ABŞ Maliyyə Nazirliyi ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun Ukraynanın enerji və kritik mineral sektorlarına yeni investisiyaları təsdiqlədiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirliyin bəyanatında bildirilib ki, investisiyalar kritik təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsinə, Ukraynanın enerji dayanıqlığının gücləndirilməsinə və ölkənin mədən sektorunun inkişafına töhfə verəcək.
Bəyanatda Ukraynanın BGV Group Management şirkəti ilə birgə investisiya platformasının yaradıldığı da açıqlanıb. Platformanın Ukrayna ərazisində ilkin mərhələdə olan mədən layihələrindən ibarət şaxələndirilmiş portfel formalaşdıracağı və ölkənin kritik mineral sektorunun inkişafını dəstəkləyəcəyi qeyd olunub.
Bildirilir ki, platforma ilkin mərhələdə nadir torpaq elementləri, uran, berilyum və sirkonium yataqlarına diqqət yetirəcək.
Platformanın məqsədləri arasında Ukraynanın kritik mineral istehsalını əhəmiyyətli dərəcədə artırmaq, yeni iş yerləri yaratmaq, həmçinin ABŞ və Ukrayna şirkətləri ilə beynəlxalq investorlar üçün yeni investisiya imkanları formalaşdırmaq yer alır.
Aytən Yaşar/ Turkustan.az