“İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir”.
Turkustan.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev bu gün Yeni Azərbaycan Partiyasının qurultayında söyləyib.
Dövlət başçısı bildirib ki, dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq: “Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına… Biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir. Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır.
Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”.
Turkustan.az