ABŞ-ın nüfuzlu “Los Angeles Times” nəşrində yayımlanan turizm reklamı ciddi etirazlara səbəb olub.
Turkustan.az xəbər verir ki, İsrail Turizm Nazirliyinin maliyyələşdirdiyi reklamda Aralıq dənizindən İordan çayına qədər uzanan ərazi bütövlükdə İsrail torpağı kimi göstərilib.
Xəritədə Fələstin əraziləri, o cümlədən Qəzza, İordan çayının qərb sahili və Qolan təpələri ayrıca göstərilməyib. Sosial media istifadəçiləri qəzetin Fələstin ərazilərini xəritədən silməklə İsrailin işğalına haqq qazandırdığını bildiriblər.
Etirazlardan sonra qəzetin müxbiri Ceyms Kelli açıqlama verərək reklamın redaksiya heyətindən asılı olmadığını vurğulayıb. O, reklamı hazırlayan “LA Times Studios”-un qəzet sahibinin idarə etdiyi və jurnalistika fəaliyyəti ilə əlaqəsi olmayan ayrıca şirkət olduğunu bildirib.
Məlumata görə, xəritə beynəlxalq hüquq baxımından da mübahisəlidir. Belə ki, BMT Təhlükəsizlik Şurasının 2016-cı il qətnaməsində İsrailin Fələstin ərazilərində məskunlaşma fəaliyyətlərinin qanunsuz olduğu vurğulanıb. Beynəlxalq Ədalət Məhkəməsi isə 2024-cü ilin iyulunda İsrailin işğalının hüquqa zidd olduğu qənaətinə gəlib./publika.az
