Paşinyan: Orada ermənilər yaşasalar da, Azərbaycana məxsusdur


“Mən “Tiqranaşen” yox, Kərki haqqında danışmışam. Seçkiqabağı dövrdə də anklavlar barədə danışmışam, bu, yeni bir şey deyil”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.

“Biz artıq bəyan etmişik ki, Ermənistan Respublikasının ərazisi 29 743 kvadrat kilometrdir. Kərki və digər anklavlar heç vaxt bu hesablamaya daxil edilməyib”, - Baş nazir bildirib..

Paşinyan Kərkidə ermənilərin (qanunsuz olaraq) yaşamasına baxmayaraq, Ermənistan ərazisi olmadığını vurğulayıb:

“Burada ən vacib məqam ondan ibarətdir ki, mən bu məsələ ətrafında gərginliyin sıfırlanacağını gözləyirəm. Xarici aləmə də aydın olacaq ki, bu məsələ ətrafında heç bir gərginlik yoxdur və məsələ mümkün olan ən yaxşı variantla həll ediləcək”.

Paşinyan qeyd edib ki, bu mövzu ətrafında danışarkən Ermənistanın maraqlarına zidd mövqe nümayiş etdirmir, əksinə, Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərir:

“Mən bu problemi qismən həll olunmuş hesab edirəm. Çünki jurnalistlər və müxalifət necə düşünür, bilmirəm, amma Ermənistan ictimaiyyəti mənim mesajımı qəbul edib və artıq Ermənistanda bu məsələ ətrafında gərginlik yoxdur”.

Xatırladaq ki, ermənilər Azərbaycana məxsus Kərki kəndini “Tiqranaşen” adlandırırlar. Paşinyan bundan əvvəl Kərki ilə yanaşı, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin də Azərbaycana məxsus olduğunu etiraf edib. Amma o, adını çəkməsə də Ermənistan ərazisində yerləşən Sofulu da Azərbaycana qaytarılmalı olan anklavlara daxildir./teleqraf


MANŞET XƏBƏRLƏRİ