Fransada tələbələrin etirazı toqquşmalara çevrildi


Fransada müəllim çatışmazlığı və köhnə məktəb binalarına qarşı keçirilən şagird etirazları bəzi bölgələrdə zorakılıqla müşayiət olunub. Etirazlar fonunda ölkə üzrə təxminən 400 məktəbdə dərslər dayandırılıb.

Turkustan.az xəbər verir ki, təhsildəki problemlərə etiraz edən şagirdlərin aksiyaları bəzi ərazilərdə toqquşmalara çevrilib. Etirazlar zamanı onlarla şəxsin xəsarət aldığı, əsasən şagirdlər olmaqla, təxminən 2 min nəfərin saxlanıldığı bildirilir.

Müəllim çatışmazlığı və köhnəlmiş məktəb binalarına qarşı etirazlar ötən ay Paris bölgəsində başlayıb. Daha sonra aksiyalar ölkənin digər ərazilərinə də yayılıb və bəzi yerlərdə zorakılıqla nəticələnib. Polis yüzlərlə şəxsi saxlayıb.

Fransanın ədliyyə naziri Jerald Darmanen bildirib ki, etirazlarda “fəal və zorakı azlıq” iştirak edir. Onun sözlərinə görə, saxlanılan şəxslərin həqiqətən orta məktəb şagirdləri olub-olmadığı ilə bağlı da suallar var.

Darmanen etirazların başlanmasından bu yana ümumilikdə təxminən 2 min nəfərin saxlanıldığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ