Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətindəki siyasəti ilə bağlı fikirlər səsləndirib.
Turkustan.az xəbər verir ki, Lukaşenko Ermənistanın Aİ bazarına çıxacağı təqdirdə ölkənin əsas ixrac məhsullarını, o cümlədən konyak, meyvə-tərəvəz məhsullarını hansı həcmdə sata biləcəyini düşünməli olduğunu bildirib.
Belarus lideri bu barədə Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə danışıb.
“Avropa İttifaqına getmək qərarına gəlmisənsə, hara tələsirsən? Konyakını, tərəvəz və meyvələrini kim alacaq, hansı həcmdə alacaq - bunu dəqiq müəyyən etmisənmi?” - deyə Lukaşenko bildirib.
O, Ermənistanın hazırda Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarında satdığı məhsulların həcmini Aİ bazarında əvəz edə bilib-bilməyəcəyini də nəzərdən keçirməli olduğunu vurğulayıb.
Lukaşenko həmçinin qeyd edib ki, əgər Ermənistan Aİ ölkələrinin, o cümlədən Fransanın öz məhsullarını alacağına əmindirsə, bu istiqamətdə hərəkət edə bilər.
“Amma niyə tələsirsən? Niyə arabanı atın önünə qoşursan?” - Belarus prezidenti əlavə edib./publika.az