Mənzil böhranı İspaniyanı erkən seçkilərə aparır


İspaniyada 87 yaşlı Marikarmen Abaskalın 70 il yaşadığı evdən çıxarılması ilə gündəmə gələn mənzil böhranının həlli üçün hökumətin hazırladığı tədbirlər parlamentdə rədd edilib.

Turkustan.az xəbər verir ki, İspaniya Nazirlər Şurasının sentyabrın 29-da qəbul etdiyi iki fərman parlamentdə müxalifətdə olan Xalq Partiyası (PP), Vox və Kataloniyanın Junts partiyasının səsləri ilə bloklanıb.

350 yerlik parlamentdə ilk fərmanın əleyhinə 178, lehinə isə 172 deputat səs verib. İkinci fərman isə 184 səsə qarşı 166 səslə rədd edilib.

Hökumətin hazırladığı ilk fərman 2028-ci il dekabrın 31-dək müddəti başa çatan icarə müqavilələrinin iki il müddətinə uzadılmasını və həssas vəziyyətdə olan şəxslərin məcburi evdən çıxarılmasına qarşı müdafiənin 2030-cu ilədək uzadılmasını nəzərdə tuturdu. İkinci fərmanda isə yaşayış evləri üzrə icarə müqavilələrinin avtomatik yenilənməsi və kirayə artımlarının məhdudlaşdırılması ilə bağlı tədbirlər yer alırdı.

Junts partiyasının da hökumətin təşəbbüslərinə dəstək verməməsi Baş nazir Pedro Sançezin azlıq hökumətinin parlamentdəki vəziyyətini daha da çətinləşdirib. Partiya daha əvvəl hökumətin mənzil siyasəti ilə bağlı təkliflərinə etiraz edib.

Parlamentdəki məğlubiyyətdən sonra Sançez hökumətinin qarşısında növbədənkənar seçki ehtimalı ilə bağlı siyasi təzyiq artıb. İspaniya mediasında mümkün seçki tarixləri müzakirə olunur. Bununla belə, hökumətin qarşıdakı mərhələdə yeni razılaşmalar axtarması da mümkün variant kimi nəzərdən keçirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ