Sibiqadan çağırış: Ukrayna Rusiya aktivləri hesabına maliyyələşməlidir


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İsveç, Polşa, Niderland və İspaniya xarici işlər nazirlərinə dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi ilə bağlı təşəbbüslərinə görə təşəkkür edib.

Turkustan.az xəbər verir ki, Sibiqa X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Rusiya müharibəni dayandırmaqdan imtina edir və əksinə, Ukraynaya qarşı hücumları artırır. Bu səbəbdən Ukraynanın müdafiə və yenidənqurma xərcləri də artır.

Nazir hesab edir ki, Ukraynanı və Avropanı Rusiyanın təhdidindən qorumaq üçün əlavə xərclər yalnız Avropa vergi ödəyicilərinin vəsaiti hesabına deyil, dondurulmuş Rusiya aktivlərindən də istifadə edilməklə qarşılanmalıdır.

Sibiqa bildirib ki, bu məsələnin peşəkar şəkildə müzakirəsi və beynəlxalq hüquq, Avropa normaları və qanunun aliliyi prinsiplərinə uyğun real həllərin hazırlanması mümkündür.

O, həmçinin risklərin ayrı-ayrı ölkələrin üzərinə ədalətsiz yük qoyulmadan kollektiv şəkildə bölüşdürülə biləcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ