Rusiya Xarkovu bombaladı: 5 ölü, 49 yaralı


Rusiya qoşunlarının son 24 saat ərzində Xarkov şəhəri və vilayətdəki 13 yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində 5 nəfər həlak olub, 49 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Xarkov şəhərində 66 və 80 yaşlı iki qadın həlak olub. Hücumlar nəticəsində, üçü uşaq olmaqla, 42 nəfər yaralanıb.

Kupyansk rayonunun Şevçenko şəhərində 74 yaşlı kişi yaralanıb, iki qadında kəskin stress reaksiyası qeydə alınıb.

Zoloçiv və Derhaçiv icmalarına hücumlar nəticəsində daha 3 nəfər həlak olub. Skovorodinivka yaxınlığındakı tarlada 50 yaşlı kişi, Dovjik və Mironivka arasındakı yolda 66 yaşlı kişi, Ruska Lozovada isə 75 yaşlı kişi həyatını itirib.

Ruska Lozova yaxınlığında 44 yaşlı kişi də yaralanıb. Daha 3 nəfər - 42 yaşlı qadın, 17 yaşlı qız və 15 yaşlı oğlanda kəskin stress reaksiyası qeydə alınıb.

Rusiya qüvvələri bölgəyə 6 idarə olunan aviasiya bombası, “Lancet” və “Molniya” tipli dronlar, FPV dronları və digər pilotsuz uçuş aparatları ilə hücum edib.

Xarkov şəhərində 23 fərdi yaşayış evi, bir təhsil müəssisəsi, ofis binası, 7 avtomobil və elektrik xətləri zədələnib.

Bölgənin Boqoduxiv, Kupyansk, İzyum, Xarkov və Çuhuyev rayonlarında da dağıntılar qeydə alınıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ