Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib. Onun yerinə isə Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan təyin olunub.
Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistanın bəzi KİV-ləri Armen Qriqoryanla bağlı yeni məlumat yayıblar.
Bildirilir ki, A.Qriqoryan tezliklə Ermənistanın Böyük Britaniyadakı səfiri təyin olunacaq.
Bununla yanaşı, Nikol Paşinyanın Armen Qriqoryanı niyə “vurduğu” da erməni KİV-lərində müzakirə olunan mövzuya çevrilib.
Xatırladaq ki, Armen Qriqoryanı təsminən 8 il idi ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi postunda işləyirdi.
Armen Qriqoryan 25 dekabr 1983-cü ildə Azərbaycanın Xocavənd şəhərində anadan olub. 2001-ci ildə Xocavənddəki 2 nömrəli məktəbi bitirərək İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Daha sonra o, Qarabağ separatçılarının qondarma “ordu”sunda hərbi xidmət keçib.
2009-cu ildə Ermənistanda Amerika Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin magistraturasına daxil olub və 2011-ci ildə oranı bitirib. 2012-ci ilin martından 2013-cü ilin sentyabrına qədər Counterpart İnternational təşkilatının Ermənistandakı nümayəndəliyində vətəndaş cəmiyyəti üzrə məsul vəzifədə çalışıb. 2015-ci ilin aprelindən 2018-ci ilin may ayına qədər Antikorrupsiya Mərkəzi Transperesi İnternational ictimai təşkilatında seçkilərlə bağlı proqramların koordinatoru vəzifəsində çalışıb.
2018-ci ilin aprel-may aylarında Ermənistanda “məxməri inqilab”da iştirak edib, “Rədd olsun Serj” təşəbbüsünün üzvü olub, dəfələrlə mitinqlərdə çıxış edib. Hərəkatın digər liderləri ilə birlikdə o, mitinq yerindən zorla çıxarılıb və sonra həbs edilib. Serj Sarkisyanın istefasından sonra A.Qriqoryan həbsdən azad edilib.
2018-ci ilin may ayında baş nazir Nikol Paşinyanın fərmanı ilə o, Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi təyin edilib. A.Qriqoryan Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının üzvüdür.