Elnarə Akimova: “Bu etimadı böyük məsuliyyət kimi qəbul edirəm”


“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının İdarə Heyətində ikinci dəfə təmsil olunmaq mənim üçün ciddi məsuliyyətdir”.
Bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova YAP-ın VIII Qurultayında partiyanın İdarə Heyətinə yenidən üzv seçilməsi ilə bağlı açıqlamasında bildirib.
E.Akimova qeyd edib ki, ona göstərilən bu etimadı böyük minnətdarlıq hissi ilə qarşılayır:
“Bu etimada görə partiyamızın sədri, möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu etimadı yalnız bir vəzifə kimi deyil, dövlətçiliyimizə və xalqımıza xidmət yolunda üzərimə düşən məsuliyyətin ifadəsi kimi qəbul edirəm”.
Deputat vurğulayıb ki, VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni tarixi mərhələyə təsadüf edir.
Onun sözlərinə görə, Zəfərdən sonra qarşıda duran əsas vəzifələr əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, ölkənin inkişafını davam etdirmək və yeni dövrün çağırışlarına cavab verən fəaliyyət ortaya qoymaqdır.
“İdarə Heyətinin üzvü kimi bundan sonra da mənə göstərilən etimada layiq olmağa, dövlətçiliyimizin möhkəmləndirilməsinə, milli maraqlarımızın qorunmasına və ölkəmizin inkişafına töhfə verməyə çalışacağam”, – deyə E.Akimova fikrini tamamlayıb.


MANŞET XƏBƏRLƏRİ