Rusiyadan Yaponiyaya: Kuril adaları Rusiyanın ərazisidir


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yaponiyanın Baş naziri Sanae Takaichinin Kuril adalarının “Yaponiyaya məxsus olduğu” barədə açıqlamalarına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Medvedev X sosial şəbəkəsində paylaşdığı açıqlamada Takaichinin Kuril adalarının “tarixən Yaponiyaya məxsus olduğu” barədə fikirlərini tənqid edib.

“İstədiyi qədər danışa bilər, amma bu, heç nəyi dəyişməyəcək. Bu adalar Rusiya ərazisi idi, Rusiya ərazisidir və Rusiya ərazisi olaraq qalacaq”, – deyə Medvedev bildirib.

O, mövcud vəziyyəti qəbul etməyənlərin “ciddi nəticələrlə üzləşəcəyini” də qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin də bu gün Yaponiya ilə mübahisəli Kuril adalarına səfər edib. Yaponiya Xarici İşlər Nazirliyi Putinin səfərinə “şiddətli etiraz” etdiyini açıqlayıb.

İkinci Dünya müharibəsinin sonunadək Yaponiyanın nəzarətində olan Kuril adaları 1945-ci ildə keçmiş Sovet İttifaqının nəzarətinə keçib. Adaların bir hissəsi üzərindəki suverenlik məsələsi Rusiya ilə Yaponiya arasında uzun illərdir davam edən mübahisənin əsas mövzularından biridir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ