Bermudadan Bostona uçan və göyərtəsində altı nəfərin olduğu özəl təyyarə Atlantik okeanı üzərində yoxa çıxıb.
Turkustan.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi və Federal Aviasiya Administrasiyası (FAA) təyyarə ilə əlaqənin kəsilməsindən sonra axtarış əməliyyatına başlayıb.
Məlumata görə, Gulfstream G100 tipli təyyarənin axtarışları Massaçusets ştatının Nantucket sahillərində hava və dəniz vasitələri ilə aparılır. ABŞ Sahil Mühafizəsinin Şimal-Şərq Bölgəsi axtarış ərazisinin Nantucket sahillərində yerləşdiyini bildirib.
Bermudadan Bostona uçan təyyarə planlaşdırılan eniş vaxtından əvvəl FAA ilə əlaqəni itirib.
FlightAware məlumatına görə, təyyarə Bermuda Beynəlxalq Hava Limanından ABŞ-ın Şərq vaxtı ilə saat 23:41-də havaya qalxıb. Təyyarənin Bostona saat 01:25-də enməsi planlaşdırılıb.
Aytən Yaşar/ Turkustan.az