Salam verdim alana, hörmət, izzət qananana


Ötən gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İrana rəsmi səfər edib və səfər çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Möhsün Rezayi ilə görüşüb.

Ancaq bu görüşdə bir əndrabədilik diqqət çəkdi. Yox, əndrabədilik görüşün özündə deyil, Rezayinin Şahin Mustafayevlə salamlaşma tərzində idi. Bəlkə də deyəcəksiniz ki, salamlaşmanın nəyinə bu qədər məna yükləmək olar? Amma diplomatiyada bəzən bir cümlədən çox bir jest danışır. Xüsusilə də söhbət Azərbaycan-İran münasibətləri kimi həssas və mürəkkəb münasibətlərdən gedirsə.

Biz qonaq qarşılayanda onu necə qarşılayırıq? Əlini sıxır, bağrımıza basır, halını soruşur, hörmət göstərir, yola salanda da xoş sözümüzü əsirgəmirik. Çünki qonaqpərvərlik bizim üçün sadəcə ənənə deyil, mədəniyyət məsələsidir. Rezayinin isə Şahin Mustafayevin əlini normal şəkildə sıxmaq əvəzinə barmaqlarını sıxması sanki güc nümayişi və narazılıq əlaməti, eyni zamanda hansısa mesaj vermək cəhdi təsiri bağışlayır. Üstəlik, bu görüntü BMT-də baş verən son hadisənin gündəmdə olduğu bir vaxta təsadüf edir. Rezayi bu hərəkəti ilə, özlüyündə, yəqin ki, etirazını ifadə etdi.

Azərbaycan dəfələrlə nümayiş etdirib ki, qonşuları ilə münasibətlərdə qarşıdurma deyil, normal və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin tərəfdarıdır. İranla da münasibətlərdə əsas gözlənti məhz budur. Çünki söhbət təkcə iki qonşu dövlətdən getmir. Sərhədlərimizin o tayında milyonlarla azərbaycanlı yaşayır və bu coğrafi, tarixi və insani reallıq münasibətlərə xüsusi həssaslıq gətirir. Biz İsrailə dəstək nümayiş etdirməmişik, İrana qarşı düşmən mövqedə dayanmamışıq. Azərbaycan öz milli maraqlarını qoruyur və hansı tərəfin yanında, hansı məsələdə necə mövqe tutacağını özü müəyyən edir. Başqa dövlətlərin də bunu anlayışla qarşılaması və Azərbaycanın suveren seçimlərinə hörmət etməsi vacibdir.

Əslində, Rezayinin bu hərəkəti bizə heç təsir də etməməlidir. Çünki onun erməni sevgisi hər kəsə bəllidir. Bizim üçün önəmli olan Prezident Məsud Pezeşkianın Azərbaycanla bağlı mesajları, azərbaycanlı kimliyini və Azərbaycana bağlılığını açıq şəkildə ifadə etməsidir. Onun münasibətində ən azı yaxınlıq və səmimiyyət mesajı görmək mümkündür.

Və sonda, cənab Rezayi, bilirik ki, Şahin Mustafayevin yerində Tiqran Xaçatryan olsaydı, onu öpüb alnınıza qoyardınız. Amma unutmayın: Azərbaycan da kimə necə münasibət göstəriləcəyini çox yaxşı bilir. Çünki diplomatiyada hörmət birtərəfli olmur — qarşılıqlı şəkildə qurulur. Bir də ki, bir azərbaycanlı kişinin əlini sıxmaq üçün bir az cəsarət lazımdır. Görünür, sənin cəsarətin ancaq barmaq sıxmağa çatır!

Aytən Yaşar


MANŞET XƏBƏRLƏRİ