Şimali Koreya hərbi təlimlər çərçivəsində süni intellektlə işləyən orta mənzilli raket buraxdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, KCNA-nın məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı, həmçinin ölkəni idarə edən Koreya Əmək Partiyasının (KƏP) Ümumi İşlər Departamentinin rəhbəri Kim Yo-conq buraxılan raketlə bağlı yazılı açıqlama yayıb.
Kim Yo-conq bildirib ki, səhər saatlarında Şərq dənizinə (Yaponiya dənizi) doğru strateji silah buraxılışı təlimi keçirilib. Təlim zamanı orta mənzilli raketdən istifadə edildiyi qeyd olunub.
Onun sözlərinə görə, raket “düşmən hədəfləri” tərəfindən izlənilmədən aşağı hündürlükdə uçuş trayektoriyasını dəyişmək imkanına malikdir. Həmçinin raketə süni intellekt texnologiyasının inteqrasiya edildiyi bildirilib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi isə Şimali Koreyadan buraxılan raketin Şərq dənizinə düşməzdən əvvəl təxminən 700 kilometr məsafə qət etdiyini açıqlayıb.
Bəyanatda Cənubi Koreya və ABŞ kəşfiyyat orqanlarının raket buraxılışını ilkin mərhələdən izlədiyi və müvafiq məlumatları paylaşdığı bildirilib.
Cənubi Koreya Prezidenti Li Ce Myonq oktyabrın 1-də Şimali Koreya ilə hərbi gərginliyin azaldılması və iki ölkə arasında etimadın yaradılması istiqamətində konkret addımlar atmağa davam edəcəklərini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az