Fransada müəllim çatışmazlığı, siniflərin həddindən artıq dolu olması, məktəblərdə şəraitin pisləşməsi və təhsil büdcəsi ilə bağlı orta məktəb şagirdlərinin etirazları ölkə üzrə davam edir.
Turkustan.az xəbər verir ki, bəzi şəhərlərdə nümayişlər polislə toqquşmalara çevrilib. Etirazlar fonunda təxminən 5 min nəfərin saxlanıldığı, 400-ə yaxın orta məktəbdə isə dərslərin dayandırıldığı bildirilir.
Ötən ay Parisdə başlayan və daha sonra ölkənin digər şəhərlərinə yayılan etirazlarda şagirdlər müəllim və digər işçilərin çatışmazlığının aradan qaldırılmasını, siniflərdə şagird sayının azaldılmasını və məktəb binalarındakı şəraitin yaxşılaşdırılmasını tələb edirlər.
Fransa mediasının məlumatına görə, Strasburqda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Marseldə nümayişçilər polisə fişəng atıb, Renn şəhərində isə zibil konteynerləri yandırılıb.
Paris yaxınlığındakı Pantin şəhərində də etirazçılarla iğtişaş polisi arasında toqquşmalar baş verib.
Fransanın daxili işlər naziri Loran Nunyes bazar ertəsindən etibarən əksəriyyəti gənclər olmaqla təxminən 5 min nəfərin saxlanıldığını açıqlayıb.
Etirazlar səbəbindən cümə günü ölkə üzrə təxminən 400 orta məktəbdə dərslərin dayandırıldığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az