Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ABŞ-da keçiriləcək ara seçkilər ərəfəsində hücumlarını gücləndirəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski İspaniya mediasına müsahibəsində Moskvanın noyabrın 3-də ABŞ-da keçiriləcək ara seçkilər yaxınlaşdıqca gərginliyi qəsdən artıracağını deyib.
Ukrayna liderinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Qərbin sanksiyalarından qorxmadığını nümayiş etdirmək, Ukraynada xaos yaratmaq və Qərbə mesaj göndərmək məqsədilə hücumların intensivliyini artıracaq.
“Putin seçki tarixi yaxınlaşdıqca güclü olduğunu, avropalılardan qorxmadığını göstərmək və əlbəttə ki, bütün ABŞ-a mesaj göndərmək üçün hücumlarını gücləndirəcək”, - Zelenski bildirib.
Zelenski ABŞ tərəfini qarşıdan gələn seçki prosesi zamanı Ukraynada mülki əhaliyə qarşı hücumların artacağı barədə xəbərdar etdiyini də qeyd edib. O, Rusiyanın əsas məqsədinin “Ukraynanı xaosa salmaq” olduğunu vurğulayıb.
Ukrayna Prezidenti Rusiya qüvvələrinin hər gün ölkəsinə yüzlərlə dron göndərdiyini və gecə-gündüz hücumlar həyata keçirdiyini bildirib.
“Onlar ukraynalıların, xüsusən də paytaxt sakinlərinin Kiyevi tərk etməsini istəyirlər”, - Zelenski deyib.
Aytən Yaşar/ Turkustan.az