükəsizlik Kabinetinin iclasından sonra verilən açıqlamada İsrailin “bu məqsədə çatmaq üçün hərəkətə keçməyə davam edəcəyi” bildirilib.

Livanın cənubunda Hizbullah ilə İsrail arasında gərginliyi daha da artıracağı dəqiq olan açıqlama ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynin Livan sərhədində mümkün böyük gərginliyin qarşısını almaq üçün İsrailə səfəri zamanı verilib.

Dünən Hochstein ilə görüşən baş nazir Benyamin Netanyahu, "təhlükəsizlik vəziyyətində köklü dəyişiklik olmadan" İsrailin şimalından təxliyə edilən 60 min vətəndaşın evlərinə qayıtmasına icazə verilməsinin mümkün olmayacağını bildirib.

İsrailin müdafiə naziri Yoav Gallant Hochstein ilə görüşündə bildirib ki, raketlər və pilotsuz uçuş aparatları İsrailin şimalına zərbələr endirməkdə davam edərkən, təxliyə edilən İsrail vətəndaşlarının evlərinə qayıtması yalnız Hizbullaha qarşı hərbi əməliyyatlarla mümkün ola bilər.

İsrail rəsmiləri son vaxtlar ordunun Qəzzada “məqsədlərinə çatmağa yaxın” olduğu və diqqətin Livana yönəlməyə başladığı barədə tez-tez bəyanatlar verirlər.

Sentyabrın 10-da Livan sərhədindəki qoşunları ziyarət edən Gallant vurğulamışdır ki, İsrail qüvvələri Livana mümkün quru hücumu ilə bağlı verilən tapşırıqları yerinə yetirməyə hazır olmalıdır.

İsrailin Qəzza zolağına hücumlarının əvvəlində Benyamin Netanyahu hökuməti üç hədəf müəyyən etmişdi. Bu hədəflər HƏMAS-ın məhv edilməsi, Qəzzada israilli məhbusların xilas edilərək ölkəyə qaytarılması və Qəzzanın gələcəkdə İsrail üçün təhlükə yaratmamasını təmin etmək kimi sıralanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ