Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya qarşı son qərarlarını “əsl müharibənin başlanğıcı” kimi qiymətləndirib və Berlinin yenidən müharibə istədiyini iddia edib.
Turkustan.az xəbər verir ki, Lavrov Rusiyanın Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına (VGTRK) müsahibəsində Almaniya-Rusiya münasibətlərindəki son gərginliyi şərh edib.
O, Almaniyanın ötən həftə Rusiyaya qarşı bir sıra tədbirlər gördüyünü xatırladıb. Bu qərarlara Leypsiq-Halle hava limanında PUA insidenti ilə əlaqədar Rusiyanın Bonndakı Baş Konsulluğunun bağlanması və Berlindəki “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi də daxildir.
Lavrov bildirib ki, Almaniya hava limanında aşkar edilən PUA-nın Rusiyaya məxsus olduğunu açıqlayıb, lakin onun sözlərinə görə, bu iddia lazımi şəkildə araşdırılmayıb.
“Onlar bir PUA tapdılar və onun Rusiyaya məxsus olduğunu bildirdilər. Heç kim həqiqəti araşdırmadı. Bu, əslində, əsl müharibənin başlanğıcıdır. Almanların İkinci Dünya müharibəsindən əvvəl də diplomatik nümayəndəliklərini bağladıqlarını xatırlayıram. Bu, tamamilə qəbuledilməzdir. Onlar yenidən müharibə istəyirlər”, – Lavrov deyib.
Berlin isə Leypsiq-Halle hava limanındakı insidentlə bağlı Rusiyanı məsuliyyətli hesab etdiyini açıqlayıb. Moskva bu ittihamları rədd edir.
Aytən Yaşar/ Turkustan.az